İlham İsmayılov: “Azərbaycanın bütövlüyünə nail olmaq hər birimizin məqsədi olmalıdır"


Bir neçə gün öncə Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə keçirilən video-konfransda Mühacir Qərbi Azərbaycan Respublikasının yaradılması ilə bağlı qərar qəbul olunub. Türkiyənin Ərciyəz Universitetinin professoru olan, ermənişünas alim Qafar Çaxmaqlının sədrliyi ilə Təşəbbüs Qrupu yaranıb, tarixi Azərbaycan torpaqları İrəvan mahalının və ətraf ərazilərin ermənilərə güzəştə gedilməsi ilə bağlı olan tarixi qərarların etibarsız sayılmasına çalışılacağı bildirilib.  

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bu təşəbbüsü alqışlayaraq, bildirib ki, neçə illərdir Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı Ermənistana əsas təsir vasitələrindən biri olan bu fakt təəssüf ki, kölgədə qalıb: “Əvvala, tarixə nəzər salsaq görərik ki, Ermənistanın tarixi Azərbaycan torpağı olan İrəvan mahalında yaradılmasına bir şərtlə icazə verilib ki, ermənilər digər ərazilərimiz olan Zəngəzur, Göyçə, Dərələyəz, Dağlıq Qarabağ torpaqlarına olan iddialarından əl çəksin. Lakin bu gün həmin torpaqların əksəriyyəti, hətta Dağlıq Qarabağın ətrafında olan rayonlarımız da Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır.

Belə olan təqdirdə İrəvanın ermənilərə güzəştə gedilməsi ilə bağlı tarixi səhvimizi düzəltməyə cəhd edib, tarixi ədalətsizliyi bərpa etməyə çalışmalıyıq. Bunun üçün beynəlxalq hüququn bizə verə biləcəyi üstünlükləri ciddi şəkildə araşdırmalı, bu tarixi faktları gündəmdə tutmaqla Ermənistanın qondarma bir dövlət olduğunu, Azərbaycan torpaqlarını işğal  nəticəsində yaranıb, bu işğalı hələ də davam etdirdiyini təbliğ etməliyik.

Bu gün ermənilər beynəlxalq müstəvidə Dağlıq Qarabağda öz müqəddaratlarını təyinetmə haqqından danışırlar. Lakin bu haqq tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycandan didərgin salınan yüz minlərlə soydaşımızın əlindən alınan təbii haqlarıdır ki, onlar nəinki öz müqədaratlarını düşünə biliblər, hətta ermənilər tərəfindən ağır işgəncələrə, soyqırımlara belə məruz qalıblar”.

İlham İsmayılov qeyd edib ki, Mühacir Qərbi Azərbaycan Respublikasının yaradılması, onun beynəlxalq səviyyədə tanınması üçün əsas olan siyasi iradə də mövcuddur:

“Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında hər zaman bildirir ki, azərbaycanlılar yalnız Dağlıq Qarabağdan deyil, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıb, deportasiya edilibdir. Xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yenidən yaşayacaqlar, yaşamalıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparmalıyıq. Hesab edirəm ki, Azərbaycan prezidentinin açıq şəkildə söylədiyi bu fikirlər hər bir azərbaycanlı üçün başlıca hədəf olmalıdır, hər birimiz öz fəaliyyətimizi bu istəyin reallaşmasına, tarixi ədalətsizliyin bərpa olunmasına çalışmalıyıq”.

ATXƏM sədri erməni təcavüzünə qarşı mübarizənin real yolundan da danışaraq, bildirib ki, bu mübarizə tariximizin tam ciddiyyətlə öyrənilməsindən və gənc nəslin bu həqiqətlər müstəvisində tərbiyələndirilməsindən keçir:

“Azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qoyulması təkzibi mümkünsüz tarixi reallıqdır və bu bəşəri cinayətlərin tarixi bəzi ədəbiyyatlarda israr olunduğu kimi son bir əsrin çərçivəsi ilə məhdudlaşmayaraq, azı iki yüz yetmiş illik bir tarixi əhatə edir.Bu gün təkcə Qərbi Azərbaycan torpaqları deyil, Cənubi Azərbaycan torpaqları, Dərbənd, Borçalı kimi tarixi torpaqlarımızla da sərhədlərlə bölünməyimiz tariximizin acı gerçəklikləri, bölünməyimizin bir sübutudur. Bu gün bizdən Dağlıq Qarabağı yenidən ermənilərə güzəştə getməyimizi istəyirlər. Güzəştə getsək, sabah güzəşti istənən Naxçıvan və digər torpaqlarımız ola bilər. Ona görə də bizim torpaqlarımızı itirməklə bağlı bütün güzəşt  limitimiz bitib, daha heç bir ərazimizi itirməyə əsla icazə verə bilmərik. Əksinə bir xalq olaraq, itirilmiş tarixi torpaqlarımızın bərpa olunması üçün mücadiləmizi davam etdirməliyik. Ona görə də Mühacir Qərbi Azərbaycan Respublikası hər birimizin dəstək verəcəyi bir qurum olmalıdır. Tarixi torpaqlarımızı əldə etmək üçün isə hər zaman hücum diplomatiyasından yararlanmalıyıq. Bu mühacir Respublikanın yaranması həm də bizim hücum diplomatiyamızın əsaslarından biridir”.