Lalə Mehralı: "Həm yaş müddəti, həm də pensiya həcmi müzakirə edilməlidir"
Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir. Bu təkliflə deputat Əli Məsimli parlamentin ötən gün keçirilən iclasında çıxış edib. Ə.Məsimli bildirib ki, orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə kişilərin pensiya yaşı 63, qadınların pensiya yaşı isə 60-dır: “Azərbaycanda da pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır”, - deyə Ə.Məsimli bildirib.
Qeyd edək ki, iyulun 1-i 2021-ci il tarixindən 30 iyun 2022-ci ilədək kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.
Millət vəkili Əli Məsimlinin təklifinə münasibət bildirən sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında bildirib ki, o, bu təklifi yüksək dəyərləndirir. Sosioloq qeyd edib ki, insanlar pensiya yaşına çatana qədər ya xəstəlikdən, ya da digər səbəblərdən dünyasını dəyişir:
“Azərbaycanda əksər insanlar pensiya yaşını görmür. Xüsusilə də kişilərin 65 yaşda pensiyaya çıxma məsələsi o qədər də yaxşı hal deyil. Yaşa görə insanların işə qəbul edilməməsi, üstəlik də işləyə bilməyən insanların pensiyaya çıxa bilməməsi məsələsi bir qədər qarışıqlıq yaradır. Bu da onların güzəranına və sosial həyatına mənfir təsir edir. Buna görə də insanların daha erkən yaşda pensiyaya çıxması daha məqsədəuyğundur”.
Sosioloq qeyd edib ki, bu gün ölkəmizdə pensiyaların məbləği də ürəkaçan səviyyədə deyil:
“30 il dövlətə xidmət edən müəllimin pensiyası niyə 200 manat olmalıdır? Bu məbləğlə 60 yaşında olan müəllim necə yaşamalıdır? Məncə, həm yaş müddəti, həm də pensiya həcmi müzakirə edilməlidir”.