"Qorbaçov ermənilərin əlində oyuncaqdır"

İsmayıl Şıxlı: "Bakı işğalçıları cinayətlərinin izini itirmək üçün yalan və fırıldaqla məşğul olur"

1990-cı ilin qanlı 20 Yanvar hadisələri, Azərbaycan xalqının Sovet İmperiyasının işğalçılıq siyasətinə qarşı mübarizəsi şərəfli bir tarixdir. Şərəf tarixini xalqla birgə Azərbaycan ziyalıları yazıb. Qanlı şənbə günündən sonra Azərbaycan Ali Sovetinin bir qrup deputatı bir araya gələrək insanların günahsız qətlinə etiraz edib, öz mövqelərini ortaya qoyublar. Belə ziyalılardan biri də Xalq yazıçısı İsmayıl Şıxlı idi. İ.Şıxlının həmin gün səsləndirdiyi fikirləri "Şərq"in oxucularına çatdırırıq.
"Mən Böyük Vətən müharibəsinin iştirakçısıyam. Çox dəhşətlər, qanlı səhnələr görmüşəm. Müharibələrə, yatırılmış üsyanlara dair çoxlu kitablar oxumuşam. Lakin heç yerdə, heç zaman bu cür qanlı, vəhşi hərəkətə rast gəlməmişəm. Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmayıb.

Bütün bu işlərə "qanlı perestroykanın" başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər.
Azərbaycan xalqı öz torpağını qoruyur. Lakin iki ildir onun dincliyi əlindən alınıb. "Böyük Ermənistan" yaratmaq xülyasına düşən ermənilər Katalikos Vazgenin, xarici daşnakların, Moskvaya toplaşan partbiletli millətçilərin başçılığı və Qorbaçovun himayədarlığı ilə milli qırğın törədirlər. Ermənistanda muzdlu qoşun saxlanılır, Livandan, İsraildən və başqa yerlərdən terrorçular gətirilib, həmin başkəsənlər, raketlər, minamyotlar və başqa müasir silahlarla silahlandırılır. Dağlıq Qarabağda və Azərbaycanın başqa regionlarında qırğınlar törədilir, 250 minə yaxın azərbaycanlı didərgin düşüb, Qorbaçov narahat olmur, Tacikistanda zəlzələ olur, vecinə almır. Çernobıl faciəsi baş verir,  tükü ürpənmir, amma bir erməninin burnu qanayanda "Mnoqostradalnıy armyanskiy narod"- deyə göz yaşı axıdır. Heç bilmək istəmir ki, onlar "mnoqostradalnıy armyanskiy narod" yox, "mnoqoskandalnıy armyanskiy naroddur". Qorbaçov isə onların əlində oyuncaqdır. Şahnazarovların aqanbekyanların, balayanların, qdılyanların, sitaryanların dedikləri ilə oturub-durur. Belə olmasa idi o, Dağlıq Qarabağda və Ermənistanda sovet hökumətini bərpa etmək əvəzinə Bakıya qoşun yeritməzdi.

Yoldaşlar, Bakıda baş verən hadisələr əvvəlcədən düşünülüb hazırlanan hadisələrdir, ermənilərin göstərişi və fitvası ilə hazırlanıb. General Yazov nə üçün səfərbərlik elan etdi? Məgər Bakıda alınmaz qala və ya təpədən-dırnağa qədər silahlanmış ordu vardı? Nə üçün general Yazov səfərbərliyi Rostov, Stavropol və Krasnodar vilayətlərində elan etdi? Sibirdə, Ukraynada edə bilməzdimi? Generallar və onların ağaları nə qədər gizlətsələr də, xoruzun quyruğu görünür. Onlar həmin vilayətlərdə məhz erməniləri səfərbərliyə aldılar, əsgər paltarı geyindirib Bakınnı üstünə göndərdilər və dinc əhalini vəhşicəsinə qırdırdılar. Bu xalis genosid deyil bəs nədir? Əsgər paltarlarında ermənilərin - başkəsənlərin əli ilə işlərini gördükdən sonra onlara təşəkkür elan edib dərhal evlərinə göndərdilər. Azərbaycan televiziyasını partlatsanız da, verilişləri qadağan etsəniz də, dunya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır. Mən təklif edirəm: Bakını ələ keçirib dinc əhalini qırmaqda böyük sərkərdəlik məharəti göstərdiyinə görə general Yazova Marşal adı verilsin və "Qələbə ordeni" ilə təltif olunsun. Qoy bəşəriyyətə Suvorov, Kutuzov, Jukov kimi böyük sərkərdələr verən rus xalqı öz oğlu Yazovla da fəxr etsin.

Moskva mətbuatı və başqa kütləvi informasiya vasitələri yenə də yalan danışır. Bakı işğalçıları da cinayətlərinin izini itirmək üçün yalan və fırıldaqla məşğul olur. Ölənlərin sayını səksəndən yuxarı çıxartmırlar. Mənim əlimdə şəkillər var. Semaşko xəstəxanasındakı morqda çəkilib. Qollarında nömrələri var. "312", "332". Bu təkcə bir xəstəxanada, bir gündə ölənlərdir. İndi özünüz hesablayın, görün neçə min adam qırılıb?! Bakını qəsd edən generallar ölüləri gizlətməklə, gəmilərə doldurub Narginə və başqa yerlərə aparmaqla ikinci cinayət törədirlər. Gözü yaşlı valideynlərə, ölülərin ruhuna hörmətsizlik edirlər.
Xalqı qırmaqla onun iradəsini sındırmaq cəhdi vəhşilikdir!

Azərb. SSR Ali Sovetinin fövqəladə sessiyasında qərar çıxarıldı ki, konstitusiyaya zidd olan Qorbaçovun özbaşınalığı və diktatorluğu nəticəsində elan edilən fövqəladə vəziyyət dərhal götürülsün. Amma mərkəzi hökumət susur, sakitlik törətmək əvəzinə günün-günorta çağı dənizdə silahsız barjlara, paromlara, gəmilərə hərbi gəmilərdən, toplardan atəş açılır. Əhsən belə əməliyyat aparan admiralların başına".
Sov.İKP artıq öz simasını itirmişdir. Don Kixot yeldəyirmanları ilə vuruşduğu kimi öz xalqı ilə vuruşur. Artıq xalqın ona etimadı yoxdur. Ona görə də kütləvi şəkildə partiyadan çıxırlar.
Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərb. KP MK üzvlüyünə namizədəm. Xalq yazıçısıyam. Deputatam. Ali Sovetin, SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə kommunist bolşeviklər partiyasına üzv olmuşam. İndi isə bu partiya öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli "SS" partiyasına çevrilib. Mən belə bir partiyanın üzvü olmaq istəmirəm.