Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür. M.Ə.Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə bu günlə bağlı “Sherg.az”a danışıb. O bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin doğum günü bütün Azərbaycan xalqı, Şərq dünyası, demokratik təfəkkürlü insanlar üçün böyük bir bayramdır:
“O sıradan bir dövlət xadimi deyil eyni zamanda böyük azadlıq ideoloqudur. Ona qədərki dövrdə Azərbaycanın min illik tarixində ayrı-ayrı dövlətlər olsa da , Azərbaycan Xalq Cümhuriyyəti olmayıb . Şərqdə ilk dəfə AXC quran məhz M.Ə.Rəsulzadə olub. Müxtəlif dövrlərdə tarixi saxtalaşdırmağa cəhd edənlər olsa da, heç kim bu gerçəyi dəyişə bilməyib. Hətta bir ara vəziyyət o dərəcəyə gəlib çatıb ki, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Nəsiman Yaqublu , Cəmil Həsənli, Aydın Balayev və başqaları yığışıb “Tarixi saxtalaşdıranlara cavab” adlı bir broşür nəşr ediblər. Bilirik ki, bir dövlətin himni,bayrağı atributları onun dəyəridir. Onları dəyişmək olmaz. Rəsulzadə də eynilə belədir. Ona toxunmaq yolverilməzdir. O xalqın dəyəridir”.
R.Rəsulzadə birinci dünya müharibəsinin davam etdiyi, ayrı-ayrı dövlətlər arasında çaxnaşmanın baş aldığı bir dönəmdə dövlətin yaranmasının böyük bir tarixi sıçrayış olduğunu vurğulayıb:
“M.Ə.Rəsulzadə və onun silahdaşları bunu bacardılar. Heç nədən dövlət, həmin dövlətin bütün strukturlarını yaratmaq onun ideologiyasını qəbul etdirmək adi bir məsələ deyildi. Hətta beynəlxalq aləmdə həmin dövləti tanıtdırmaq böyük nəaliyyətdir. O zaman millətçilik, demokratiya, müstəqillik dəyərləri çərçivəsində olduqca əhəmiyyətli işlər görülüb”.
Tanınmış rəssam AXC dövründə fəaliyyətə başlayan ilk parlamentə diqqət çəkib:
“M.Ə.Rəsulzadə və tərəfadşlarının yaratdığı Cümhuriyyətin parlamentində Azərbaycanda yaşayan bütün xalqlar -ermənilər, polyaklar və s. təmsil olunurdu. Hazırda bizim Avropa ölkələrində olduğu zənn etdiyimiz ən demokratik dəyərlər Azərbaycanda hələ o vaxt yaranıb və təbliğ olunurdu. AXC qurucuları dövlətdən heç ummadan öz həyatlarını, ailələrini, sərvətini hər şeyini dövlət naminə qurban verən şəxslər olub. O dövrün ziyalılarının böyüklüyü də məhz bunda idi”.
R.Rəsulzadə M.Ə.Rəsulzadənin nəinki Azərbaycan xalqının, ümumiyyətlə türk dövlətlərinin böyük mücahidlərindən biri olduğunu söyləyib:
“Onun irsi daha çox öyrənilməli, orta və ali məktəblərdə təbliğ olunmalıdır. Məsələyə ötəri deyil daha dərindən yanaşmaq lazımdır. Bu bizim milli ideologiyamızdır. Həmin ideologiyada türkçülük,Azərbaycançılıq , istiqlal prinsipləri və bütün dəyərlər yer alıb”.