Nəsiman Yaqublunun “Polyakların Azərbaycanda fəaliyyəti” kitabı təqdim olundu - FOTOLAR

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində tarix elmləri doktoru Nəsiman Yaqublunun Azərbaycanda yaşamış polyakların həyatından bəhsedən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabının təqdimatı olub.

   "Sherg.az" xəbər verir ki, kitabda Azərbaycanda yaşamış polyakların XIX əsrinsonu XX əsrin əvvəllərindən eft sənayesinin inkişafında xidmətləri, polyak memarların Bakı şəhərinin arxitektura sahəsində çalışmaları, habelə onların Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətləri və Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etmələri məsələlərinə nəzər salınıb.
Tədbirin moderatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, Mərkəz ötən il ərzində Azərbaycanda mövcud olan müxtəlif xalqların tariximizdə və cəmiyyətimizdə buraxdığı izlərin öyrənilməsi istiqamətində bir çox tədbirlər həyata keçirib. Bu tədbirlər çərçivəsində polyakların Azərbaycandakı fəaliyyətinə həsr edilən kitab ən önəmli layihələrdən biridir. Azərbaycanda yaşayan polyaklar ölkəmizin həyatında çox qısa müddətdə mühüm izlər qoyublar.

“Polyakların Azərbaycana köçürülmə prosesi Çar Rusiyasının siyasəti nəticəsində baş tutub. Polyak xalqının Azərbaycan xalqı ilə oxşar tarixi mövcuddur. Onlar öz azadlığı uğrunda daim mübarizə aparıb və bu mübarizə bu xalqları bir-birinə daha yaxın edib. Polyaklar Azərbaycanda yaşadıqları müddət ərzində müxtəlif istiqamətlərdə, eyni zamanda, siyasətdə, dövlət idarəçiliyində fəal rol oynayıblar. Təsadüfi deyil ki, Bakı şəhərinin tarixi binalarında polyak memarlarının izlərini görə bilirik”,- deyə BBMM-in icraçı direktoru Rəvan Həsənov qeyd edib.
Həmçinin icraçı direktor diqqətə çatdırıb ki, “Azərbaycan multikulturalizmi” Varşava Dövlət Universitetində polyak tələbələrə ayrıca bir fənn kimi tədris olunur. Bu fənnin tədrisi Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, ictimai-siyasi vəziyyətinin öyrənilməsi, təbliği və təşviqi baxımından çox böyük əhəmiyyət daşıyır.
Sonra çıxış edən Polşanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Mixal Grecilo iki dövlət arasında iqtisadi, siyasi və mədəni əlaqələrin uzun tarixə söykəndiyini, rəsmi Varşavanın perspektivli tərəfdaş olan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Səfirliyin nümayəndəsi Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin bərpasının 30 illiyinə həsr olunan layihələr həyata keçiriləcəyini də qeyd edib.

Kitabın müəllifi Nəsiman Yaqublu çıxışında nəşrin Azərbaycan-Polşa əlaqələrinin və bütövlükdə beynəlxalq münasibətlər sistemimizin öyrənilməsi üçün əsaslı mənbə olduğunu bildirib.

Müəllif Azərbaycan-Polşa əlaqələrinin tarixi haqqında ilk mənbələrin XV əsrə təsadüf etdiyini və məhz həmin dövrdən hər iki xalq arasında siyasi münasibətlərə dair yazışmaların əsasının qoyulduğunu bildirib. Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında da polyakların ölkəmizə həmişə dəstək olduqlarını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov iki dövlət arasında münasibətlərdə bir çox ortaq məqamların olduğunu qeyd edib. Xalq Cümhuriyyəti dövründə Azərbaycanı tanıyan 23 dövlətdən birinin Polşa olduğunu, bu tarixi faktları nəzərə alaraq hər iki xalq arasında xoş və səmimi münasibətlərin mövcud olduğunu vurğulayıb.
Qeyd edək ki, Bakı şəhərinin müasirləşməsində, hüquq sisteminə aid sahələrin yaranmasında ciddi rol oynamış polyak mütəxəssislərin də fəaliyyəti kitabda arxiv sənədlərinə istinadən oxuculara təqdim olunub. Kitabda polyakların fəaliyyətinə dair çox sayda foto, arxiv sənədi də toplanıb.

Nəşrə ön sözü Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski yazıb.

Təqdimat mərasimində, həmçinin “Poloniya-Azərbaycan Polşa İcması” İctimai Birliyinin sədri Olqa Yujanina – Makolevska, İctimai Birliyin sədr müavini Telman Hüseynov, Alban-udi xristian icmasının sədri Robert Mobili, Bakı Dövlət Universitetinin dosenti Boran Əziz və Ukrayna-Azərbaycan Konqresinin sədri Yuri Osadçenko çıxış ediblər.