AMEA-nın professoru:“Bu pulla ailə dolandırmaq olar?!”

AMEA ilə bağlı məsələlər hələ də gündəmdədir. Akademiyanın keçmiş prezidenti Ramiz Mehdiyev istefasını bəyan edib. Bir çox insan AMEA-nın da ləğv olunmasının tərəfdarı olduğunu bildirir. İnsanlar düşünür ki, akademiya elmə heç bir töhfə vermir, nailiyyət qazanmır, öz fəaliyyətini düzgün icra etmir. Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən AMEA-nın Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə bildirib ki, Ramiz Mehdiyev onun gözləntilərini doğrultmayıb:

“Ramiz bəy aparat rəhbəri olanda yaxşı mənada fərqlənmədi. AMEA-ya prezident təyin olunanda mən ondan islahatlar gözləmirdim. Həm yaşı çoxdu, həm də konservativ adamdı. Fikirləşirdim, bəlkə, məvacibləri artıra bilər. Çünki bütün nazirlər onu dinləyirdi. O, bunu da etmədi. Bəzi islahatlar həyata keçirdi. Məsələn, akademik katib vəzifələrini ləğv etdi. Fikirləşmək olar  ki,  maliyyəyə qənaət üçün ləğv olunur. Ancaq sonar  6 yeni vitse-prezident.vəzifəsinin təsis olunmasını necə izah etmək olar? Baş direktor və icraçı direktor vəzifəsi ləğv olunur.  Elə bil, market və ya ticarət mərkəzidir, həmişə direktor olub və direktor müavini olub.   Tarix üzrə, ədəbiyyat üzrə və s. Koordinasiya şuraları vardı. Əvvəlcə şuralar daha kiçik şuralara parçalandı. Bir müddətdən sonra tarix, fəlsəfə və digərləri birləşdirildi”.

O, Ramiz bəylə olan konfliktindən bəhs edib:

“Gorus - 2010: absurd teatrı mövsümü" və “Naqor- nıy Karabax: istoriya proçitannaya po istoçnikam” kitabları yaxşıdır  "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında-Bakı,2019" adlı kitabı var. Özü yazıb, ya kimsə yazıb, deyə bilmərəm. Yaxşı kitabdı. Ancaq haqsızlıqlar çox elədi. Dedi ki, xanlıqlar dövrünə guya heç baxılmayıb, mütəxəssislər arxiv sənədlərini işləyə bilmir. O dövrün tədqiqatçısı kimi mənə çox pis təsir göstərdi. Buna qarşı çıxmaq istədim.  Direktor qoymadı ki, əvəzi ondan çıxıla bilər. O da, müəllimim idi deyə dillənmədim. Yeni direktor gələndən sonra Mehdiyevin səhvlərini yazdım. Ramiz Mehdiyev elmə zərbə vuran bir şəxsdir. İnsanı ruhlandırmaq əvəzinə insanın əməyinə kağız yığıntısı kimi yaxınlaşır. Onun rəhbərliyi ilə Maykl Aksvörtinin “Nadir Şah” əsəri çox uğursuz tərcümə olunub. Özü də deyir, kim istəyir originalını tapsın. Belə olacaqdırsa, sənin tərcümələrinin nə xeyiri var? Deyir ki, XIX-cu əsrə kimi Azərbaycanda erməni icması olub. İndiki şəraitdə bunu demək nə dərəcədə düzgündür? Erməni dəyirmanına su tökür. Cənab Prezident İlham Əliyev də xarici jurnalistlərə  ermənilərin bizim ərazimizdə  XIX əsrdə rus işğalından sonra gəldiyini dəfələrlə bildirib”. 

Professor AMEA-nın bağlanmasının əleyhinədir:

“Cəmiyyətdə çağırışlar var ki, akademiya ləğv olunsun. Bu, düz deyil. Ulu öndər Heydər Əliyev Türkiyədə səfərdə olanda soruşur ki, sizdə Elmlər Akademiyası var? Onlar da olmadığını dedilər. O, fəxrlə bizdə olduğunu vurğuladı. ABŞ, İngiltərə, Fransa, İsveç və s. ölkələrdə də Elmlər Akademiyası var. Bəzi şeylərdə bizdən fərqlənə bilərlər”.

T.Mustafazadə düzgün islahatların aparılmadğını izah edib:

“AMEA-da ciddi islahatlar olmalıdır. Öncə şəffaflıq təmin olunmalıdır. Xüsusilə, akademiyaya müxbir və həqiqi üzvlərin seçilməsinə fikir verilməlidir. Namizədin vəkili orada iştirak etməlidir. Müxbir üzvlüyə dəfələrlə sənəd vermişəm. Seçkinin nəticəsini elan etmirlər. Filankəs seçilir deyilir. Amma kim nə qədər səs toplayır, heç deyilmir. Doğrudan da, burada seçki olmur. Ramiz Mehdiyev gəlib otururdu, nə deyirdi, o olurdu. Prezident seçkilərində də vəkil olur, burada olmur”.

O, akademiyanın həm gənc, həm də yaşlı üzvlərinin fəaliyyətlərini qeyd edib:

“Yaşlıların akademiyadan getməyini istəyirlər. Elm istehsalatdır ki, qocalan insanın fiziki gücü çatmasın? Sadəcə olaraq, yaşlı birinə köməkçi verilməlidir. Gənclər akademiyaya gəlmir. Çünki məvacib çox azdır. Ailə dolandıra bilmir. Çoxusu xanımlardır. Onlar aşağı maaşa razı olur. Xarici materialları tərcümə edəcək şəxslər burada azdır. Çünki 300, uzağı 500 manat maaş alırlar. Bu pulla ailə dolandırmaq olar? Sovet vaxtı gənclərə ev verirdilər. İndi heç normal maaş görmürlər. Ona görə də, yeni prezident normal islahatlar keçirsin ki, biz də alqışlayaq. Arzu edirəm ki, hər şeyi düzgün qiymətləndirə biləcək”.

Cəmilə ƏZİM