Bu soyqırımın geniş miqyasda tanıdılması hər bir azərbaycanlının müqəddəs borcudur
Azərbaycan xalqının tarixində baş verən deportasiya və soyqırımlar millətimizin genefonduna və psixologiyasına hər zaman mənfi təsir göstərib. Azərbaycanlılar son yüzilliklərin tarixində dəfələrlə soyqırımına və deportasiyaya məruz qalıblar. İnsanlar hər dəfə öz doğma yurd-yuvalarından zorla qovulanda, onların gözləri qarşısında əzizlərinə işgəncə veriləndə dərin mənəvi-psixoloji travma alıblar. İnsanlar itirdikləri maddi sərvətləri bərpa edə bilərlər, öz zəhmətləri ilə yenidən ev-eşik qura bilərlər. Yəni qaçqın-köçkünlüyün maddi çətinliklərini 10-20 ilə bəlkə də aradan qaldırmaq mümkündür. Lakin onların aldıqları mənəvi yaralar, psixoloji zərbələr heç vaxt sağalmır.
Tarixə, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşmüş Xocalı soyqırımının törədilməsindən otuz il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı Qüvvələri Sovet İttifaqı ordusunun 366-cı alayının köməyi və iştirakı ilə Xocalının sakinlərinə qarşı dəhşətli soyqırımı ediblər. Böyük, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində böyük zərbələr vurulub. Soyqırım nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, gənc, körpə, uşaq həlak olub. Yüzlərlə xocalılı yaralanıb, xəsarət alıb, şikəst olub. Yüzlərlə insan əsir düşüb.
Əslində, Xocalı faciəsi bir gecənin olayı deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdü. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu.
Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılayıblar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olublar. Vəhşi ermənilər tərəfindən açılan atəşlərin nəticəsində Xocalı ərazisi qana bulaşıb.
Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalı müdafiəçiləri təpədən-dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümayiş etdirdilər.
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrlar onu seyr edənləri iliyinədək sarsıdır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən güclü insanı belə sarsıdacaq, yandırıb-yaxacaq.
Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.
Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim qəddar münasibətdə olan, bizə içində hər zaman kin, nifrət və intiqam hissi alovlanan erməni anaları öz dığalarını da həmin ruhda tərbiyə edirlər. Azərbaycan anası isə qəlbi saf, humanist, mərhəmətli olduğundan övladlarını insansevər böyüdür. Əslində bu, bəşəri alicənablıqdır. Lakin analarımız heç vaxt unutmamalıdırlar ki, övladlarının kürəyinə tuşlanmış gavur xəncəri var. Övladını o yağır xəyanətindən ehtiyatlandırmaq üçün onlara dostu düşməndən seçməyi öyrətməli, xalqımızın tarixi düşməni və intiqamla bağlı beşiyi başında layla çalmalıdır. Analarımız övladını düşmən tərəfindən əzilən, döyülən, öldürülən, müdafiə olunan, məzlum, fağır yox, düşmən üstünə gedən, şığıyıb intiqamını almağı bacaran mərd, cəsarətli, cəsur ruhda tərbiyə etməlidir.
Vətən bu gün Xocalıda şəhid və şahid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib, Bakıda, respublikamızın bir sıra bölgəsində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın bir sıra ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim vətən eşqilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi. Faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq insanlıq və vətəndaşlıq borcumuzdur”.
Hər il bu müdhiş faciənin ildönümünün respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunması da bunun bariz ifadəsidir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri də danılmazdır.
İndiyədək Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində çoxsaylı Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilib. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılıb. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, rəsm sərgiləri təşkil olunub. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub.
Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur.
2020-ci ilin payızında xalqımızın Qarabağda apardığı müqəddəs Vətən müharibəsində erməni işğalçılarının darmadağın edilərək torpaqlarımızdan qovulması, ərazilərimizin 30 illik düşmən tapdağından azad edilməsi ilə şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının intiqamı da alınıb, nəhayət, onların narahat ruhları rahatlıq tapıb. Artıq bu il biz Xocalı soyqırımında həyatlarını itirmiş şəhidlərimizin xatirəsini təkcə hüzn və kədərlə deyil, həm də Qarabağda qazandığımız tarixi zəfərdən, soydaşlarımızı günahsız qətlə yetirənlərdən, şəhər və kəndlərimizi viran qoyanlara verdiyimiz cəzadan doğan yüksək əhvalla anırıq.
Lakin onu da yaddan çıxarmaq lazım deyil ki, Xocalı faciəsinin təşkilatçıları və icraçıları hələ adbaad ədalət mühakiməsinə çıxarılmayıbdır. Xocalı soyqırımı bəşəri cinayət olduğu kimi, həm də bəşəriyyət tarixindəki belə kütləvi cinayətlərin davamıdır. Nə qədər ki, belə qırğınları törədənlər axıradək cəzalandırılmayıb, bu cinayətlərin kökü kəsilməyib, cəlladlar günahsız insanların qanını axıdacaq.
Buna görə bu faciənin geniş miqyasda tanıdılması hər bir azərbaycanlının müqəddəs borcudur.
Murad Allahverdiyev,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı