"Azərbaycan xalqı son 200 il ərzində davamlı olaraq erməni şovinistlərinin soyqırım siyasətindən əziyyət çəkib. Ruanda, Srebrenitsa, BabiYar soyqırımları kimi, Qaradağlı, Ağdaban, Başlıbel, Xocalı faciəsi də insanlıq əleyhinə törədilmiş ən böyük cinayətdir".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Parlament üzvü qeyd edib ki, beynəlxalq hüquq normalarına görə, soyqırım cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür: "BMT-nin soyqırımı cinayətinə dair Konvensiyada da bu tələb yer alıb. Bu vaxta qədər beynəlxalq hüquq normaları yaşanan soyqırımı cinayətlərinə tətbiq olunub. Ruanda soyqırımı zamanı 800 mindən çox tutsi hutilər tərəfindən qətlə yetirildi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. 1991-1995-ci illərdə Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirdi. 2007-ci ildə Beynəlxalq Tribunal Srebneritsa hadisələrini soyqırım aktı kimi tanıdı.
Ermənistanda isə soyqırım cinayəti dövlət səviyyəsində dəstəklənir. Ermənistan üzv olduğu beynəlxalq konvensiya və sazişləri kobud surətdə pozub. Ermənistan Qaradağlı, Ağdaban, Başlıbel, Ballıqaya, eləcə də Xocalıda qanlı soyqırımı kimi ağır cinayətləri törədib. Məhz Xocalıda soyqırımın şahidlərindən biri, 366-cı motoalayın zabitlərindən birinin də söylədiyi kimi- insanın insana olan nifrəti burada həddini aşmışdı.
BMT Baş Assambleyasının soyqırım cinayətinə dair müvafiq Konvensiyası başda olmaqla bir çox beynəlxalq hüquqi sənədlər, eləcə də Azərbaycan Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il tarixli fərmanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasına əsas yaradır. Eyni zamanda faktlar, canlı şahid ifadələri, foto və videomateriallar da Xocalı faciəsinin soyqırım olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bir sıra ölkələrin parlamentləri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı bu faciəni soyqırım kimi tanıyıb. Beynəlxalq miqyasda Xocalı faciəsinə dair qəbul edilən sənədlər siyasi qiymətləndirmə xarakteri daşıyır.
44 günlük Vətən müharibəsində Xocalı şəhidlərinin də qisası alındı. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımın bütün iştirakçı və təşkilatçıları hələ də tam cəzalarını almasalar da, Xocalı cəlladları
gec-tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq".