34 il bundan öncə Sumqayıt hadisələri baş verdi. 1988-ci il fevralın 28-də olay zamanı Sumqayıtda təqribən 18 min etnik erməni yaşayırdı. Fevralın 26-da Sumqayıtın mərkəzi meydanında nümayişçilər etiraza çıxdılar. Buna səbəb Azərbaycanın Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsi olub. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa sürükləndi. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi.
Sumqayıt hadisələrinin mahiyyətini "Sherg.az"a açıqlayan AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli bildirib ki, həmin dövrdə azərbaycanlılar milli hərəkat aparırdı:
“1988-ci ilin fevralında Cənubi Qafqazda bir çox hadisə baş verdi. Həmin dövrdə Azərbaycan xalqında milli ruh oyanmışdı.
Belə bir zamanda ermənilər dinc dayanmadılar. İlk addım qərbi azərbaycanlıların yurdlarından köçürülməsi ilə başladı. Daha sonra əsas hədəfləri olan Xankəndidə separatçılığa başladılar.
Qarabağ bölgəsində qondarma rejim yaratmaq və dəstək qazanmaq üçün Azərbaycanın nüfuzunu sarsıtmağa hədəfləndi.
Bunun üçün Sovet KQB-sinin dəstəyi ilə Daşnaksütyunun davamçıları Sumqayıtda yaşayan erməniləri qətlə yetirməyə başladılar.
Əsas məqsəd Azərbaycanı haqsız, şovinist, milliyyətçi göstərmək idi. Dövlətimizi dünyanın gözündən salaraq Xankəndidə aparılan separatçılığa haqq qazandırmaq Sumqayıt hadisələrinin mahiyyətini təşkil edir”.
Xanlar ƏLİBƏY