Ukrayna böhranı fermerləri müflis edir 


Pomidorlar şaxında, tərəvəzlər dirrikdə, TIR-lar yolda qalıb
 
   Rusiyanın Ukraynaya hərbi təcavüzü meyvə-tərəvəz qiymətinin aşağı düşməsinə səbəb olub. “Şərq” Türkiyə mediasına istinadən bildirir ki, Ukrayna və Rusiyaya  meyvə-tərəvəzin əsas ixracatçısı Antalyada fermerlər müflis olmaq üzrədir. İxracat dayandığından pomidorun qiyməti 60 faiz ucuzlaşıb. Məhsul toplanması üzrə dərnək başqanı Hasan Ali Yılmaz deyib ki, “oraya düşən bombalar bizə də “düşdü”. 

Dərnəkdə 144 komisyonçu, 400-ə yaxın da tacir cəmləşib. Məhsulların 40 faizi pomidor, 20 faizini bibər, digər qismini də başqa tərəvəzlər təşkil edir. Məhsulların ixrac olunduğu ölkələrin başında Ukrayna və Rusiya dayanırdı. Lakin müharibə başlayandan fermerlər məhsulları ixrac edə bilmir. Qiymətlərdə 50-60 faiz ucuzlaşma müşahidə edilir. Məhsullar yüklənmiş və yola salınmış maşınlar da geri dönür.

 TIR-ları Ukraynada qalanlar da var. Savaş öncəsi gündəlik 30 TIR Ukraynaya yola salınırdı. Oradan da Belarus və Rusiyaya. Avropa Birliyi Rusiyaya girişə qadağa qoyduğundan ora da məhsul artıq göndərilmir. Yalnız dəniz yolu vasitəsilə ixracat hələ ki, mümkündür. Bu günlərdə ancaq Rumıniyaya 1 TIR məhsul göndərilib. İxrac yoxdur deyə məhsullar da toplanmamış qalıb. Bazarda pomidorun qiyməti 5 TL-yə düşüb. 

Eləcə də bütün digər tərəvəz, bostan məhsullarının qiyməti xeyli aşağı düşüb. Qazanan yerli əhalidir. Bol və ucuz meyvə-tərəvəz yeyəcəklər.