Azərbaycan tarixində baş vermiş ən amansız faciələrdən biri də 31 mart soyqırımıdır. Bu soyqırımı insanlığa qarşı öz amansızlığı ilə yalnız Azərbaycan tarixinə yox, dünya tarix səhifələrinə də qanlı hərflərlə yazılıb.
Bu hadisə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində baş tutub. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb.
Qanlı soyqırımı ilə bağlı “Sherg.az”a danışan tarixçi Boran Əzizli bildirib ki, 20-ci əsrdə Azərbaycan xalqının tarixində bir çox faciələr baş verib:
“Həmin faciələrin araşdırılması, onlar haqqında olan mənbələr və müqayisəli təhlili göstərir ki, bu xalqımızın müstəqil dövlət qurmaq istəyinə və əzminə qarşı yönəlmişdir. Birmənalı şəkildə deyə bilərik ki, soyqırımıların təşkilatçısı Bolşevik Rusiyası, icraçıları isə bolşeviklərlə bərabər ermənilər, o cümlədən onların silahlı qüvvələri olub.
Həmin genosidi təşkil edənlərin məqsədi Azərbaycanın müstəqilliyinə imkan verməməklə onu ənənəvi olaraq Rusiyanın daxili quberniyası kimi saxlamaq idi. Ermənilərin başlıca məqsədi isə rəsmi Moskvanın köməyindən istifadə edərək xalqımıza məxsus olan torpaqları ələ keçirib burada dövlət qurmaq idi.
Bu baxımdan deyə bilərik ki, Mart soyqırımı təsadüfi bir hadisə deyil. Bu, öncədən ciddi şəkildə bolşeviklər və ermənilər tərəfindən düşünülmüş siyasi, iqtisadi, hərbi və maliyyə cəhətdən dəstək görən bir əməliyyatın nəticəsi idi”.
Tarixçi soyqırımının 31 martda qeyd edilmə səbəblərindən də söz açıb:
“Bəziləri elə güman edir ki, məlum soyqırımı yalnız mart ayında baş verib. Əslində isə belə deyil. Bu soyqırımı faktiki olaraq, 1917-ci ilin aprelindən başlayaraq 1918-ci ildə Cümhuriyyətin qurulmasına qədər olan bir dövrdə baş verib. Lakin Cümhuriyyət dönəmində qərara alındı ki, xalqımıza qarşı baş verən soyqırımında günahsız öldürülənlərin xatirəsini simvolik olaraq, bir günlə əbədiləşdirsinlər.
İlk dəfə 1919-cu il, mart ayının 28-də Bakıda Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında iclas keçirilib. Bu iclasda da mart ayının 31-də günahsız yerə öldürülənlərin xatirəsini yad etmək üçün tədbirlər keçirilməsi qərara alınıb.
Elə həmin ilin mart ayının 31-də parlament və hökümət öz işini dayandırıb, dövlət idarələri bağlanıb və mağazalar işləməyib. Respublikanın müxtəlif ərazilərində soyqırımı ilə bağlı matəm tədbirləri reallaşıb, qəzetlər günlə bağlı xüsusi materiallar çap edib”.
Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.