ZAHİRƏDDİN MƏHƏMMƏD BABUR YARADICILIĞI ÜMUMTÜRK MƏDƏNİYYƏTİNİN NADİR HADİSƏSİ KİMİ

Türk xalqlarının ədəbiyyatları tarixində Zəhirəddin Məhəmməd Babur (1483-1530) qədər mənsub olduğu xalqın və dövrün mədəni inkişafında silinməz izlər qoyan nadir tarixi şəxsiyyətlərə və bənzərsiz söz sənətkarlarına az-az rast gəlmək olar. Doğrudan da, bir tərəfdən, özbək-türk dövlətçiliyinin qorunub saxlanılması yolunda böyük səylər göstərən və həmin dövlətçiliyin təməl prinsipləri əsasında Hindistanda yeni səltənətin bünövrəsini qoyan, digər tərəfdən, dahi Əlişir Nəvaidən sonra bir çox sahələrdə onun ənənələrini ləyaqətlə davam etdirərək, çoxsaylı bədii dürdanələr və qiymətli elmi əsərlər yaradan Baburun fəaliyyəti və yaradıcılığı nəinki özbək tarixi və özbək ədəbiyyatının, bütövıükdə ümumtürk tarixi və ümumtürk mədəniyyətinin bənzərsiz hadisələrindən biridir. Odur ki, biz bu yığcam araşdırmamızda sözügedən ictimai-tarixi və bədii-estetik hadisənin ən əlamətdar tərəfləri və cəhətləri üzərində daha ətraflı və daha ardıcıl mülahizə yürütmək istəyirik.

1. Zəhirəddin Məhəmməd Baburun hakimiyyətə gəlişi və müəyyən fasilələrə baxmayaraq, ömrünün axırına qədər hakimiyyətdə olması ümumtürk mədəniyyəti tarixinin hökmdar şairlər siyahısını və ənənəsini zənginləşdirmişdir. Beləki, Qazi Bürhanəddin Sivasi, Cahanşah Həqiqi, Şah İsmayıl Xətayi, Məhəmməd Şeybani, Hüseyn Bayqara, Sultan Səlim Yavuz, Sultan Süleyman Qanuni kimi Zəhiriddin Məhəmməd Baburun da öz böyük şairlik istedadı ilə bərabər, həm də ixtiyar və tac-taxt sahibi olması onun yaşadığı dövrdə və mənsub olduğu mühitdə şeirə-sənətə marağın güclənməsinə və böyüməsinə güclü təkan vermişdir.  Əgər Əlişir Nəvainin öz əsərlərində dəfələrlə türkdilli şairlərin yaranması və çoxalmasını Teymurilər dövrü və hakimiyyəti ilə əlaqələndirməsini nəzərə alsaq, bu amil, eyni zamanda, türk dilində yaranan ədəbiyyata qayğı və rəğbət baxımından Teymurilər ənənəsinin uğurlu davamı idi. Təsadüfi deyildir ki, öz əsərlərində Babur özünə qədər özbək türkcəsində böyük söz xəzinəsi yaratmış  olan dahi Əlişir Nəvainin adını və xidmətlərini dönə-dönə iftixarla dilə gətirirdi. O cümlədən, “Baburnamə” də yazırdı:

“...Əlişir bəy əvəzsiz adam idi. Türk dili ilə şeir söylənəndən bəri heç kim onun qədər çox və yaxşı söyləməyib. Məsnəvi şəklində altı kitab nəzmə çəkib, beşi “Xəmsə”yə cavabən, daha biri isə “Məntiqüt-teyr” vəznində “Lisanüt-teyr” adlı. Dörd qəzəllər divanı tərtib edib: “Qərayibüs-siğər”, “Nəvadirüş-şəbab”, “Bədayiül-vəsət”, “Fəvayidül-kibər” adlı. Yaxşı rübailəri də var...”.

  Digər tərəfdən, əgər Babur bir hökmdar kimi öz ana dilindəki ədəbiyyata qayğı və dəstək mənasında Teymurilərin yolunu davam etdirirdisə, bir şair və mütəfəkkir kimi öz yaradıcılığında özündən əvvəlki türkdilli şair və nasirlərin, tarixçi və mütəsəvviflərin, xüsusən, dahi Əlişir Nəvainin bu sahədəki yaşarı ənənələrini zənginləşdirirdi.
2. Öz vətənində mənsub olduğu Teymurilər dövlətini qoruyub saxlamaq yolundakı bütün ciddi səylərinə (paytaxt Səmərqəndi bir neçə dəfə fəth etməsi, başqa teymuri sultanlarla gücləri birləşdirməyə cəhd etməsi və s.) baxmayaraq, Teymurilər dövləti Mavəraunnəhrdə və Xorasanda tənəzzülə üz tutduqdan sonra onu əsas saldığı Baburilər adı altında öz vətənindən uzaqlarda yenidən dirçəldərək, böyük səltənətə çevirən Babur, eyni zamanda, Hindistan xalqlarının ictimai-iqtisadi və mədəni tərəqqisinə güclü təsir göstərmişdir. Böyük hind mütəfəkkiri Cəvahirləl Nehrunun məşhur təbiri ilə desək, “İntibah dövrünün tipik hökmdarı” olan Zəhirəddin Məhəmməd Baburun Hindistan mədəniyyəti tarixindəki mütərəqqi rolu hal-hazırda bütün türk dünyasının qürur mənbəyinə çevrilmişdir. Görkəmli Azərbaycan ədəbiyyatşünası, akademik İsa Həbibbəyli yazır: “... Tac Mahal məbədinə baxarkən Baburlar sülaləsinin mədəniyyət siyasətinin hansı böyük zirvəyə çatdığının canlı şahidi oldum. Çox haqlı olaraq deyirlər ki, Tac Mahal dünyanın yeddi möcüzəsindən biridir. Bu möcüzəni türk əsilli bir hökmdar və onun ağlı, düşüncəsi, baxışları, eləcə də türk memarları yaratmışlar. Abidənin yaradılmasında Azərbaycan memarlarının da adları vardır. Tac Mahal Baburlar hakimiyyəti dövründəki Azərbaycan-özbək-hind memarları və ustalarının birgə böyük əsəridir. Bununla özbəklər fəxr etdiyi kimi, azərbaycanlılar da iftixar duyğuları keçirir”.
3. Yeri gəlmişkən, Zəhirəddin Məhəmməd Baburun böyük şəxsiyyəti və mütərəqqi fəaliyyəti öz vaxtında indiki Azərbaycan və Özbəkistan ortasındakı çoxcəhətli tarixi əlaqələrin inkişafına da öz müsbət təsirini göstərmişdir.Yenə də akademik İsa Həbibbəylinin sözləri ilə desək, “ Babur səltənəti ilə Səfəvilər hakimiyyəti arasında olan əlaqələr hər iki hakimiyyətin inkişafında özünəməxsus rol oynamışdır. Eyni zamanda, həmin münasibətlər Azərbaycan və Özbəkistan siyasi-ictimai əlaqələrinin qurulmasına da öz töhfələrini vermişdir. Səfəvilər və Baburlar azərbaycanlılarla özbəklərin milli-tarixi köklərinin təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, hakimiyyətdə də həmrəyliyinin mühüm bir nümunəsidir. Hazırda Özbəkistanla yanaşı, Hindistanda, Pakistanda, İranda da Baburlar dövrünün əsərləri yaşamaqdadır. Həmin memarlıq və incəsənət əsərləri Özbəkistanın, qədim köklərə malik olan özbək xalqının böyük mədəniyyətinin, həm də ortaq bir mədəniyyətinin abidələri kimi dostluğun, həmrəyliyin, əməkdaşlığın bütün dövrlərdə nə qədər əhəmiyyətli olduğunu, vacib olduğunu göstərir”.

4. Yunis Əmrə, Qazi Bürhanəddin,  İmaddədin Nəsimi, Mövlana Lütfi, Əlişir Nəvai, Məhəmməd Füzuli kimi özündən əvvəlki və özündən sonrakı azman türkdilli şair və mütəfəkkirlərin sırasında Zəhirəddin Məhəmməd Babur öz ana dilindəki çoxsahəli və çoxjanrlı bədii yaradıcılığı ilə ümumtürk mədəniyyətinin və ədəbi dilinin zənginləşməsində və inkişafında misilsiz rol oynamışdır.
5. Zəhiriddin Məhəmməd Baburun klassik Şərq poeziyasının, demək olar ki, bütün janrlarını (qəzəl, məsnəvi, rübai, tuyuq, qitə, müəmma, fərd və s.) əhatə edən lirikası türkdilli divan ədəbiyyatı xəzinəsini bir çox cəhətdən, xüsusən, yüksək poetik məharət baxımından zənginləşdirməklə bərabər, onun sonrakı tərəqqisinə səmərəli təsir göstərmişdir.
6. Zəhiriddin Məhəmməd Babura dünya şöhrəti gətirən məşhur “ Baburnamə” təkcə özbək ədəbiyyatı və mədəniyyətinin deyil, eyni zamanda, bütün türk mədəniyyətinin, ümumtürk nəsrinin və bütövlükdə Şərq tarixşünaslığının bənzərsiz abidəsi kimi bu gün də qürur-iftixar mənbəyi olaraq qalmaqdadır. Bu nəhəng ensiklopedik mənbənin bir neçə əsrdən bəri bütün dünya şərqşünasları və tarixçilərinin diqqətini yaxından cəlb etməsi, bir tərəfdən, onun dünya memuar ədəbiyyatının gözəl nümunəsi olması ilə bağlıdırsa, digər tərəfdən, orta əsrlərdə bir sıra Şərq ölkə və bölgələrinin (Mərkəzi Asiya, Əfqanıstan, İran, Pakistan, Hindistan və s.) tarixi və coğrafiyası, ədəbiyyatı və mədəniyyəti, folkloru və etnoqrafiyası, florası və faunası haqqında zəngin bilgiləri əks etdirməsi ilə əlaqədardır. Tanınmış ədəbiyyatşünas Almaz Ülvinin dediyi kimi, “ Dünya ədəbiyyatının qiymətli nümunələrindən hesab olunan  “ Baburnamə” Hindistan torpağında böyük bir imperatorluq yaratmış Zəhirəddin Məhəmməd Baburun sadə, təbii, səmimi ifadə ilə yazdığı, lirik ovqat aşılayan gözəl səyahət və xatirat kitabıdır. Əsərdə dövrün bütün hadisələrini – şahidi, müşahidəçisi, iştirakçısı olduğu hadisələri, məşhur və tarixdə yaşamaq haqqı qazanmış şəxsiyəətlərin həyatından maraqlı izləri də müşahidə etmək mümkündür”.
7. Zəhirəddin Məhəmməd Babur klassik Şərq poetikasının sahələrindən biri olan əruz elminə (“elmi-əruz”) dair müxtəlif adlar (“Risaleyi-əruz”, yaxud “Müxtəsər”) altında məşhurlaşmış “Əruz risaləsi” ilə türkdilli əruzun nəzəriyyəsini yaradanlardan biridir. Nəvai və Babura qədər Nəsirəddin Tusinin məşhur “Meyarül-əşar”ı da daxil olmaqla, ərəb-fars əruzunun qayda-qanunlarına dair əsərlər kifayət qədər idi. Amma türkdilli poeziyanın zəngin təcrübəsi əsasında yazılan və türkcənin özünəməxsus tərəfləri əsasında türk əruzunun nəzəri qayda-qanunlarını aşkara çıxaran elmi-nəzəri mənbələr yox idi. Məlumdur ki, ilk dəfə bu ehtiyaca böyük uğurla cavab verən Əlişir Nəvainin məşhur “Mezanül-övzan”(1492) əsəri oldu. Qısaca desək, əgər Nəvai öz əsəri ilə türk əruzunun özünəməxsus cəhətlərini ilk dəfə böyük bacarıqla ümumiləşdirmişdirsə, Babur “Əruz risaləsi” ilə öz böyük sələfinin yolunu uğurla davam etdirmiş və zənginləşdirmişdir.
8. Zəhirəddin Məhəmməd Babur irsindən dövrümüzə qədər gəlib çatan nümunələr arasında onun “Mübəyyin”(“Bəyanlar”) əsərinin xüsusi yeri vəmövqeyi vardır. Sevimli övladları Humayun Mirzə ilə Kamran Mirzəyə “şəriət dərsi” kimi nəsihət üslubunda şeirlə yazılmış və islam hüquqşünaslığına dair mötəbər mənbələrdəki əsas qaydaların və məlumatların təsirli bədii ifadəsi sayılan bu əsər, bir tərəfdən, öz müəllifinin fiqh elmi və şəriət hüququ sahəsində dərin biliyə malik olduğunu nümayiş etdirirsə, başqa tərəfdən, müxtəlif dövrlərdə mədəni mühitlərin və cəmiyyətlərin tərəqqisində dini-əxlaqi dəyərlərin danılmaz rolunu ortaya qoyur.
9. Babur qələminə mənsub örnəklərdən təsəvvüfə dair “Validiyyə” risaləsinin poetik tərcüməsi də eynən “Mübəyyin” kimi ikitərəfli əhəmiyyət daşıyır. Bir tərəfdən, böyük şair və mütəfəkkirin təsəvvüf fəlsəfəsinə dərindən bələd olduğunu göstərirsə, digər tərəfdən, XVI əsrdə poetik tərcümə sənətinin əsas prinsipləri və səciyyəvi xüsusiyyətlərini əks etdirməklə ciddi önəm kəsb edir.
10. Zəhirəddin Məhəmməd Baburdan yadigar qalmış təfəkkür inciləri sırasında onun yaratdığı məşhur əlifba cədvəli (“Xətti-Baburi”) və onun tərəfindən müxtəlif yerlərdə daşlara oyulmuş yazılar (“daşbitik”lər) da böyük maraq doğurur və öz orijinallığı ilə diqqəti yaxından cəlb edir. Görkəmli özbək ədəbiyyatşünası Vahab Rəhmanovun “Babur daşbitikləri” adlı araşdırması məhz bu baxımdan ciddi elmi əhəmiyyətə malikdir.

Bəxtiyar MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələr” 
şöbəsinin böyük elmi işçisi, doktorant