“Erməni terrorunun günahsız qurbanları” - VİDEO


44 günlük müharibə nəticəsində minlərlə gənc torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Təəssüf ki, təkcə döyüş meydanında deyil, müharibə getməyən zonalarda da günahsız dinc insanlar qətlə yetirildi. İkinci Qarabağ müharibəsi zamanı ümumilikdə 100-ə yaxın mülki şəxs öldürülüb, 400-dən çox yaralanan olub.
Modern.az xəbər verir ki, mülki şəxslər arasında ilk şəhid olanlar Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndinin sakinləri – bir ailənin 5 üzvü olub. Tərəfsiz Jurnalistlər Birliyi Ermənistanın qeyri-humanist addımlarını bütün dünyaya tanıtmaq üçün Qurbanovlar ailəsinin yaşadığı faciə haqqında süjet hazırlayıb.
Aşağıda təqdim olunan qısa film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb. Müharibədən sonrakı dağıntılar və dinc əhaliyə dəyən zərəri əks etdirmək üçün layihə icraçıları Naftalana və Gəncəyə səfər edərək, dağıntıların çəkilişi aparıblar, erməni terrorundan zərər görən ailələr, həlak olan şəxslərin ailə üzvləri ilə müsahibələr götürüblər. Layihə çərçivəsində daha iki videomaterial hazırlanaraq paylaşılacaq.

Ümumilikdə “İşğaldan azad olunmuş bölgələrdə erməni vəhşiliyinin izi: dağıdılmış qəbirlər, viran qoyulmuş abidələr, məhv edilmiş məktəblər” adlı layihə işğaldan azad olunmuş torpaqlarda üzləşdiyimiz dəhşətli mənzərənin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına, bu durumun təbliğinə həsr olunub.