Böyük Britaniya “Moskva Birjası”nın tanınan birja statusunu ləğv etməyi planlaşdırır.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, bu, Britaniya vergi orqanı, “HM Revenue və Gömrük” (HMRC) tərəfindən verilən açıqlamada bildirilib.
Statusun götürülməsi o deməkdir ki, investorlar gələcəkdə Moskva Fond Birjasında ticarət edərkən Birləşmiş Krallığın müəyyən vergi güzəştlərindən istifadə edə bilməyəcəklər.
Bununla belə, mövcud investisiyalar qorunacaq.
Həmin addım London hökumətinin Ukraynaya müdaxiləsindən sonra Kremlə qarşı tətbiq etdiyi sanksiyaların sonuncusudur.
Britaniyanın Maliyyə Naziri Lüsi Freyzer bu mövzuya münasibət bildirib:
"Biz Rusiyanı Ukraynaya qarşı müharibəsinə görə bir çox şeydən təcrid etdik. Belə məqamda Moskva Fond Birjasının tanınan statusunu ləğv etmək aydın mesaj verir. Rəsmi Moskvaya yeni investisiyalar qoymaq üçün heç bir səbəb yoxdur".