Xəlil İbrahimin "Şuşa məktubları"

Layihənin düzgün əsaslandırılması:

Şuşanın tarixi, milli-mənəvi və mədəni dəyərlərini yaradan, formalaşdıran şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənmək, tədqiq və təbliğ etmək ən başlıca qayə olmalıdır. Xurşudbanu Natəvan, Mirmöhsüm Nəvvab, Üzeyir, Ceyhun və Zülfüqar Hacıbəyov qardaşları, Seyid və Xan Şuşinskilərlə yanaşı fəaliyyəti tədqiqatdan kənar qalan şuşalı publisist, naşirlər, elm və mədəniyyət xadimləri də var. 1892-ci ildə Şuşada doğulan, 1903-cü ildən 1937-ci ilə qədər Azərbaycan milli mətbuatının formalaşmasında böyük zəhməti olan Xəlil İbrahimin fəaliyyəti diqqətdən kənarda qalıb. 

Haşım bəy Vəzirovun "Səda", "Sədayi-həqq" qəzetlərində yaradıcılığa başlayan X.İbrahim XX əsrin əvvəlində Şuşadan Bakıya köçüb, bir müddət müxtəlif ibtidai məktəblərdə dərs deyib. "İqdam", "İqbal", qəzetlərində çalışıb. 1915-1918-ci illərdə "Açıq söz" qəzetinin Qarabağ üzrə xüsusi müxbiri olub. X.İbrahim 1916-cı ildən başlayaraq "Açıq söz"də məşhur "Şuşa məktubları"nı yazıb. Azərbaycan sovetləşəndən sonra 1921-1923-cü illər arasında "Kommunist" qəzetində "Şuşa məktubları"nı davam etdirib. X.İbrahimin "Şuşa məktubları" silsiləsindən yazdığı məqalələrinin təqribi sayı 100-dən çoxdur.

1918-ci ilin oktyabrında soydaşları, qohumları ilə birgə Dronun, Nejdenin, Nazarbekyanın, Andronikin erməni birləşmələrinin mühasirəsində olan Şuşada ağır günlər yaşayan X.İbrahim Qarabağ Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Bakıya gəlir, "Azərbaycan" qəzetində Şuşadakı ictimai-siyasi vəziyyəti və döyüş əməliyyatları barədə silsilə məqalələr çap edir. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət qəzeti "Azərbaycan"da məsul katib kimi fəaliyyət göstərir. Qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyli xəstələnəndə 1919-cu ilin iyun, iyul, avqust aylarında onu əvəz edir. Bakıda 1926-cı ildə keçirilən I Bakı Türkoloji Qrultayının işinin təşkilində X.İbrahim böyük rol oynayır. "Kommunist" qəzetinin əlavəsi "Dilimizin islahı" adlı xüsusi buraxılışını çap edir.

X.İbrahimi 1937-ci ildə sovet "KQB"si həbs edir və Nargində güllələyir.

Təəssüf ki, X.İbrahimin yaradıcılığının tədqiqi diqqətdən kənarda qalıb.

Layihənin məqsəd və vəzifələrinin aydınlığı:

Əsas məqsəd Şuşada doğulan X.İbrahimin bu yurda bağlılığı və publisistik irsində Şuşa obrazını ictimaiyyətə, oxuculara çatdırmaqdır. XX əsrin ilk otuz ilini də Şuşadakı ictimai-siyasi vəziyyət, gərgin hərbi şərait, Qafqaz İslam Ordusunun Şuşanı işğaldan qurtarması, ermənilərin bölgədə törətdikləri faciələri, soyqırımı, yerli əhalinin müqavimətini öyrənmək baxımından əhəmiyyətlidir. Layihə çərçivəsində ilk dəfə X.İbrahimin "Açıq söz", "Azərbaycan" və "Kommunist" qəzetlərində çap etdirdiyi 100-ə yaxın "Şuşa məktubları" ərəb qrafikasından transliterasiya edilərək latın qrafikasında kitabı çap ediləcək. Layihənin sonunda çap ediləcək 180-220 səhifəlik kitabda "Xəlil İbrahimin Şuşa məktubları" gənc jurnalistlərə, tələbələrə peşə dəyərlərindən öncə Vətən sevgisi aşılayacaq, indiyədək əldə edilməyən faktlar təqdim ediləcək. Layihənin icra müddətində 22 dəqiqəlik "Şuşa məktubları" sənədli filmi hazırlanacaq. Bir neçə ali məktəbdə gənclərlə görüş keçiriləcək. Kitabın və filmin təqdimatı Bakıda və Şuşada keçiriləcək. X.İbrahimin yadigarı Moskva Dövlət Universitetinin Xarici dillər kafedrasının sabiq müdiri, professor, 93 yaşlı Solmaz İbrahimin media nümayəndələri ilə birgə Şuşa səfəri təşkil ediləcək. Araşdırma və tədqiqatın ən önəmli tərəfi X.İbrahimin şuşalı şəxsiyyətlər, ziyalılar arasında tarixi yerini və mövqeyini möhkəmlədəcək.

Mövzunun aktuallığı

Mövzu şuşalı ziyalıların, elm və mədəniyyət xadimlərinin çoxşaxəli həyat və fəaliyyətini öyrənmək baxımından əhəmiyyətlidir. "Xəlil İbrahimin Şuşadan məktubları" tarixən bu şəhərin müsəlman-türk mədəniyyətinə məxsusluğu, ermənilərin buradakı təxribat və terror hərəkətləri, milli-mənəvi irsimizə sahiblik iddialarının əsassızlığı, bölgənin iqtisadi-sosial problemlərini əhatə edən önəmli bir araşdırma, layihə mövzusudur. Xüsusən, 100-dən çox ərəb qrafikasında çap olunan "Şuşa məktubları" günümüz üçün də aktual mövzuları əhatə edir. İrsi az tədqiq edilən X.İbrahimin ictimai-siyasi fikir öyrənilmədiyindən də aktual olaraq qalır.

Layihənin innovativliyi

"Xəlil İbrahimin Şuşadan məktubları" layihəsi Şuşada doğulan, ömrünü Azərbaycanın istiqlalına, milli-mənəvi yüksəlişinə həsr edən X.İbrahimin fəaliyyətinə ilk dəfədir ki, həsr olunur. Layihənin icra müddətində elektron informasiya məkanında (saytlar, portallar, yutub kanalları, sosial media şəbəkələrində), çap məhsullarında X.İbrahimin Şuşa barədə yazdıqları tarixi publisistik irs barədə yetərincə məlumatlar toplanacaq.

Layihənin davamlı olaraq inkişaf etdirilməsi: Şuşada doğulan, Azərbaycanın qədim mədəniyyət, elm, təhsil beşiyi olan bu yurdun övladlarının həyat və fəaliyyətinin araşdırılması, tədqiqi olduqca vacibdir. X.İbrahimin "Şuşa məktubları"nın nəşri və  eyni adlı sənədli filmi bu yöndə gələcək elmi tədqiqatlara, araşdırmalara əsaslar yaradacaq.