Tahir Kərimli: "Qüsurları yenidən təkrar etməməliyik"
Novella Cəfəroğlu: "Vətəndaşların pozulan hüquqlarını bərpa etmək lazımdır"
“İnvestisiya haqqında” qanun layihəsinin hazırlanması, özəlləşdirmə ilə bağlı məsələlərin müzakirələri qiymətli kağızların, vauçerlərin yenidən dövriyyəyə buraxılmasını da aktuallaşdırıb. Bəzi müəssisələrin özəlləşdirilməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalara istinad edən vətəndaş əllərində qalmış özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasını, yeni şərtlərlə qanunverici bazanın yaradılmasını tələb edirlər. Qeyd edək ki, 90-cı illərdə vətəndaşlara paylanmış özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci ildə dayandırılıb. Reallıq isə budur ki, bu gün əlində çeki qalan kifayət qədər insan var.
Ziyalıların yekdil fikri bundan ibarətdir ki, özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılmalı və zərər görmüş vətəndaşlara kompensasiya ödənilməlidir.
Millət vəkili, Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş rəhbəri Tahir Kərimli hesab edir ki, mülkiyyət hüquqları pozulmuş insanların haqqı bərpa olunmalıdır. Deputatın sözlərinə görə, vətəndaşların dövlətdən narazı qalmasına imkan vermək olmaz:
“Problem odur ki, Azərbaycan özəlləşmə prosesini çox sürətlə həyata keçirtdi. Təsəvvür edin, Böyük Britaniyada 200 il ərzində başladılan özəlləşdirmənin hələ 85 faizi icra olunub. İllər əvvəl ölkədə tuğyan edən “qara bazar” qiymətləri kağızların ciddi alqı-satqı yerinə çevrilmişdi. Dəllallar insanların əlindəki vauçeri su qiymətinə ələ keçirdilər. Xeyli vətəndaş isə çekləri satmadı, saxladı və dəyərinin artmasını gözlədi. Nəticədə insanların əllərində minlərlə özəlləşdirmə çeki qaldı. Onlar gələcəkdə daha optimal variantın gələcəyinə ümid edirdilər. Amma gözlədikləri kimi olmadı. Milli Məclisin iclasında Qarabağda həyata keçiriləcək özəlləşdirmə prosesi ilə bağlı çıxış edərkən bu məsələni gündəmə gətirdim. Qeyd etdim ki, keçmişdə aparılan özəlləşmədən dərs almalı, nəticə çıxartmalıyıq. Qüsurları yenidən təkrar etməməliyik. Minlərlə insanın mülkiyyət hüququ pozulub. Çünki 2011-ci ildə özəlləşdirmə çeklərinin müddəti başa çatıb və çeklərin dəyəri sıfırlanıb”.
Parlament üzvü bildirib ki, çeklər əvəzi ödənilmədən dəyərdən düşmüş sayılıb:
“Bəzi insanlarımız ya dolanışığa görə çeklərini satıblar, ya da imkan edib dövriyyəyə buraxa bilməyiblər. Bununla bağlı bizə də çoxsaylı müraciətlər daxil olur. Axı bu insanların günahı nədir? Niyə dövlətdən narazı qalmalıdırlar? Həm Konstitusiyamıza, həm beynəlxalq hüquqa görə vətəndaşın vəziyyətini yaxşılaşdıran hallar keçmişə şamil olunur. Elə qanun qəbul etməliyik ki, vauçer sahibləri özəlləşmədən faydalana bilsinlər. Problemin müsbət həllinin tərəfdarıyam.
Dövlətimizin buna imkanı çatır. Xüsusi qərarla, Neft Fondundan maliyyə ayırmaqla həmin vətəndaşlarımızın pozulmuş haqqı təmin oluna bilər”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da düşünür ki, problem mütləq mənada zərərçəkmiş vətəndaşların xeyrinə həll olunmalıdır. Ekspert bildirib ki, minlərlə insan özəlləşdirmə çekini saxlayır və nə vaxtsa dəyər qazanacağına ümid edir:
“Problem həllini tapmalıdır. Vətəndaşların pozulan hüquqlarını bərpa etmək lazımdır. Yaxşı olar ki, vauçerlər hansısa müəssisənin özəlləşdirilməsinə cəlb olunsun. Şəxsən mən çeklərin əvəzinə pul deyil, özəlləşdirmədə pay sahibi olmağı istəyərəm. Qoy, ailəm, nəvələrim mülkiyyət hüququndan faydalansınlar. Dövlət və Milli Məclis bu məsələyə çox ciddi yanaşmalı və reaksiya verməlidir. Bu qədər adamın əlində çek var”. N.Cəfəroğlunun fikrincə, əgər özəlləşdirmə prosesi yubanarsa, çeklərin əvəzinə vətəndaşlara kompensasiya ödənilə bilər: “Bu, elə ciddi maliyyə tələb etmir. Amma yenə deyirəm, qiymətli kağızların özəlləşdirməyə cəlb olunması, tədavülə buraxılması daha məqbuldur. Birdəfəlik vəsait bir müddət sonra bitəcək. Amma mülkiyyət hüququndan istifadə edən vətəndaşlar daimi qazanc əldə etmək imkanı əldə edəcəklər”. Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri ulu ö ndər Heydər Əliyev tərəfindən 1997-ci ilə qədər anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.