Cümhuriyyət qurucularının irsi yaşadılsın! - “Arxivlərini gətirməliyik”


“Onların əsərlərinin çapı mərkəzləşdirilmiş qaydada aparılmalıdır”

“Bu gün Cümhuriyyət dövründə fəaliyyət göstərən insanların bir hissəsi sonradan mühacirət həyatı yaşayıb”

“Ceyhun Hacıbəylinin, Hilal Münşinin, Əhməd Ağaoğlunun, M.Ə.Rəsulzadənin, Xəlil bəy Xasməmmədovun, Şəfi bəy Rüstəmbəylinin və digərlərinin arxivlərini gətirməliyik”


Şərqdə ilk demokratik respublikanın qurulduğu gün 28 May yaxınlaşır. Yüz dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti ( AXC ) cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı.AXC-nin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdanbəy Topçubaşov, Fətəlixan Xoyski kimi dahi şəxsiyyətlərin böyük əməyi keçib. AXC dövründə qaldırılan üçrəngli bayrağımız 2 ildir ki, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayılda, Qubadlı, Ağdam, Zəngilan və Füzulidə, ümumilikdə bütün Qarabağda dalğalanır. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, qalib ordumuzun şücaəti sayəsində Azərbaycan tarixi qələbəyə imza atdı. 

Respublika gününü "Sherg.az"a dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublunun sözlərinə görə, Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olan AXC-nin siyasi, hüququ, mənəvi varisidir:

"Nə ediriksə, həmin dəyərlərdən bəhrələnməliyik. Ərazi bütövlüyümüzün qorunması , Qarabağdakı uğurlu əməliyyatlarımız, torpaqlarımızın işğaldan azad edilməsi Cümhuriyyətimizin bizə qoyduğu ənənədir. Cümhuriyyət qurucularının irsinin yaşadılması istiqamətində bəzi işlər görməliyik. Onların əsərlərinin çapı mərkəzləşdirilmiş qaydada aparılmalıdır.  Cümhuriyyət dövründə fəaliyyət göstərən insanların bir hissəsi sonradan mühacirət həyatı yaşayıb. Ceyhun Hacıbəylinin, Hilal Münşinin, Əhməd Ağaoğlunun, M.Ə.Rəsulzadənin, Xəlil bəy Xasməmmədovun, Şəfi bəy Rüstəmbəylinin və digərlərinin arxivlərini gətirməliyik. Bu irsin sistemli şəkildə yeni nəslə çatdırılması üçün ayrıca araşdırma mərkəzinin qurulmasına ehtiyac var. Onların xatirəsini əbədiləşdirən muzey də yaradılmalıdır. Bakı şəhərində açılması daha uyğundur".

Tarixçi-alimin qənaətincə, Cümhuriyyət qurucularının məzarlarına diqqət yetirilməlidir:

"Bəzilərinin məzarları xarici ölkədədir, diqqətdən kənarda qalır. Təmir bərpa işləri həmin ölkələrdəki səfirliklərə, diaspor təşkilatlarına tapşırılmalıdır. 

AXC qurucularının tərcümeyi-halları, bioqrafiyaları orta və ali məktəblərin tədrisinə daxil edilməlidir. Onların dövlət sevgisi, vətənə bağlılıq hisslərinə dair broşürlər, kitablar, dərsliklər yazılmalıdır. Nəticə etibarilə, gənclərimizin milli, mənəvi dünya görüşünün, tərbiyə sisteminin formalaşmasına ciddi təsir göstərsin".