"Cümhuriyyət dövründə də İrəvandan Azərbaycana köç olub" - Dilqəm Əhməd


"1828-ci ildən bu yana İrəvan bölgəsindən köçə məruz qalan, öldürülən insanlarımızla bağlı kitablar hazırlanmalıdır"

  Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə həm tarixi aspektdə, həm də siyasi müstəvidə bir sıra mühüm məqamları açıqladı. Bu görüş bizə deməyə imkan verir ki, ən böyük qayıdışımız Qərbi azərbaycanlıların tarixi torpaqlarına dönməsi olacaq. 

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonunda erməni millətçiləri baş qaldırdılar və sovet hökumətinin dəstəyi ilə həm Qarabağda, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımıza qarşı növbəti cinayətə əl atdılar. Azərbaycanlılar qısa müddətdə, təxminən 3 il ərzində doğma yurd-yuvalarından - Qərbi Azərbaycandan deportasiya edildilər. İşgəncələrə məruz qaldılar, bir çoxları öldürüldü. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Halbuki indiki Ermənistan adlı ölkənin 300-dən çox şəhər və kəndində azərbaycanlılar yaşayıblar. O baxımdan dövlət başçısının Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə çıxışı həmin torpaqlara qayıdışın yol xəritəsidir. Prezident öz çıxışı ilə Qərbi Azərbaycan İcmasının ziyalıları qarşısında bir sıra mühüm vəzifələr də müəyyənləşdirdi. Ölkə başçısı vurğuladı ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı və Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə, nəticəyə hesablanmış tərzdə aparmalıdır. 
  Məlumat üçün əlavə edək ki, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Qərbi Azərbaycan İcmasının qayıdışı üçün "Deportasiya reyestri"nin yaradılmasını təklif edib. 

  Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı, araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd Prezidentin Qərbi Azərbaycan İcmasını ziyarət etməsini və çıxışını olduqca təqdirəlayiq hal kimi dəyərləndirib. Qərbi Azərbaycandan olan araşdırmaçı bildirib ki, o da həmin görüşdə iştirak etmək arzusunda olub: 

"Prezidentin İrəvan məsələsini mütəmadi gündəmə gətirməsi çox doğrudur. Bu gün həmin torpaqlar bizdə deyil, amma bu və ya digər şəkildə Azərbaycan türklərinin tarixi torpaqlara qayıtması vacibdir. Şübhəsiz ki, İrəvan bölgəsindən olan ziyalılarımız, tarixçilərimiz məsələni hər zaman gündəmdə saxlayıblar. İstər icmamızın sədri Əziz Ələkbərli olsun, istərsə də Nazim Mustafa kimi tarixçilərimiz mövzularımızla bağlı dəyərli əsərlər qələmə alıblar. Sistemli şəkildə dövlət dəstəyi ilə tədqiqat aparılması daha vacibdir. Məsələn, 1948-1953-cü ildə deportasiyaya məruz qalan şəxslərin əksəriyyəti son illərə qədər yaşayırdılar. Onların videogörüntüləri, xatirələri, sənədləri qorunmalı idi. Bəlkə də fərdi şəkildə edənlər vardı. Mənim də qohumlarım arasında bu faciəyə məruz qalanlar olub. Bir neçə sənədi qoruyub saxlaya bilmişəm. Aralarında köçürülmə bileti də var. Mənim özüm İrəvanda doğulmuşam, 1988-ci ildə ailəmiz köçə məruz qalıb. 1948-1953-cü illərin deportasiyası ilə bağlı edilməyənləri 1988-1989-cu ildə köçürülənlərlə bağlı etmək olar. Şübhəsiz ki, reyestrin yaradılması gərəklidir".

  D.Əhməd vurğulayıb ki, 1828-ci ildən bu yana İrəvan bölgəsindən köçə məruz qalan, öldürülən insanlarımızla bağlı kitablar hazırlanmalıdır: "Cümhuriyyət dövründə də İrəvandan Azərbaycana erməni zülmünə görə köçlər olub. Hansı kəndlərimiz yox edilib, nə qədər insan məhv edilibsə, sistemli şəkildə tədqiq edilməlidir. Sənədli filmlər çəkilməlidir. Məsələn, bir neçə il əvvəl Füzuli Sabiroğlu İrəvan mahalları ilə bağlı silsilə sənədli filmlər çəkdi. Dövlət dəstəyi olarsa, daha yaxşıları da çəkilə bilər. Mən şəxsən bir irəvanlı kimi cənab Prezidentə bu mövzunu gündəmdə saxladığına görə təşəkkür edirəm. Onun "biz tarixi torpaqlarımıza qayıdacağıq" vədinə ürəkdən inanıram".