Yurda qayıdış…
 

“Öz haqqımızı qaytarmaq üçün ciddi çalışmalıyıq"

Cəbi Bəhrəmov: “Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın bir hissəsidir”


“Qərbi Azərbaycandan olan əhali daim sıxışdırılıb, vəzifə tutmalarına imkan verilməyib, təhqir və təhdid ediliblər”
 

  Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası üç mərhələdə aparılıb. Birinci mərhələ 1905-1920-ci illəri, ikinci mərhələ 1948-1953-cü, üçüncü mərhələ isə 1988-1992-ci illəri əhatə edib. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu proses nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Qoca, uşaq və qadınlar da daxil olmaqla 140 min insan vəhşicəsinə qətlə yetirilib. 

Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir. Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qaçqınlıq məhrumiyyətləri nəinki Azərbaycanda, eləcə də Ermənistanın özündə və başqa ölkələrdə çap olunmuş kitablarda da kifayət qədər əksini tapıb. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Dövlət başçısı İcma nümayəndələri ilə görüşdə Qərbi Azərbaycanla bağlı mühüm mesajlar verib və soydaşlarımızın deportasiyasına diqqət çəkib. 

  Tarixçi-alim, professor, AMEA-nın A A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov "Şərq"ə açıqlamasında bildirib ki, Qərbi Azərbaycan İcmasının yaradılması, dövlət başçısı İlham Əliyevin öz ad günündə, dekabrın 24-də İcma nümayəndələri ilə görüşü təsadüfi xarakter daşımır. Alim vurğulayıb ki, Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın bir hissəsidir:

 "Qərbi Azərbaycan ərazisi 1813-cü il Gülüstan və 1828-ci Türkmənçay müqavilələrinədək ovaxtki Qacarlar İranının tərkibində qalmışdı. 1828-ci ildən sonra İrəvan xanlığının ərazisi və bütövlükdə Şimali Azərbaycan torpaqları çar Rusiyanın müstəmləkəsinə çevrildi. Yerli əhali, yəni azərbaycanlılar 1827-ci ildən başlayaraq, çar hökumətinin müstəmləkəçilik siyasəti nəticəsində öz doğma yurdlarını tərk etməyə məcbur oldular. Qaçqın və köçkünə çevrildilər. Bu vəziyyətin yaranmasının əsas səbəblərindən biri İrəvan və Naxçıvan xanlıqları ərazisində qondarma "erməni vilayəti"nin yaradılması idi. Bölgənin yerli-köklü əhalisi haqsızlıqlarla üzləşdikləri və başqa ümidləri qalmadıqları üçün Azərbaycanın digər bölgələrinə, o cümlədən Osmanlı ərazisinə məcburi köçməli oldular". 

Tarixçi qeyd edib ki, 1905-06-cı illərdə çar hökuməti bilavasitə ermənilərin əliylə törətdiyi cinayətlər sayəsində azərbaycanlıları öz doğma yurdlarından didərgin salıb:

 "1907-ci ildən başlayaraq, uzun müddət ərzində Şəkiyə, Zaqatalaya, Qaxa xeyli köçlər olub. Azərbaycanlılar öz yaşadıqları yerləri məcburən dəyişməli olublar. Çünki 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazisinə köçürülməsi prosesi başlanmışdı. Osmanlıdan 85 min, Qacar İranından 40 mindən artıq erməni bizim torpaqlarımıza köçürülüb və azərbaycanlıların yurdlarında, evlərində yerləşdirilmişdi. 1918-20-ci illərdə isə Qərbi Azərbaycan ərazisində soyqırım cinayətləri törədilib. Təkcə İrəvan quberniyası ərazisində 57 min insan qətlə yetirilib. Zəngəzur ərazisində 10 min 68 nəfər öldürülüb. 1948-53-cü illərdə azərbaycanlı əhalinin 100 min nəfərinin köçürülməsi planlaşdırılmışdı. Lakin 52 min 992 nəfər köçə məruz qalıb. Sonuncu deportasiya 1988-ci ilin sonundan, noyabr 23-dən başlayıb, 1991-ci ilədək davam edib. 

Qərbi Azərbaycan ərazisi tamamilə yerli əhalidən təmizlənib. Bu cinayətin xronologiyası belədir. "Sülh" dövrünə, məsələn, 1920-30-cu illərə, yaxud 60-70-ci illərə nəzər salsaq, həmin dövrlərdə də miqrasiyanın, təzyiqlərin olduğunu görərik. Çünki Qərbi Azərbaycandan olan əhali daim sıxışdırılıb, vəzifə tutmalarına imkan verilməyib, təhqir və təhdid ediliblər. Biz də öz haqqımızı qaytarmaq üçün ciddi çalışmalıyıq". 

  C.Bəhrəmov bəyan edib ki, dövlət başçısının İcma nümayəndələri ilə görüşdə verdiyi mesajlar çox önəmlidir: 

"Mən də Qərbi Azərbaycandanam. Biz vətənimizdən məhrum edilmişik və bu, bizə qarşı törədilən ən ağır cinayətdir. Avropada qəbul edilən "legitimlik prinsipi" anlayışı var, yəni yerli əhalinin ərazisinin əlindən alınmasına icazə verməyən qanunlar mövcuddur. Həmin qanunu dəfələrlə pozublar. Bizim legitimlik hüququmuz pozulub. Cənab Prezidentin verdiyi tapşırığa əsasən, bütün bu məsələlər qaldırılmalı, tədqiq edilməli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Qərbi Azərbaycan əhalisinin haqqı özünə qaytarılmalıdır. Əsas məqsəd budur".