Ceyhun Məmmədov: "Ulu Öndərin həyatı, siyasi fəaliyyəti haqqında yeni kitabların qələmə alınması da məqsədəuyğundur"
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Artıq yeni ilə keçməklə bərabər ölkəmizdə “Heydər Əliyev İli”də başlamış sayılır. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi vətəndaşlar, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Bu il görüləcək işlər, layihələr ictimaiyyət tərəfindən maraqla gözlənilir. Qeyd edək ki, ölkə Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət tədbirlər planı artıq təsdiqlənib.
Tədbirlər Planına əsasən, yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarlar keçiriləcək. Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxlar nümayiş olunacaq. İdman yarışları və beynəlxalq turnirlər təşki ediləcək. Ulu Öndərin irsinə həsr olunmuş əsərlər, kitablar və monoqrafiyalar nəşr olunacaq. Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü", həmçinin “Heydər Əliyev-100” yubiley medalı təsis ediləcək. Şübhəsiz, "Heydər Əliyev İli"nin təsis edilməsi, Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Fəaliyyət planının təsdiqlənməsi ilə hər bir azərbaycanlı bu işlərə yüksək səviyyədə cəlb olunur. Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. İctimaiyyət nümayəndələrinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxsiyyətdir. O, hələ sovet dönəmində rəhbərlik etdiyi gündən Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını bilirdi. Ümumilli Lider Heydər Əliyev istər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olanda, istər Azərbaycan SSR-nin birinci katibi olanda, Moskvada Siyasi Büronun üzvü olanda bilirdi ki, xalqımız mütləq öz istiqlaliyyətinə qovuşacaq. Ötən 30 il Ulu Öndərin siyasətinin nə qədər müdrik və uzaqgörən olduğunu bir daha təsdiqlədi.
Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə bildirib ki, "Heydər Əliyev İli" ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında hər şey öz əksini tapıb, məsələlərə geniş şəkildə toxunulub. Deputatın sözlərinə görə, Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif addımlar atıla bilər:
"Bunların çoxu Tədbirlər Planında qeyd olunub. Beynəlxalq konfransların, yarışların, sərgilərin, müsabiqələrin təşkilinin gündəlikdə yer alması mühümdür. "Heydər Əliyev İli" ilə bağlı həm tələbələr, həm də müəllimlər üçün təqaüdlərin müəyyənləşməsi məqsədəuyğun olardı. Eyni zamanda idman oyunları ilə bərabər, intellektual yarışların da təşkili müsbət məqamlardan olar. Bütün bu addımların kompleks şəkildə həyata keçirilməsi Ümummilli Liderin xatirəsinin daha da əbədiləşdirilməsinə öz töhfəsini verər. Ulu Öndərin həyatı, siyasi fəaliyyəti haqqında yeni kitabların qələmə alınması da məqsədəuyğundur".