"Prezident İlham Əliyevin bu məsələyə önəm verməsi Qərbi Azərbaycanlıların öz tarixi vətənlərinə geri dönüşünə müəyyən əsaslar yaradır".
Bu barədə "Sherg.az"a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, İrəvan Türk Cümhuriyyəti (İTC) Millət Şurasının sədri, ermənişünas alim Qafar Çaxmaqlı deyib.
Professor bildirib ki, dövlətin bu məsələdə qərarlılığı ümidvericidir:
"Bunun üçün ciddi konsepsiya hazırlanmalıdır.
Qayıdış konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olmalıdır və qarşı tərəfi bu işi həyata keçirməyə məcbur edəcək sənədlərlə əsaslandırılmalıdır. BMT-nin öz vətənindən qovulub çıxarılmış əhali ilə bağlı konvensiyalarına uyğun fəaliyyətlər olmalıdır.
Təbii ki, ayrı-ayrı illərdə Qərbi Azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı verilən qərarlarla bu konvensiyalar uyğunlaşdırılmalıdır. Əlbəttə, tarixi gerçəkliklər, faktlar, müxtəlif araşdırmalar da bu işin təbliğatında işimizə yarayacaq.
İTC olaraq biz də bu sahədə əlimizdən gələni etməyə hazırıq. Artıq Qərbi Azərbaycanlıların geri dönüşü ilə bağlı siyasi iradə var.
Cəmiyyətimiz və qurumlarımız bu işi reallaşdırmaq tədbirləri görməlidir. İlk iş Qərbi Azərbaycanlıların qaçqınlıq statusunun bərpası olmalıdır".