Azərbaycanın bütün rayon və şəhərlərində Ulu Öndərin anadan olmasının yüz illiyi ilə bağlı silsilə tədbirlər reallaşacaq
"Ulu Öndər Heydər Əliyev öz həyatının böyük hissəsini Azərbaycana, dövlətçiliyimizə, xalqımızın tərəqqisinə həsr edib". Bu sözləri "Şərq"ə açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə bağlı danışan deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fzərbaycançılıq məfkurəsinin müasir dövrdə işlənib hazırlanmasında müstəsna xidmətləri olub:
"Azərbaycanımızın əvvəlcə keçmiş sovetlər ittifaqında, daha sonra dünya səviyyəsində tanıdılmasında Ulu Öndərin çox böyük rolu olub. Ümummilli Lider müasir Azərbaycanın qurucusudur. Ölkəmizin güclənməsinin, müstəqillik yolunda addımlamasının, davamlı şəkildə əldə edilən uğurların bünövrəsini qoyan dahi şəxsdir. Bu baxımdan 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər bir Azərbaycan vətəndaşı üçün sevindirici qərar oldu. Əksər dövlət qurumları, qeyri-hökumət təşkilatları təsdiqlənmiş Tədbirlər Planına uyğun işlərin həyata keçirilməsi üzərində ciddi çalışırlar. Cari ildə Ulu Öndərin adıyla bağlı idman yarışları, gənclər arasında turnirlər, elmi-beynəlxalq və yerli səviyyədə konfranslar keçiriləcək. Ulu Öndərin dəyərli irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması ilə bağlı bir çox maraqlı layihələrin şahidi olacağıq".
N.Həmzəyev əlavə edib ki, bununla yanaşı, Ümummilli Liderin arzu və istəklərinin, vəsiyyətlərinin yerinə yetirilməsi ilə bağlı möhtərəm cənab Prezident İlham Əliyevin böyük uğurlarına, möhtəşəm Zəfərə də mütləq yer ayrılacaq:
"Azərbaycanın bütün rayon və şəhərlərində Ulu Öndərin anadan olmasının yüz illiyi ilə bağlı silsilə tədbirlər reallaşacaq. Xüsusi medallar, ordenlər, mükafatlar təsis ediləcək. Xarici ölkələrdə Ulu Öndərin irsinin təbliği, öyrənilməsi ilə bağlı diaspor təşkilatları çoxsaylı layihələr həyata keçiricəklər. Ulu Öndərin ən böyük arzularından biri Azərbaycanın müstəqil, güclü və qüdrətli dövlət olması, Qarabağ probleminin həlli idi. Bütün bu problemlərin həlli ilə bağlı cənab Prezident çox uğurlu siyasət həyata keçirtdi. Ulu Öndərin vəsiyyətləri yerinə yetirilir. Buna görə özümüzü xoşbəxt hesab edə bilərik ".