Deputatdan ilginc açıqlama:“Qərbi Azərbaycana tank üstündə...”


Qərbi Azərbaycana gedən yol Qarabağdan, Şuşadan, Laçından və Zəngəzurdan keçir

"Azərbaycan hökuməti həyata keçməyən layihələri proqrama salmır və dəstəkləmir. Bu o deməkdir ki, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq uğrunda mübarizəsi sonadək dəstəklənəcək"

  Qərbi Azərbaycan İcması müraciət yayıb. Müraciətdə deyilib ki, 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilatımız hazırda Ermənistan adlanan, əsrlər boyu tarixi vətənləri olmuş ərazilərdən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Vurğulanıb ki, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-06, 1918-21, 1948-53 və 1988-91-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən, 1918-21-ci illərdə “Ermənistan Respublikası”, “Dağlıq Ermənistan Respublikası” adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlılar üstünlük təşkil edən bir çox bölgələri Ermənistana verib. Yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və 1988-91-ci illərdə Ermənistan SSR-nin əməllərinin nəticələri hələ də qalmaqdadır. Aparılmış etnik təmizləmə nəticəsində 1991-ci ildən həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən, məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı seçkilik həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilir. Presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb. Onları Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı ərazi iddiasına, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycanın erməni işğalına qarşı 2020-ci ildə apardığı özünü-müdafiə əməliyyatının qələbə ilə başa çatması haqq-ədalətin bərpa olunması istiqamətində mühüm addım oldu. Eyni zamanda sülh imkanlarını artırdı. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Bu, davamlı sülhün bərqərar olunmasına ciddi təhdid törədir. Qərbi Azərbaycan İcması indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasına çalışır. Beynəlxalq ictimaiyyətin insan hüquqlarına getdikcə daha artıq əhəmiyyət verməsi İcmanı bu fəaliyyəti daha intensiv şəkildə aparmağa ruhlandırır. Bütün bunları nəzərə alan Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən azərbaycanlıların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edir. Həmçinin Azərbaycan hökumətindən prosesə dəstək göstərməsini xahiş edir. 

  Millət vəkili Məlahət İbrahimqızı "Şərq"ə açıqlamasında bildirib ki, artıq Qərbi azərbaycanlılar mütəşəkkil formada təşkilatlanıblar. Deputatın sözlərinə görə, əslində Qərbi Azərbaycandan, öz yurdlarından qovulmuş azərbaycanlılar uzun müddət ərzində öz haqq-hüquqlarını bərpa etmək istiqamətində ciddi mübarizə aparıblar:

 "Amma hər kəsə aydın idi ki, Qərbi Azərbaycana gedən yol Qarabağdan, Şuşadan, Laçından, Zəngəzurdan keçir. Bütün Azərbaycan xalqı Qarabağ uğrunda necə yumruq kimi birləşmişdisə, indi də Qərbi Azərbaycan məsələsində birlik nümayiş etdirir. Çünki belə məsələlər mərhələli şəkildə həll olunmalıdır. Birinci və İkinci Qarabağ müharibəsində Qərbi Azərbaycanda doğulmuş minlərlə şəhidimiz var. Allah bütün şəhidlərimizə rəhmət etsin, biz və gələcək nəsillər şəhidlərimizin ölməz ruhları qarşısında baş əyirik. Onları daim minnətdarlıq və sevgi ilə xatırlayacağıq. Çünki məhz şəhidlərimiz, şanlı ordumuz, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi hesabına Qarabağı işğaldan azad etdik. İkinci mərhələ isə Qərbi Azərbaycanla bağlıdır. Son yüz il, yüz əlli il ərzində xalqımıza, tarixi torpaqlarımıza qarşı ədalətsizliklər olub. Təkcə son yüz ildə rəsmi formada azərbaycanlılar üç dəfə kütləvi deportasiyaya məruz qalıblar. Başqa dövrlərdə də Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı daim təzyiqlər, zülmlər, etnik təmizləmələr həyata keçirilib, hüquqları tapdanıb. Hələ sovet imperiyası qurulmazdan öncə, XX əsrin əvvəllərində, eləcə də 1918-20-ci illərdə də erməni xəyanətinin şahidi olmuşuq. Azərbaycanlılara qarşı soyqırımlar edilib, öz yurdlarından didərgin salınıb. Ona görə də Qərbi azərbaycanlıların doğma yurdlarına geri dönməsi onların təbii hüququdur. Bütün beynəlxalq konvensiyalar, hüquqi sənədlər bu imkanı bizə verir. Möhtərəm Prezidentimiz ötən ilin dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşündə, eyni zamanda yerli kanallara müsahibəsində açıq proqramı bütün detalları ilə ortaya qoydu". 
  M.İbrahimqızı vurğulayıb ki, hazırda Qayıdış konsepsiyası hazırlanır: "Bununla bağlı bütün təkliflərimizi Qərbi Azərbaycan İcmasına təhvil vermişik. Ayrı-ayrı adamlardan fərdi qaydada təkliflər də var. Dövlətimiz də prosesi dəstəkləyir. Prezident vurğulayıb ki, Azərbaycan hökuməti həyata keçməyən layihələri proqrama salmır və dəstəkləmir. Bu o deməkdir ki, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq uğrunda mübarizəsi sonadək dəstəklənəcək. Əlbəttə, biz Qərbi Azərbaycana tank üstündə gedəsi deyilik, bunu başqa vasitələrlə də etmək mümkündür. Biz dünya təcrübəsindən qaynaqlanaraq, beynəlxalq hüquqa istinad edərək tarixi torpaqlarımıza geri dönmək istəyirik. Təsəvvür edin, Qərbi Azərbaycanın 170 kəndi tamamilə boşdur, 70 kəndin isə yarısı boşdur. Üç-beş erməni tapıb doldurublar. Həmin torpaqlar bizim yurdumuzdur və biz mütləq ora qayıdacağıq".