Yurda qayıdış

Qərbi Azərbaycanda türk əhalinin sayı dəqiq müəyyənləşdirilməlidir

Ən önəmlisi isə tarixi-coğrafi məsələləri, soydaşlarımızın hansı səbəblərdən öz yurdlarından didərgin salınması faktları üzərində dayanmalıyıq


  Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına geri dönüşünü əks etdirən “Qayıdış konsepsiyası” üzərində işini davam etdirir. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasında və ölkənin digər elmi qurumlarında Qərbi Azərbaycanla bağlı aparılan elmi tədqiqatların daha sistemli və inteqrativ şəkildə təşkili məqsədilə Əlaqələndirmə Şurası yaradılıb. Eyni zamanda AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı, beynəlxalq səviyyəli elmi konfransların planı təsdiqlənib.

Xatırladaq ki, bundan öncə Qərbi Azərbaycan İcmasının rəhbər heyəti müxtəlif strukturlarda təmsil olunan, Qərbi Azərbaycan üzrə bir qrup tədqiqatçı alimlə görüşmüşdü. Görüşdə qarşıda duran vəzifələr, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri müzakirə olunub. Tədbirdə Qərbi Azərbaycan İcması tərkibində Elm Komissiyasının yaradılması, onun müxtəlif tədqiqat sahələri üzrə bölmələrinin təşkil edilməsi və Komissiyanın işinə bu elm sahələri üzrə alimlərin cəlb edilməsi də qərara alınmışdı. 

  AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə doktoru, Bütov Azərbaycan Ocaqlarının sədr müavini Faiq Ələkbərli "Şərq"ə bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına dönüşü və bununla bağlı xüsusi Qayıdış konsepsiyasının hazırlanması mühüm məsələdir. Alim deyib ki, sözügedən konsepsiya əslində Bütöv Azərbaycan məsələsinin önəmli tərkib hissəsidir: 

"Azərbaycan türklərinin indiki Ermənistan ərazisi sayılan tarixi torpaqlarına qayıdışı hüquqi cəhətdən ciddi şəkildə işlənməlidir. Qərbi Azərbaycanda türk əhalinin sayı dəqiq müəyyənləşdirilməli və indiki sayın nisbətinin müqayisəsi aparılmalıdır. 

Ən önəmlisi isə tarixi-coğrafi məsələləri, soydaşlarımızın hansı səbəblərdən öz yurdlarından didərgin salınması faktları üzərində dayanmalıyıq. Sadəcə hüquqi deyil, demoqrafik və siyasi-iqtisadi cəhətdən də ayrı-ayrılıqda iş görülməlidir. Hər kiçik detal nəzərə alınmalıdır. Əgər yenidən öz dədə-baba yurdlarımıza qayıtmaq istəyiriksə, dünya ictimaiyyəti bu məsələdə nə qədər israrlı və qətiyyətli olduğumuzu görməlidir. Prosesdə davamlılıq əsasdır ki, beynəlxalq aləm öz torpaqlarımıza qayıtmaq qərarında ciddi olduğumuzu anlasın. Bu, çox önəmli məqamdır". 

  F.Ələkbərli vurğulayıb ki, boşluqlar dərhal doldurulmalıdır: 

"BMT ilə sıx işləmək lazımdır. Qayıdış konsepsiyasına uyğun olaraq hər sahədə ciddi addımlar atılmalıdır. Ümid edirəm, proses uzun çəkməyəcək. İnsanlarımızın Zəngəzura, Göyçəyə qayıdışı ciddi şəkildə və daim gündəmdə saxlanılmalıdır. Azərbaycana dost olan dövlətləri də prosesə cəlb etməliyik. AMEA-nın işin içində yer alması sevindiricidir. Məsələyə elmi tədqiqatlarla yanaşılması olduqca vacibdir. Təbii ki, tarixi-elmi əsaslandırmamız boş söz yığınlarından ibarət olmamalı, ciddi tədqiqatlara söykənməlidir".