Bu faciə həm də Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi
oldu
Bir gün sonra Azərbaycan xalqı 20 Yanvar faciəsinin 33-cü ildönümünü qeyd edəcək. Şəhidlər
Xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar
hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. BŞİH-nin
qurumları tərəfindən Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür. Ağacların
budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib. İşıq dirəkləri
rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, 33 il öncə müstəqil dövlətçilik tariximizin həm acılı, həm də şərəfli
günləri yaşanıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər tək faciə yox, həm də
xalqımızın tarixinin şərəfli səhifələrindən biri, ictimai-siyasi təfəkkürümüzdə yaranmış
təbəddülatlar günü, milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Həmin gün Bakı qırmızı
rəngə boyandı, açılan 20 yanvar səhəri şəhid oğul və qızlarımızın qanından rəng aldı, xalqımızın
azadlıq harayı sovet tanklarının tırtılları altında boğuldu. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan
xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu
cinayətkar hərəkəti nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş
vəhşiliklərə yol verildi. Günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirildi,
yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə
ucaldılar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi
təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu
göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə
xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü
kimi düşən 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa
layiq olduğunu bütün dünyaya çatdırdı.
Millət vəkili Cavid Osmanov "Şərq"ə açıqlamasında deyib ki, 1990-cı ilin Qanlı Yanvar
hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda ləyaqətini qorumaq üçün
hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Deputat vurğulayıb ki, 20
Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda
xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bir
sözlə, 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc
nöqtəsi oldu:
"Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası
tələbinin irəli sürülməsinə və o zaman “Dağlıq Qarabağ” adlanan ərazinin Ermənistana
birləşdirilməsinə xalqın qətiyyətlə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml
Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə
Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və
Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli
silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və
daxili qoşunların böyük bir kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət
edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməyib. 20 Yanvar
faciəsinin törədilmə səbəblərindən bəlli olur ki, bu, siyasi maraqlar naminə Azərbaycan xalqına
qarşı törədilmiş cinayətdir. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər
nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və
zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, "Respublika" stadionunda,
Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə
Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi
məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Yanvarın 19-dan 20-nə keçən gecə
hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar.
Kütləvi insan qırğını törədilərkən tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından
istifadə edilib, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində
21 nəfər öldürülmüşdü".
Parlament üzvü bildirib ki, Qanlı Yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə
məhdudlaşmadı. Ölkənin digər rayonlarında yanvarın 25-də Neftçala, yanvarın 26-da isə
Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə respublikada 147 nəfər öldürülüb, 744 nəfər
yaralanıb, 841 nəfər qanunsuz həbs olunmuşdu:
"200 ev və mənzil, 80 avtomaşın, o cümlədən
təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. 1990-cı il yanvarın 20-də
Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz
yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün
bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız
adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə
çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular. Belə bir vəziyyətdə
Azərbaycanın ovaxtkı siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda
susmağı daha üstün tutmuşdu. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin
formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi
olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib. Dönməz xarakter alıb,
xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində
Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş
hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk
dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa
başladılar. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və
soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya
fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə
təkan verdi".
C.Osmanov qeyd edib ki, Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev
Bakıda törədilmiş qanlı faciənin səhəri, yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən,
həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi.
Qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi:
"Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və Respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider
Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi qiymətini verdi.
Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymət də məhz Ümummilli Lider Heydər Əliyevin
təşəbbüsü ilə verildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk
siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli Qərar qəbul edilmişdi. Ölkə Prezidenti
seçildikdən sonra Ulu Öndərin təşəbbüs və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli
Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin
başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində
həqiqətlər üzə çıxdı. “20 Yanvar Şəhidi” fəxri adı da məhz 1998-ci ildə Ulu Öndər Heydər
Əliyevin Fərmanı ilə təsis edilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən
Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial
məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Ölkə başçısının təşəbbüsləri sayəsində 20
Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə
sistemi formalaşıb. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin
əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin
gücləndirilməsi üçün Prezident cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılıb. Dövlət
Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət
qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bütün bunlarla yanaşı, Şəhidlər Xiyabanında təmir
və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən
bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə
memorial abidə kompleksi ucaldılıb. Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın
azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda
canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın
bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Gəmilərdən,
avtomobillərdən və qatarlardan SOS siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları
endirilir. Ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs
xatirələri xalqımızın qəlbində əbədi yaşayacaq".