Elman Məmmədov deyib ki, faciəyə hüquqi-siyasi qiymət verilməlidir
"Qaradağlı soyqırımına hüquqi-siyasi qiymət verilməlidir”. Bunu Milli Məclisin iclasında deputat Elman Məmmədov bildirib. Parlament üzvü bildirib ki, Qaradağlı soyqırımı böyük faciədir: “Ermənilər Qaradağlı kəndinin dinc sakinlərini vəhşicəsinə qətlə yetiriblər. Quyulara dolduraraq üzərini torpaqlayıblar. Xocavəndin 130 şəhidindən 78-i məhz Qaradağlı kəndinin sakinləri olub. Bu dəhşətli faciənin baş verməsindən 31 il ötüb. Hesab edirəm ki, Qaradağlı soyqırımının bütün detalları ilə beynəlxalq aləmə çatdırılmasına, faciəyə hüquqi-siyasi qiymət verilməsinə nail olmalıyıq".
Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi 17 fevral 1992-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlına görə, işğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilib.
Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırım həyata keçirilib, etnik təmizləmə aparılıb.
Qaradağlı kəndinin işğalı zamanı 39 nəfər itkin düşmüş şəxs kimi axtarışdadır. Onlardan 33 nəfər kişi, 5 nəfər uşaq (oğlan), 1 nəfər isə qadındır. Əsir-girov götürülmüş 50 nəfər isə sonradan azad olunub.