"Heydər Əliyevlə dəfələrlə telefonla danışmışam"

Cəlil Xəlilov: "Bir dəfə mənə zəng edərək əslən Lənkərandan olan, vaxtı ilə bu şəhərdə yüksək vəzifələr tutan, xalq arasında böyük nüfuza sahib olan bəzi adamlardan söhbət açdı. Məndən soruşdu ki, bu adamları tapıb mənimlə əlaqələndirmək üçün sənə nə qədər vaxt lazımdır? Dedim ki, cəmi bir saat içində bu şəxsləri sizinlə əlaqələndirə bilərəm

"Heydər Əliyev xatirələrdə..."

  Ulu Öndər Heydər Əliyevin dövlətimizin inkişafında misilsiz xidmətləri var. Ümummilli Lider istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi müddətində əsrlərə sığmayan işlər görüb. Heydər Əliyevin millətimiz və dövlətimiz qarşısındakı xidmətlərinə dair yüzlərlə irihəcmli əsərlər yazılıb, bu gün də yazılır və gələcəkdə də yazılacaq. Sovet sistemi şəraitində Heydər Əliyev respublikamızı müttəfiq respublikalar arasında önə çıxartdı, xalqımızın başını uca etdi. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edildi, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirildi. Məhz həmin dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün lazım olan obyektiv amillər formalaşdırıldı. Azərbaycan ərazisində ilk dəfə olaraq Heydər Əliyevin liderliyi altında Naxçıvan MSSR-in adından "sovet, sosialist" ifadələri çıxarıldı. Cümhuriyyətimizin üçrəngli, aypara və səkkiz guşəli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq rəsmən qəbul edildi. Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. 1993-cü ildə Azərbaycan dövləti dağılmaq, ölkə parçalanmaq və millətimiz vətəndaş müharibəsi astanasında olan bir zamanda Heydər Əliyev Vətəni parçalanmaqdan, dövləti dağılmaqdan və minilliklər boyu tək olmuş millətimizi vətəndaş müharibəsindən xilas etdi, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətin rəhbərliyi etibarlı əllərdədir və ordu  müdrik sərkərdənin komandanlığı ilə idarə olunur. Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günahlarını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə iştirak etdi. Bax, budur, xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi. O baxımdan Ulu Öndərin müstəqillik dövründə  həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir.  1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi də məhz Ulu Öndərdir. Ulu Öndər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltdı. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dövlət və sənət xadimləri, şair və yazıçılar, elm adamları, ziyalılar, hərbçilər, bütün sahənin nümayəndələri Ulu Öndərlə bağlı xatirələrində görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirirlər. Ümummilli Lider Heydər Əliyev öz xarakteri, müdrikliyi, xarizması sayəsində onunla ünsiyyətdə olmaq şərəfinə layiq olmuş hər bir insanın yaddaşında silinməz izlər buraxıb. 

  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da Ulu Öndərlə bağlı xatirələrindən danışıb. Polkovnik bildirib ki, Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri çoxdur:

 "Hər şeydən öncə qeyd edim ki, mənim və mənim kimi yüzlərlə azərbaycanlının ali hərbi məktəbə qəbulu Heydər Əliyevin adı ilə bağlıdır. Bildiyiniz kimi, sovet dönəmində Heydər Əliyevə qədər azərbaycanlıların ali hərbi məktəblərdə təhsil almasına müxtəlif bəhanələrlə əngəllər törədilirdi. Gah azərbaycanlıların rus dilini yaxşı bilməməsi bəhanə edilir, gah da digər iddialarla azərbaycanlıları hərb peşəsinə yaxın buraxmaq istəmirdilər. Heydər Əliyev bütün bu maneələri aradan qaldırdı. O, sovet rəhbərliyinə müraciət edərək azərbaycanlıların ali hərbi məktəblərə müsabiqəsiz daxil olması məsələsini qaldırdı. O cümlədən Azərbaycanda hərbi məktəbin açılmasına nail oldu. Məhz Heydər Əliyevin səyi nəticəsində mən və xeyli sayda soydaşımız SSRİ dönəmində ali hərbi məktəblərdə təhsil alaraq peşəkar hərbi kadrlar kimi formalaşdıq. Hansı ki, bu kadrlar sonrakı dönəmdə - Azərbaycanın müstəqilliyi illərində milli ordumuzun formalaşmasında mühüm rol oynadı. 1993-cü ildə Lənkəranda sərhəd dəstəsinin qərargah rəisi olan zaman Heydər Əliyevlə dəfələrlə telefon əlaqəsi saxlamışam. Həmin vaxt mən Lənkəranda sərhəd dəstəsinin qərargah rəisi idim və faktiki olaraq sərhəd dəstəsinin rəisi vəzifəsini icra edirdim. O vaxt sərhəd dəstəsi cənubdakı separatçı qüvvələrə qarşı yeganə əsas müqavimət mərkəzi idi. Mən Heydər Əliyevin göstərişi ilə mütəmadi surətdə onu bölgədəki vəziyyətlə bağlı məlumatlandırır, öz fəaliyyətimi onun tövsiyələri və göstərişləri əsasında qururdum. Bir dəfə Heydər Əliyev mənə zəng edərək əslən Lənkərandan olan, vaxtı ilə bu şəhərdə yüksək vəzifələr tutan, xalq arasında böyük nüfuza sahib olan bəzi adamlardan söhbət açdı. Məndən soruşdu ki, bu adamları tapıb mənimlə əlaqələndirmək üçün sənə nə qədər vaxt lazımdır? Dedim ki, cəmi bir saat içində bu şəxsləri sizinlə əlaqələndirə bilərəm. Və bir saatdan sonra Heydər Əliyev bu şəxslərə telefon vasitəsilə təlimatlar verir. Onları xalq arasında təbliğat işini genişləndirməyi, separatizmə qarşı mübarizədə xalqı səfərbər etməyi tövsiyə edirdi. Həmin vaxt separatizmə qarşı mübarizədə böyük fəallıq göstərən Dilrubə Camalovanın təhlükəsizliyinin təmin edilməsi, onun qorunması da diqqət mərkəzində saxlanılırdı. Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycan xalqı hec vaxt separatizmə dəstək verməyib. Əksinə, bu cür hallara qarşı mübarizə aparıb. Sadəcə, həmin vaxt baş verən hadisələrin mahiyyətini anlamayan bəzi gənclər müxtəlif vədlərə inanaraq separatçı fəalların ətrafında cəmləşmişdi ki, onların böyük əksəriyyəti əsl həqiqəti anladıqdan sonra separatçılardan ayrılaraq dövlətin mərhəmətinə sığındı. Onlar Heydər Əliyevə inanaraq separatist əməllərdən imtina etdilər. Ümumiyyətlə, xalq Heydər Əliyevə bütün qəlbi ilə inanırdı və Ulu Öndər hər zaman xalqın bu inamını doğrultdu”.
  Cəlil Xəlilov qeyd edib ki, Heydər Əliyev bölgədəki vəziyyəti daim diqqət mərkəzində saxlayır, tövsiyə və göstərişlər verməklə yanaşı, təkliflərlə də maraqlanırdı: 

“Bir dəfə o, ölkəmizin cənubunda yaranan gərgin vəziyyət haqqındakı söhbət əsnasında məndən soruşdu ki, mövcud situasiyanın içində olan, vəziyyətə hərtərəfli bələd olan insan kimi nə təklif edə bilərsən? Mən bildirdim ki, cənab Prezident, biz separatçıların ətrafında birləşən gənclərlə, xüsusilə də onların valideynləri, doğmaları ilə təbliğat işini genişləndirməliyik. Əgər biz bu işi yüksək səviyyədə qura bilsək, o zaman gənclər səhv yolda olduqlarını anlayıb bu yoldan dönərlər. Bu təklif Heydər Əliyevin çox xoşuna gəldi. Məhz onun göstərişi ilə biz, habelə Bakıdan Lənkərana ezam edilən nümayəndə heyəti həmin gənclərin doğmaları ilə geniş maarifləndirmə işi apardıq. Nəticədə, bir neçə gündən sonra həmin gənclərin böyük hissəsi silahı yerə qoyaraq doğmalarının yanına qayıtdı. Separatçı fəallar qısa zamanda neytrallaşdırıldı. Separatçıların nəzarətindəki silah-sursat, hərbi texnika müvafiq dövlət orqanlarına qaytarıldı. Ulu Öndər qardaş qırğınının qarşısını almaq üçün hər şey etdi və xalqı qırğından xilas etdi. Mən fəxr edirəm ki, tale mənə Ulu Öndərlə ünsiyyətdə olmaq, onun tövsiyələrindən faydalanmaq, Ümummilli Liderin tapşırıq və göstərişlərini icra etmək səadəti bəxş edib. Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də xalqımızla birlikdə əbədi yaşayacaq, hər zaman sevgi ilə yad ediləcək”.