Xocalıda soyumuzu qırdılar

Bəşəriyyətin ən dəhşətli faciəsinin 31 ili gəlir

  Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edilib. Qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib. Otuz bir ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. 44 günlük Vətən müharibəsində torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu.

Bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. 1990-cı illərin əvvəllərində Xocalıya qədər ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. Hələ faciədən dörd ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər faktiki olaraq mühasirəyə alınmışdı. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi və bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən atılan raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və azərbaycanlılar yaşayan digər strateji əhəmiyyətə malik kəndlər ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı motoatıcı alay Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə, Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə ikinci Xocalı da deyirlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi. Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu. 
  Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini. 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü. 
  Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl işlər görülür. Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-nin 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub. 
  Qeyd etmək lazımdır ki, Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirib. Münaqişə zonasından xeyli uzaqda da dinc əhaliyə qarşı ardıcıl surətdə terror-təxribat aksiyaları törədib. Aparılmış istintaq və məhkəmə təhqiqatları zamanı terror aktlarının və işgəncələrin Ermənistanın xüsusi xidmət orqanları, erməni terrorçu təşkilatları və separatçı qurumlar tərəfindən törədilməsi sübuta yetirilib. Xocalı vəhşətindən sağ qurtulmuş, lakin cəhənnəm kimi əsirlik, girovluq həyatı yaşamış Xocalı sakinlərinin ifadələrindən də bunu görmək mümkündür. 
  Ələmdar Abbasov 26 fevral 1992-ci il tarixində girov götürülüb və 28 mart 1992-ci ildə azad edilib. İfadəsində bildirib ki, iki gün qarlı meşədə ac-susuz yol axtarandan sonra ermənilərin yaşadığı Dəhraz kəndinə gəlib çıxıblar. Kəndin yaxınlığında əllərində avtomat silahlar olan Ermənistan hərbiçiləri onları girov götürüblər: "Hərbiçilərin arasında əvvəllər Sumqayıtda yaşamış erməni Serjik də var idi. Əvvəlcə üst-başlarımızı axtardılar. Sonradan məlum oldu ki, elə həmin gecə onun həyat yoldaşı da girov götürülüb. Sonra onları Dəhraz kəndindəki böyük bir tövləyə aparıb və iki gün orada saxlayıblar. Fermada 150 nəfər girov saxlanılırmış. Orada Xocalı camaatına görünməz dərəcədə zülm edib, uşaqları, qadınları, qocaları döyərək təhqir edib, ac-susuz saxlayıblar. Baş verənləri anlamayan uşaqların dəhşətdən gözləri böyümüşdü. Orada Ermənistan hərbçiləri 13 yeniyetmə oğlanı valideynlərindən zorla ayıraraq naməlum istiqamətdə apardılar". Sonra onu Xankəndi şəhərinə apararaq Milis idarəsinin təcridxanasına yerləşdiriblər. Təcridxanada onlarla yanaşı, digər əsir-girovlar da saxlanırmış. Onlardan 56 nəfəri Xocalı şəhərinin, qalanları isə 17 fevral 1992-ci il tarixdə girov götürülmüş Xocavənd rayonunun Qaradağlı kəndinin sakinləri idi. Girovların saxlandığı tikilinin pəncərəsinin şüşələri olmadığı üçün bayırla içəridəki temperaturda heç bir fərq yox imiş. Əslində isə şüşələri ermənilər bilərəkdən vurub sındırmışdılar. Orada milislər Ə.Abbasovdan soruşublar ki, “Qarabağ Azərbaycanındır, yoxsa Ermənistanın?”. “Azərbaycanındır” cavabını aldıqdan sonra xüsusi təyinatlı milis nəfərinin dördü də ayağa qalxaraq onu vəhşicəsinə təpikləyiblər. O qədər vurublar ki, huşunu itirib. Sonra Ə.Abbasovu bayıra çıxarıb soyundurublar. Huşu özünə gələndən sonra yenidən təpiklə döyüb, siqaret yandırıb közünü bədəninə basıblar. Orada İrəvandan gəlmiş, hərbi geyimdə olan Manvel adlı erməni Ə.Abbasovu armaturla döyüb, bədəninin hər tərəfinə ağır zərbələr vurmuşdu". 
  Göyçək Abbasova isə 1992-ci il fevral ayının 25-də girov götürülmüş, 28-də azad edilmişdi. İfadəsində bildirmişdi ki, girovların arasında 13 qadın da olub. Onları Əsgəran rayonuna aparıb 12 metr uzunluğu olan zirzəmiyə salıb, iki gün ac-susuz saxlayıb, qadınların başına hər cür oyunlar açıblar. Yalnız uşaqlara acından ölməmək üçün bir parça çörək və neftli vedrədə su veriblər. Ayın 28-də onları buraxacaqlarını deyərək, Ağdam istiqamətindəki posta gətirib, azad ediblər. Ancaq aralarında olan 3 nəfər gənc gəlini isə buraxmayıblar. Onlardan birinin adı Elza idi. Ermənilər girovlara deyirmişlər ki, sizin hamınızı qıracağıq".