Tarixi şəxsiyyətlər seçilmiş insanlar olur


Zaman onları böyük missiyalar üçün, millətin arzu və ideallarını reallaşdırmaq üçün yetişdirir 

Heydər Əliyev də tarixin xalqımıza, ölkəmizə verdiyi şansları düzgün dəyərləndirən və müdrikcəsinə reallaşdıran böyük tarixi şəxsiyyətdir

  Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olub. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Ümummilli Liderimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. 1970-ci illərdə Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası imicini, adını qazandı. İndi isə məmnunluq hissi ilə deyirik ki, Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil  Azərbaycan dövləti bütün dünyada ən dinamik iqtisadiyyatı olan, ən böyük sürətlə inkişaf edən dövlət kimi tanındı. Çünki Heydər Əliyev illər əvvəl Azərbaycana rəhbər seçiləndə qarşıda başlıca vəzifə kimi ilk növbədə Azərbaycan xalqının mənəviyyatının, mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayan Heydər Əliyev Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misli görünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 
  Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdi. Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdı. 1997-ci ildə Heydər Əliyev ABŞ-yə rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".
  Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdu. Azərbaycançılıq ideologiyasının pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir. 
  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə üst-üstə düşən 20-ci yüzillik Azərbaycan xalqının tarixindən və taleyindən qırmızı xətt kimi keçir və böyük liderin taleyi ilə xalqımızın taleyi, ölkəmizin taleyi bir-birilə çulğaşır. Təsadüfi deyil ki, dünyanın və Azərbaycanın taleyini kökündən dəyişən ən mühüm hadisələrin bir çoxu məhz 20-ci yüzillikdə baş verib. Dövlət müstəqilliyimizi iki dəfə bərpa etməyimiz də 20-ci əsrin xronikasında yer alır: "Bu gün Azərbaycanda uşaqdan böyüyə az qala hər kəsin əzbər bildiyi məşhur bir ifadə var: “Müstəqilliyimiz əbədi və dönməzdir”. Böyük bir həqiqəti özündə əks etdirən bu məşhur ifadənin müəllifi Ulu Öndər Heydər Əliyevdir. O, bu ifadəni sadəcə sıradan bir söz kimi yox, içdən inanaraq söyləmişdi. Heydər  Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin həqiqətən də əbədi və dönməz olmasını, sarsılmaz olmasını ürəkdən istəyirdi. Çünki o, bir əsrdə iki dəfə dövlət müstəqilliyimizi bərpa etməyin və eyni zamanda bu müstəqilliyi qoruyub saxlamağın nə qədər çətin olduğunu çox yaxşı bilirdi.
  Bu baxımdan heç də təsadüfi deyil ki, ikinci dəfə müstəqilliyimizin bərpası və qorunması məhz Ulu Öndər Əliyevin adıyla bağlıdır. Tarix müasir müstəqil Azərbaycanın və yaxud, Üçüncü Respublikanın memarı olmaq missiyasını onun çiyinləri üzərinə qoymuşdu. Keşməkeşli bir dönəmdə - ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşanan dərin siyasi və iqtisadi böhranı, idarəsizlik xaosunu və vətəndaş müharibəsi təhlükəsini, separatizm təhdidlərini böyük bir əzmkarlıq və qətiyyətlə aradan qaldıran dahi siyasətçi Heydər Əliyevin yürütdüyü uğurlu siyasət Azərbaycanın dövlət müstəqilliyini həqiqətən də daimi, dönməz və əbədi etdi. Bu mənada biz tarixdə şəxsiyyətin rolunu xüsusilə qeyd etməliyik. Tarixi şəxsiyyətlər seçilmiş insanlar olur. Zaman onları böyük missiyalar üçün, millətin arzu və ideallarını reallaşdırmaq üçün və yaxud, ölkəni daxili və xarici düşmənlərin təhdidlərindən, təxribatlarından qorumaq üçün fövqəladə əhəmiyyətli şəxsiyyətlər kimi yetişdirir. Heydər Əliyev də tarixin xalqımıza, ölkəmizə verdiyi şansları düzgün dəyərləndirən və müdrikcəsinə reallaşdıran böyük tarixi şəxsiyyətdir. Bu cür şəxsiyyətlər öz xalqının, öz ölkəsinin ən yeni tarixini yaradır. Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və ölkəmizin inkişafı üçün gördüyü misilsiz işlər məhz tarix yaratmaq kimi dəyərləndirilməlidir".
  Partiya sədri diqqətə çatdırıb ki, həmin dövrdə Azərbaycanı parçalanmaqdan, dövlətçiliyin itirilməsi təhlükəsindən Heydər Əliyevin qətiyyəti, çevik kombinasiyaları və müdrik siyasəti xilas etdi: "Ölkədə dərəbəyliyə son qoyuldu, qanunsuz silahlı dəstələr ləğv olundu, dövlətin nüfuzunun bərpası istiqamətində önəmli addımlar atıldı. İlk növbədə ictimai-siyasi sabitlik yaradıldı, milli dövlətçiliyin təməli qoyuldu. Eyni zamanda bərpa-quruculuq işlərinə start verildi və iqtisadi dirçəlişə nail olunması üçün zəruri işlər görüldü, “Əsrin müqaviləsi” kimi nəhəng beynəlxalq layihələrin həyata keçirilməsinin əsası qoyuldu. Heydər Əliyev bir əsrə sığa biləcək bu cür taleyüklü işlərin hamısını 10 il ərzində gerçəkləşdirməyi bacardı. Bu işlərin hamısı yalnız bir əsas hədəfə - Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edirdi. Müstəqillik onun üçün adi bir məhfum deyildi. Bir xalqın öz müstəqil dövlətinə sahib olmasının nə qədər əvəzolunmaz bir şans və bir dəyər olduğunu Heydər Əliyev həmin dövrdə hamıdan yaxşı dərk edirdi. Çünki o, Sovetlər İttifaqı kimi dünyanın ən nəhəng supergüclərindən birinin hakimiyyət eşalonunun lap zirvəsinə qədər yüksəlmişdi, lakin o, bu dövlətin “xalqlar həbsxanası”ndan başqa bir şey olmadığını bütün ayrıntıları ilə hiss etmişdi, başa düşmüşdü". 
  Ekspert bildirib ki, Heydər Əliyev belə bir imperiyanın gec-tez dağılacağını bilirdi: "Ona görə də məhz milli dövlətçiliyin əsas hədəf kimi götürülməsinin vacibliyini uzaqgörənliklə dərk edirdi. Ulu Öndər hər fürsətdə vurğulayırdı ki, indi bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini hər zaman qoruyub saxlamaq və onu inkişaf etdirməkdən ibarət olmalıdır. Bu onun həyatının ali məqsədinə çevrilmişdi və o, bu ülvi məqsədini həyata keçirmək üçün var gücünü sərf edirdi. 1993-cü ilin sentyabr ayında parlamentdə gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı Ulu Öndərin müstəqilliyimizlə bağlı səsləndirdiyi müdrik bir öncəgörməsi zamanla özünü təsdiqlədi:

“Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir”. Belə də oldu. Heydər Əliyev ömrünün sonuna kimi bu dahiyanə sözlərinə sadiq qalaraq Azərbaycanın böyüməsi və güclü bir dövlətə çevrilməsi üçün var gücü ilə çalışdı. Xalqımız və ölkəmiz qarşısında misilsiz tarixi xidmətləri olan bu cür böyük dövlət adamının, strateji düşüncə sahibinin şərəfinə  2023-cü ilin "Heydər Əliyev ili" kimi keçirilməsi bizim onun xidmətləri qarşısında şükranlıq borcumuzun bir ifadəsidir. Öz həyatını dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət etməyə həsr etmiş Azərbaycan xalqının böyük və dahi oğlu Heydər Əliyevin şəxsiyyəti hər bir azərbaycanlı üçün örnək olacaq".