İstiqlalın gizlin qəhrəmanı - Akif Aşırlı yazır


  Həyatını millətin istiqlalı, azadlığı yolunda qurban edən saysız-hesabsız qəhrəmanlar var. Tarixin itib-batan qaranlıq məkanlarından uğrunda can qurban etdikləri vətənə tərəf boylanan, ruhu millətin azadlıq eşqində dolaşan bu qəhrəmanlar öz adını yaşatmaq üçün mücadilə etməyib. Onların amalı müstəqil, azad Azərbaycan Cümhuriyyətinin varlığını yaşatmaq olub. Azərbaycan Cümhuriyyətini quran, bu müqəddəs amala xidmət edən tarixi şəxsiyyətlərin hər birinin həyatı, fəaliyyəti bizim üçün öyünüləsi, öyrənilməsi vacib olan mühüm məsələlərdir. 
Kərbəlayi Vəli Mikayılzadə

  M.Ə.Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Ə.Topçubaşov, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Mustafa bəy Vəkilli və əqidədaşları yoxdan var olan müstəqil Azərbaycan yaratdılar. Bu şəxsiyyətlərin sırasında Azərbaycan Cümhuriyyəti üçün varlığını qanlı-qadalı mübarizələrə, mücadiləyə həsr edən,  heç bir təhlükədən qorxub-çəkinməyən yüzərlə istiqlalçı mücahid var. Bu mücahidlərin çoxunun nə məzarının yeri bəllidir, nə də taleyinə azacıq işıq salan tədqiqatların, araşdırmaların izi var.  
  Belə mücahidlərdən, istiqlal fədailərindən biri Kərbəlayi Vəli Mikayılzadədir. 
   Azərbaycan Türk Ocağı və Müsavat Partiyasının qurucularından olan Kərbəlayi Vəli Mikayılzadə 1877-ci ildə Bakıda anadan olub. 


  
Kərbəlayi Vəlinin ulu babası "Topuz vuran" Eyvaz Bakının Bülbülə kəndində igidliyi, mərdanə davranışı ilə seçilib, sözünün qabağına söz deyən olmayıb. Ailə şəcərəsini, nəsil, soy-kök ağacını köhnə bir dəftərə yazan, Kərbəlayi Vəlinin övladı Əyyub Mikayılov "Topuz vuran" Eyvazın təqribən 1750-ci illərdə Bakının Bülbülə kəndində məşhur bir şəxs olduğunu atasının, yaxın qohumlarının xatirələrinə söykənərək qələmə alıb: "Eyvaz kişi bayramlarda, toylarda və məclislərdə meydanlar gəzir, özünə rəqib axtarırdı. O zamanlar topuz vurmaq çox şöhrət tapmışdı. Eyvaz kişinin yalnız bir oğlu olur ki, adını Mikayıl qoyur". Bakı və ətraf kəndlərdə igidliyi ilə seçilən Eyvaz kişinin bu tək oğlu Mikayılın adı sonradan nəslin soyadına çevrilir, bugünədək gəlib çıxır.
  Qeyd edək ki, topuz, qədim türklərin hərb tarixində istifadə etdiyi soyuq silahlardan biri hesab edilir. Süvarilərin, yeniçərilərin döyüşlərdə yararlandığı bu soyuq silah qamçıdan və qamçının sonunda bir neçə deşici, kəsici dişlərdən ibarət müxtəlif metaldan tökülən dairəvi alətdir. Görünür, türk döyüş sənətinin zamanında ən çox istifadə edilən bu soyuq silahı sonradan meydanlarda qoçular, el pəhləvanları arasında döyüşlərdə, cəng davalarında istifadə olunub.
  Nəslin bünövrə daşı Eyvaz kişi Bülbülədə dünyasını dəyişir, oğlu Mikayıl XIX əsrin əvvəllərində Bakının mərkəzinə köçür. Bu həmin vaxt idi ki, Bakı kapitalist şəhərinə, milyonlar səltənətinə hələ yeni-yeni çevrilirdi, yerin altındakı qara qızılın sorağı bütün dünyaya yayılırdı. Mikayıl Bakının keçmiş Basinlə Dimitrov küçəsi arasında özünə yerdən qazma bir dam tikir, taxılçılıqla məşğul olur, evlənir. İki oğlu dünyaya gəlir, əvvəl Yaqub, sonra Əyyub doğulur.
  Ahıl yaşında gözlərini əbədi yuman Mikayılın övladları əl-ələ verib, atalarının yolunu davam etdirir, əkinçiliklə məşğul olur, qardaşların övladları dünyaya gəlir. İstiqlal tariximizin naməlum qəhrəmanlarından olan Kərbəlayi Vəli Mikayılzadə Əyyub kişinin ailəsində doğulur. Bu ocaqda sonra iki qız da dünyaya gəlir, adını köhnə bakılıların qız uşaqlarına sevə-sevə qoyduqları Bikəxanım İzzətxanım adlarını qoyurlar.
  Yaqubla Əyyub ticarətə başlayır, Həştərxana tacirlərin mallarının daşınmasından da yaxşı pul, imkan qazanır, xətir-hörmət sahibi olurlar. Qardaşlar birləşib Bakının köhnə Dimitrov küçəsində ikimərtəbəli imarət tikdirir, ailələri birgə yaşayır.
  Əyyub növbəti dəfə gəmi ilə tacirlərin yükünü Həştərxana daşıyanda, bakılı tacir Mir Səlah, nədənsə sövdələşməni pozur, daşınma haqqını vermək istəmir, Əyyubla mübahisəyə başlayır. Əlini tapançasına atan Mir Səlah Əyyubu nişan alsa da, güllələr yan keçir. Tapançanı cəld Mir Səlahın əlindən alan Əyyub onu güllələyir. Nəsillər arasında araya on illərlə davam edən qan düşür, düşmənçilik başlayır. Beləliklə, Əyyubun Bakıya yolu bağlanır. Bir müddət gəmini Ənzəli limanında saxlayır, xəbər alır ki, Hacı Səlahın qohum-qardaşı onun yerini öyrənib, qisasa hazırlaşırlar. Ailəsini Bakıdan öz yanına gətirdən Əyyub yolunu Kərbəlaya salır. Çünki bu müqəddəs yer toxunulmaz bir məkan hesab edilir, düşmənçilik burda mümkünsüzdür, qətlə yetirilmək qorxusu yoxdur. Düz 17 il Əyyub öz ailəsi, oğlu, iki qızı ilə Kərbəlada yaşayır və orda da dünyasını dəyişir.
  Qan düşmənçiliyinin aradan qalxdığını, sovuşduğunu görən Vəli ata-anasını Kərbəla torpağına tapşırandan sonra Bakıya, ömrünün son illərini yaşayan əmisi Yaqubun yanına qayıdır. Əmisi qızı Anaxanımla evlənən Vəli müqəddəs Quranı, fars-ərəb dilini, islam fəlsəfəsini gözəl bildiyindən Bakıda Kərbəlayi Vəli kimi tanınır, hörmət edilir.
*** ***
  1905-ci il inqilabından sonra Bakının ictimai-siyasi, mədəni həyatında yeniliklər bir-birini əvəzləyir, anadilli mətbuat nümunələr, "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Dəbistan" və digər mətbu nəşrlər çap edilir, yayılır. Xeyriyyə cəmiyyətləri, dram truppaları, gizli siyasi dərnəklər yaradılır, ictimai təşkilatlar qurulur. Bakı və ətraf kəndlərdə biliyi, bacarığı, ən əsası da mübariz əhval-ruhiyyədə olan Kərbəlayi Vəli ictimai-siyasi, mədəni həyata qatılır, xeyriyyəçiliklə məşğul olur. Ədəbi yaradıcılıqla məşğul olduğundan, dövrün bir çox mətbu orqanları ilə əlaqə qurur, bu nəşrlərin fəaliyyətində yaxından iştirak edir. Kərbəlayi Vəlinin oğlu Əyyub Sovetlər dönəmində "Mənim tərcümeyi-halım" adlı qısa xatirəsində atasının bədii yaradıcılığı ilə bağlı cüzi məlumatlar verir: "O zaman Bakıda Azərbaycan dilində "Molla Nəsrəddin", "Babayi-Əmir", "Mozalan" və sair jurnallar, "İrşad", "İqbal", "Açıq söz" adlı qəzetlər nəşr edilirdi. Kərbəlayi Vəli bunlarda yaxından iştirak edir, məqalə və şeirlərini Sabir Badükubə, Mozalan, Cırtdan və s. gizli imzalarla nəşr etdirirdi". Azərbaycan mətbuatı və jurnalistika tarixinin tədqiqatçıları üçün maraqlı olan bu faktın ciddi araşdırılmasına, tədqiqinə ehtiyac var. Qeyd etmək lazımdır ki, Kərbəlayi Vəli kimi onlarla mətbuat fədaisinin fəaliyyəti, yaradıcılıq irsi indiyədək tədqiqatdan kənarda qalıb.
  Kərbəlayi Vəli Mikayılzadənin anadilli qəzet və jurnallarda iştirakını qocaman teatr və mətbuat tarixçisi, fenomenal yaddaşa sahib Qulam Məmmədli təsdiqləyir. Q.Məmmədlinin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivindəki bir çox qəzetlərlə bağlı tədqiqat əsərlərində Kərbəlayi Vəli Mikayəlzadənin "Məlumat" qəzetində iştirakı barədə məlumatlar əksini tapır.
  Q.Məmmədli "İmzalar" kitabında Kərbəlayi Vəli Mikayəlzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu "Həyat" qəzetində Kərbəlayi Vəli Cəbir Badükubeyi imzası ilə məqalələr yazdığını qeyd edir. Kərbəlayi Vəli 1911-ci ildə "Şahabi-Sabiq" dərgisində "K.V.M" imzası ilə çıxış etdiyini bildirir. Hələlik yetərli qədər əldə olunan bu məlumatları ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, Kərbəlayi Vəli Mikayılzadə dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib.
  Hacı İbrahim Qasımovun redaktorluğu ilə 1911-ci il iyulun 1-də nəşr olunan "Məlumat" qəzeti anadilli jurnalistikamızda ilk xəbər qəzeti də adlandırmaq olar. Kiçik formatda 4 səhifədə çap olunan bu mətbu nəşrdə dövrün bir çox tanınmış qələm sahibinin imzası var, o cümlədən Kərbəlayi Vəli Mikayılzadə də bu sırada idi.
  Tədqiqatlarımız zamanı  bəlli olur ki, "Məlumat"ın bir neçə sayında Kərbəlayi Vəlinin Sabir Badükubə imzası ilə kiçik həcmli şeirləri çap olunub.
  Bu mətbu nəşrin 4 iyul 1911-ci il tarixli 3-cü sayında Kərbəlayi Vəlinin "Məktəb deyir" şeiri dərc olunub. Sabir Badükubə imzası ilə işıq üzü görən bu kiçik şeirdə inkişaf edən millətlər, xalqlar sırasında müsəlman xalqlarının elm, təhsil və inkişafda geriliyin səbəblərinin müqayisəsi aparılır. Tərəqqinin, inkişafın, yeniliyin yalnız təhsillə mümkünlüyünü dilə gətirən şair alloqorik tərzdə Məktəb obrazının dilindən xalqa çağırış edilir:
Mən açılacaq dövrəmə cəm oldu hərdəst
Nəku
Kəsb edib məndən hamı elm, kamal və abır
Çox təəssüf başqalar aşiq ikən, 
                                                      islamiyyan,
Mən tərəfə heç baxmayıb, hər saat irəlilər 
Millət deyir:
Boşla getsin, bir az qədəri söyləmə, elmi həşir.
Böylə sözlər bizi kimi millətlərə eyləməz əsər!
Yüz mükatibdən bir çayxana əfzəldir, bizə.
Xaricilər qovi gedib, məktəbdən alsınlar xeyir.
  Oğlu Əyyub atası Kərbəlayi Mikayılın bir çox farsdilli əsərləri türkcəyə tərcümə etdiyini xatırlayaraq yazır: "Qeyd etmək lazımdır ki, atam "İbrahim bəyin səyahətnamə"sini farscadan türk dilinə tərcümə edilərək çap edib. "Min bir gecə" nağılına bəzi təsvirlər yazıb". Atasının yaddaşında qalan qəzəlindən kiçik bir hissəni öz tərcümeyi-hal dəftərinə daxil edən Əyyub çox təəssüf ki, Kərbəlayi Vəlinin bədii yaradıcılığı barədə geniş məlumat vermir, yalnız yaddaşında ilişib qalan "Ağlama" qəzəlinin kiçik bir hissəsini xatırlayır:
Qurban olum, o didəsi giryanə ağlama,
Sən ağlayanda od düşür, bu cana ağlama.
Ağlar gözün fədası olum, tökmə göz yaşın,
Rəhm eylə sən bu aşiqi bidarə, ağlama.
Qoy mən töküm göz yaşın, istəkli məşuqum.
Eşqindən düşmüşəm bu biyabanə ağlama.
Əyri qaşın, o qara gözün, surəti sənin,
Saldı məni bu qəhri-biyabanə ağlama.
**** **** ****
  Əmisi qızı ilə ailə quran Kərbəlayi Vəlinin bir-birinin arxasınca 3 övladı dünyaya gəlir. 1906-cı ildə doğulan ilk övladına atası Əyyubun adını qoyur. 1908-ci ildə bir qız doğulur, amma iki yaşına çatmamış dünyasını dəyişir. 1912-ci ildə ailəyə növbəti oğlan övladı bəxş olur, adını Məhəmməd qoyurlar. Çox keçmir ki, bu xoşbəxt ailə növbəti çətinliklə üz-üzə qalır, Məhəmməd iflic xəstəliyinə yoluxur. Kərbəlayi Vəli onu Bakının ən məşhur həkimlərinə və Xarkova müalicəyə aparsa da xəstəliyə əlac tapılmır və gənc dünyasını dəyişir. Övlad itkisi Kərbəlayi Vəliyə pis təsir göstərir.
*** ***
  Mətbu, ədəbi fəaliyyətlə yanaşı, Kərbəlayi Vəli ictimai-siyasi proseslərə qatılır. Bakının yerli əhalisi, neft mədənlərində çalışan fəhlələr, Bakı rəncbər və tacirləri köklü nəslin nümayəndəsi kimi ona inanır, etibar edirlər. Kərbəlayi Vəli soy-kökündən gələn peşəni seçir, ticarətlə məşğul olur, Xəzərin sahillərində, indiki Bakı bulvarında böyük bir mağaza açır, İranla ticarət əlaqələri yaradır, xeyriyyə tədbirlərinə qatılır, ictimai işlərdə fəallıq göstərir.
  ...Nəhayət, Kərbəlayi Vəli M.Ə.Rəsulzadənin öndərliyində Azərbaycanı istiqlala aparan Müsavat Partiyasının qurucuları sırasında yer alır. M.Ə.Rəsulzadənin əmisi oğlu Məhəmmədəli Rəsuloğlunun "Müsavat Partiyasının təşəkkülü" adlı məqaləsində Kərbəlayi Vəlinin siyasi fəaliyyətinin kölgədə qalan səhifələrinə işıq salır, bir sıra məqamlarına aydınlıq gətirir. M.Rəsuloğlu qeyd edir ki, 1911-ci ilin son baharında Abbasqulu Kazımzadənin kitab-qələm, dəftər satılan mağazasında Tağı Nağıoğlunun təklifi ilə Müsavat Partiyasının əsası qoyulur. Əsasən islami dəyərlər və tələblər əsasında 1911-ci ildə qurulan "Müsavat"ın ilk sıralarına bir neçə şəxs, o cümlədən Axund Yusif Ziya, Seyid Hüseyn, Seyid Musəvi ilə yanaşı, Kərbəlayi Vəli Mikayıloğlu da qatılır. "Müsavat"ın qurulmasında, gizli fəaliyyətində, təşkilatlanmasında, maliyyələşməsində partiya sıralarına üzvlərin cəlb olunmasında Kərbəlayi Vəlinin böyük xidmətləri olur.
  M.Rəsuloğlu 1918-ci ilin 31 mart soyqırımında Bakının müsəlman-türk əhalisinin erməni-bolşevik silahlılarından qorunmasında, mühafizəsində Kərbəlayi Vəlinin müstəsna xidmətləri barədə yazır: "Yollarda vətəndaşlarımızın sərbəst hərəkət edə bilmələri və gərəkirsə müdafiə olunmaları üçün Abbas bəylə (Kazımzadə - A.A.) Vəli bəy arkadaşlarımıza bir vəsiqə verdi. Bu dostlar qollarına "Müsavat" yazılan bazubənd bağlayaraq gecə-gündüz yollarda dolaşır, hücuma məruz qalan qəsəbə və kəndlərə gedir, imkan dairəsində bu vətəndaşları himayə edirdilər".
  Bakıda zorla hakimiyyəti ələ keçirib qırğınlar törədən siyasi tərkibi əsasən ruslar və ermənilərdən olan Bakı Komissarları 1918-ci il mayın 28-də İstiqlalını elan edən Azərbaycan Xalq Cümhuriyyətini beşikdə məhv etmək üçün Gəncəyə hücum planı üzərində bütün qüvvələrini səfərbər edir, Rusiyadan hərbi silah-sursat, canlı qüvvə gözləyirdilər. S.Şaumyanın rəhbərlik etdiyi bu qüvvələrə Erməni Milli Şurasının, Daşnaksütyun Partiyasının silahlı quldur dəstələri də daxil idi. İstiqlalını bəyan edən Azərbaycan Cümhuriyyəti elan etdiyi sərhədlər daxilində təhlükəsizliyini, asayişi təmin etmək üçün rəsmən Osmanlı Türkiyəsindən hərbi yardım istədi və gənc dövlət olaraq beynəlxalq münasibətlər sisteminə qatılıb 4 iyun 1918-ci ildə Türkiyə ilə "Dostluq və əməkdaşlıq haqqında müqavilə" imzaladı. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq Türkiyənin hərbiyyə naziri Ənvər Paşanın qətiyyəti və siyasi-hərbi iradəsilə formalaşan Qafqaz İslam Ordusu sərhədləri keçib Azərbaycanın ərazi bütövlüyünü, soydaşlarının təhlükəsizliyini təmin etməyə gəldi.
  Qafqaz İslam Ordusu komandanlığı, şəxsən 29 yaşlı Nuru Paşa ilə isti münasibət yaradan, Azərbaycan Cümhuriyyətinin ictimai-siyasi xadimlərindən biri də Kərbəlayi Vəli Mikayılzadə idi. Azərbaycan və Türkiyə hərbi birləşmələrinin Bakıya doğru istiqamətlənən istiqlal savaşında Kərbəlayi Vəlinin böyük xidmətləri barədə Məhəmməd Əli Rəsulzadə xatirələrində məlumat verir.
  M.Ə.Rəsulzadənin xatirələrində qeyd olunur ki, Kərbəlayi Vəli S.Şaumyanın formalaşdırdığı 18 min nizami qoşun hissələrinə qarşı 6 ay qanlı savaş aparan Qafqaz İslam Ordusunun Gəncə və Güzdəkdəki qərargahı ilə əlaqələr qurur, Bakıda bolşevik, erməni və ingilis hərbi birləşmələrinin silah-sursat və hərbi qüvvəsi, imkanları barədə məlumatlar ötürürdü. Verilən bu məlumatlar Qafqaz İslam Ordusunun ordu komandanlığının düzgün qərar qəbul etməsinə kömək edirdi. 1918-ci il sentyabrın 15-də Nuru Paşa komandanlığında Bakıya daxil olan Qafqaz İslam Ordusunun zabit və əsgərləri ilə səmimi dostluq, qardaşlıq münasibətləri yaradan Kərbəlayi Vəli milli ordu quruculuğu proseslərinin fəal iştirakçısı olub.
  1918-ci il noyabrın 17-də Mudros barışığına əsasən Qafqaz İslam Ordusu Cənubi Qafqazı tərk etməli olur. Gənc Azərbaycan Cümhuriyyətini qorumaq üçün Nuru Paşa Osmanlı ordusundan istefa verib, Azərbaycan Ordusu komandakı kimi fəaliyyət göstərməsinə müffətiq qoşunlar komandanı Tomson etiraz edir. Qafqaz İslam Ordusu Bakını tərk etməli olur. M.Ə.Rəsulzadə xatirələrində qeyd edir ki, Kərbəlayi Vəli Bakını tərk edib Gəncədə dayanan Ordunun geri çəkilməməsi, Türkiyəyə dönməmələri üçün hətta rəsmi sifətdə danışıqlar aparıb: "Məhəmməd Əmin Rəsulzadə Türk ordusu komandanlarına bizi buraxıb getməyin deyə israr etdi və bir çox ricada bulundu. Zabit heyətinin rütbələrinin bir dərəcə yüksələcəyini və əsgərlərə ikiqat maaş veriləcəyini söyləsə də əsgərlər arasındakı ixtilaf ordunun çəkilməsinə səbəb oldu. Türk əsgərləri Gəncəyə çəkildikdən sonra Türk ordusu komandanlarıyla yaxşı münasibətləri olan dostumuz Vəli bəy arxalarınca Gəncəyə göndərildi. Qalmaları üçün israrla xahiş olundu. Amma bu rica qəbul olunmadı".
  K.Vəli Mikayılzadə Azərbaycanın İstiqlal savaşından bir an belə geri durmur, mübarizəsini davam etdirir. Müttəfiq orduları komandanı kimi V.Tomson 17 noyabr 1918-ci ildə Bakıya daxil olur. Rus və erməni Milli Şuraları müttəfiq dövlətlərin, xüsusən İngiltərənin bölgədəki siyasətinə ciddi təsir göstərmək  üçün ciddi səy göstərir, müxtəlif planlar işləyib hazırlayırdılar. Erməni və rus Milli Şura qüvvələri V.Tomsonun Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə şübhə yaratmaq istiqamətində fəaliyyət göstərənlər təxribat planları üzərində də düşünürdülər. Təxribat və terrorun hədəfində Bakı mədənləri idi. Bakının yerli əhalisi və neft mədənləri fəhlələri arasında xüsusi hörmətə sahib olan Kərbəlayi Vəli təxribatçı erməni və rusların təxribat planlarının qarşısını alır. Bu barədə M.Ə.Rəsulzadə yaddaşına istinadən yazır: "...Bakıya daxil olan Tomson Azərbaycan Xalq Cümhuriyyətini tanımaq istəmirdi. Bunun üçün erməni və ruslar Bakının neft mədənlərinə tətil edib, bu mədənləri yerlə-yeksan edib, yandırmaq istəyirdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə etimadsızlıq yaratsın. Bu halın qarşısını da Kərbəlayi Vəli Mikayıloğlu və onun vətənpərvər dostları aldı".