İstiqlalın gizlin qəhrəmanı  - Akif  Aşırlı yazır 

  Sovet "KQB"-sinin bütün təqib, təzyiq və işgəncələrinə mətanətlə sinə gərən K.V.Mikayılzadə 1924-cü ilin axırlarında əqidədaşı Əbdülvahab Yurdsevərlə birgə Yaroslavla sürgün edilir. Siyasi mövqeyinə görə ağır ittihamlara məruz qalan əqidədaşların cəza müddəti və yerləri bir neçə dəfə dəyişdirilir.

 
  Bu barədə Əbdülvahab Yurdsevər 1957-ci ilin fevralından başlayaraq Azərbaycan Kültür Dərnəyinin mətbu nəşri "Azərbaycan" dərgisində çap etdirdiyi "Azərbaycan istiqlal savaşından səhnələr" silsilə məqalələrində məlumat verir. Müəllifin bu yazılarında K.V.Mikayılzadənin həyatının həbsxana və sürgün dövrü yetərli olmasa da bəzi məlumatlar almaq mümkündür.
  3 illik Yaroslavl sürgünündən sonra K.V.Mikayılzadə 1926-cı ildə Moskva "KQB"-sinin zindanına gətirilir. Həbsxana həyatının Moskva dövrünə toxunan Ə.Yurdsevər yazır: "Moskva "KQB" zindanının bir bucağında dostum Kərbəlayi Vəli ilə bərabər başımıza nələr gələcəyini düşünüb durarkən kameramızın qapısı gurultu ilə açıldı. Eşikdə əli tüfəngli qızıl əsgər cibindən çıxardığı bir kağız parçasından mənim adımı oxudu. Hücrədə o adda məndən başqa birisi bulunmadığından həmən ayağa qalxdım və dostumla vidalaşaraq əsgərin önünə düşdüm". Saxta pul kəsməkdə ittiham olunan, müstəntiqin iddialı, kəskin baxışına tuş gələn Əbdülvahab Yurdsevər çaşıb qalır və onu sorğu-suala tutan rus əsilli müstəntiqə siyasi işlərdə ittiham olunduğunu xatırladır və saxta böhtandan qurtulur: "Hücrənin qapısı açılanda dostum Kərbəlayi Vəli sanki bir şeylərin baş verdiyinin təşvişini yaşayırdı, dönüb məlun-məlun üzümə baxdı". Memuardan aydın olur ki, dostlar həbsxana otaqlarında söhbətlərini kənardan kimsə anlamasın deyə farsca danışırlarmış: "Başıma gələnləri söylədim, "KQB" qadağalarına rəğmən qeyri-ixtiyari qəh-qəhə çəkdi. Bir tərəfdən də vəziyyətimiz haqda heç bir şey öyrənmədiyimə üzüldü".
  Moskva həbsxanasında nəm, rütubətli kameralarda yaşamağa məhkum edilən K.V.Mikayılzadənin səhhətinin yaxşı olmadığını xatırlayan Ə.Yurdsevər yazır: "Üçüncü günü cəllad sifətli bir doktor ətrafındakılarla qapını açdı və dustaqlar arasında xəstə olub-olmadığını sordu. Sıra bizə gəlincə, dostum Kərbəlayi Vəli ayaqlarındakı şiddətli revmatizmadan, mən də ciyərlərimdən şikayət etdik. Adımızı dəftərə qeyd etdi və çıxıb getdi. Heç iki-üç saat keçməmişdi ki, əsabələr yanlarındakı "qoçular" ilə gəldi və kağız parçasından ikimizin adını oxudu, əşyalarımızı toplamağımızı əmr etdi". Həbsxananın üst qatından bir boş odaya köçürülən iki dost bundan sonra bir neçə gün yeməksiz, paltarsız və yatacaqsız qalır. Paltarları və əşyaları kükürdlənir, iki məhbusun davamlı etirazları nəticəsində bir neçə gün sonra geri qaytarılır. Hələ qarşıda soyuq qış günündə istiqlalçıları yeni-yeni dözülməz işgəncələr, təzyiq və təqiblər gözləyirdi.
  Bakıdan Yaroslavla, ordan Moskvaya, Moskvadan isə Bakı həbsxanasına göndərilən bu iki mücahidin yolları bir müddət ayrılır. Ə.Yurdsevər Moskva "KQB"-sinin 14-cü kamerasında tənha qalır, ətrafla, dünya ilə əlaqəsi kəsilir: "Həftələrlə 14-cü kamerada oturaraq zindanın həm daxili ilə, həm də ətrafla, dünya ilə əlaqələrim kəsilmişdi. Nəyə görə sürgündən buraya qədər təkrar gətirildiyim, dostum Kərbəlayi Vəli Mikayılzadəni məndən nə üçün ayırdıqlarını, sonra onun taleyinin necə olduğunu öyrənə bilmirdim".


 
  Ə.Yurdsevər onları həbsxana həyatında daim müxtəlif vaxtlarda istintaqa cəlb edən müstənqilə bağlı da ətraflı məlumat verərək yazır: "Sonradan öyrəndiyimə görə, bu adamın soyadı Vasin imiş. Daha öncə Güney Qafqaz Sovet Federasiyasının Tbilisidəki mərkəzi "KQB" idarəsində çalışan Vasin təcrübəli çekistlərdən biri sayıldığı üçün 1926-1928-ci illərdə Müsavat Partiyası ilə əlaqəli təhqiqat işinin əksəri onun üzərinə qoyulmuşdu".

  Vasinin aktyorlar kimi hər cür rol oynadığını xatırlayan müəllif yazır: "Hər bir təcrübəli çekist məharəti ilə Vasin həbs olunanlara qarşı yeri gələndə sərt, yeri gələndə yumşaq davranırdı. Adətən çekistlər sorğu-suala tutacaqları şəxslərə qarşı sərt və ya yumşaq davranışları əvvəlcədən öz aralarında müəyyənləşdirirdilər. Məsələn, Vasin mənə qarşı yumşaq, dostum Kərbəlayi Vəliyə olduqca sərt davranırdı. Bununla yanaşı, şərq şöbəsi rəisi Jukov Kərbəlayi Vəliyə yumşaq, mənə isə olduqca kəskin münasibət göstərirdi".

  1917-ci ilin oktyabrından sonra hakimiyyətə gələn bolşeviklər sosial-demokratlara qarşı sərt davranış göstərərək, onların bir çoxunu həbs etdilər. Avropadakı II İnternasional və dünyadakı sosial-demokrat qurumları Sovet Rusiyasının həbs düşərgələrini dolduran əqidədaşlarına hər cür dəstək göstərmək üçün mübarizə aparırdılar. Yenicə qurulan Sovet Rusiyasının diktatorları bu əlaqələri, dünya sosial-demokrat hərəkatının yardımlarını tamamən kəsmək istəsələr də, buna nail ola bilmirdilər. Dünyada tanınan sosial-demokratların təzyiqi ilə məhbus həyatı yaşayanlara göndərilən ərzaq, pul və geyim sovet həbsxanalarında paylanılırdı. K.V.Mikayılzadə də dostu Ə.Yurdsevərlə birlikdə bir neçə dəfə bu cür yardımlar alır: "...Maksim Qorkinin keçmiş həyat yoldaşı madam Peşkovanın nəzarətində xüsusi bir komitə yaradılmışdı. Dünyanın müxtəlif yerlərindən gələn yardımlar sovet dövlətinin həbsxanasına gətirilir və hökumətin verdiyi təlimatla paylanılırdı. Dostum Kərbəlayi Vəli ilə bərabər Moskva həbsxanasında və sonra da Yaroslavl şəhərində sürgündə olduğumuz zaman bu komitədən bir neçə rubl yardım almışdıq".

  K.V.Mikayılzadə ilə birgə təkrarən Bakı həbsxanasına gətirilib ayrı-ayrı otaqlarda saxlanmalarını Ə.Yurdsevər "Müsavat"ın gizli hərbi təşkilatının aşkarlanmasına bağlayır. 1922-1928-ci illər arasında "Müsavat"ın hərbi hissələrdə, ordu birləşmələrində gizli fəaliyyətini kəşfiyyat orqanları aşkara çıxardıqdan sonra K.V.Mikayılzadə və Ə.Yurdsevərin önəmli məlumat verəcəyi düşünülürdü.

  K.V.Mikayılzadənin bir-birinə zidd olan olan siyasi təşkilatlardakı insanlarla şəxsi münasibətlərinin olduğunu qeyd edən Ə.Yurdsevər keçmiş bolşeviklərdən Əbdülbaqi Məhəmmədzadənin timsalında bir hadisəni qələmə alır. Ə.Yurdsevər 1903-cü ildən bolşeviklərin Bakı təşkilatında təmsil olunan Keçəl ləqəbli Əbdülbaqinin Azərbaycan Cümhuriyyəti dönəmində sərt, barışmaz mövqeyi ilə seçildiyini xatırlayır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Əbdülbaqi Bakıda gömrük rəisi, Mərkəzi bankın sədri vəzifələrini tutsa da, Rusiyanın Azərbaycanın müstəqilliyinə qarşı amansız və barışmaz münasibətini, ruslaşdırma, kölə siyasətini qəbul etmir, toplantılarda öz fikrini açıq söyləyir. Bolşevik hakimiyyətinə qarşı sərt münasibətin nəticəsində Əbdülbaqi partiya sıralarından xaric edilir. Moskvaya etdiyi şikayətlərin nəticəsində Əbdülbaqini partiya sıralarına bərpa edirlər, amma o, tərəddüd edərək ən çox inandığı, yaxın insan hesab etdiyi K.V.Mikayılzadədən məsləhət alır. K.V.Mikayılzadə Əbdülbaqiyə məsləhət görür ki, partiya biletini geri alsın: "Bileti al! Bəlkə bir-iki günahsıza, məsuma yardımın dəydi. Onu-bunu himayə edərsən".

  K.V.Mikayılzadə və Ə.Yurdsevərin təkrarən Bakı həbsxanasına qaytarıldığı vaxt öz əqidədaşlarının həbs edib Sibirə göndərdikləri Əbdülbaqi də istintaq araşdırılması üçün Bakıya gətirilir və dostlar həbsxanada görüşür: 

"Mərkəzi həbsxanada oturarkən bir də baxdıq ki, Əbdülbaqini uzaq Şimaldan Bakıya gətirmişlər. Yaşının əllinin üstündə olmasına rəğmən, yataq dəstini belinə yükləyən Əbdülbaqi hər zaman olduğu kimi çevik və nəşəli halı ilə, uzun və çətin yeni bir mücadilə üçün tamamən hazır vəziyyətdə idi. Dostum Kərbəlayi Vəliyə uğrayaraq boynuna sarılmış, sürgündə başına gələnləri anlatmışdı" ("Azərbaycan" dərgisi, 1960. sayı 10-11. (94-95) səh. 36-40).
  Olduqca ağır, çətin, psixoloji, fiziki işgəncələrlə dolu sürgün, məhbəs həyatında K.V.Mikayılzadənin şəxsi xarakteri, keyfiyyətləri barədə Ə.Yurdsevərin yazılarında məlumatlandırıcı faktlar yetərli qədərdir. Bu memuarda K.V.Mikayılzadə olduqca mətin, iradəli, asan sınmayan, çətin vəziyyətlərdən çıxış yolu arayan bir obraz olaraq canlanır.
  Yaroslavlda sürgün həyatından bir hekayəni xatırlayan Ə.Yurdsevər yazır ki, kirayədə qaldıqları evin sahibləri çətin, ağır maliyyə vəziyyətində olan bu iki məhbusun quru çörəyini belə oğurladığından başqa yer axtarmalı olurlar. Əsasən Cənubi Azərbaycandan olan kooperativdə qənd-şirniyyat istehsal edib satan Həsən onlara kömək edir. K.V.Mikayılzadə ilə Həsənin aralarında səmimi münasibətlər yaranır və başqa evə köçürlər. Ticarətinin daha yaxşı, uğurlu qurulması üçün K.V.Mikayılzadə Həsənə kömək edir. Həsən bəyin onlar üçün kirayələdiyi evə köçən zaman ev sahibi bu iki müsavatçının yoxsul, köməksiz, kimsəsiz halına acıyır: "Fəqət, əşyamızı gətirib evə yerləşdirərkən ev sahibi yoxsulluğumuzu görərək heyrətə düşdü. Bütün varımız-yoxumuz bir-iki köhnə yataq dəstindən ibarət idi... Döşəklərimizi evin salonuna quru yerə sərdik, stol, stulumuz olmadığı üçün yatağın üstündə əyləşdik. Ev sahibi gözlərinə inanmadı. "Sizin başqa bir şeyiniz yoxmu? Necə edəcəksiniz, necə keçinəcəksiniz" - deyə sual verdi. Kim bilir, xəyalından nələr keçirirdi, bəlkə də bizi sərsəri və ya əhli-kef hesab edirdi. Vəli həmən cavab verdi: - Biz siyasi dustağıq, sürgünə göndərilmişik. Kim olduğumuzu, niyə bu vəziyyətə düşdüyümüzü bilmək istəyənlər sualını sovet gizli polisinə versin!.. Bu cavabdan sonra ev sahibi səssiz-səmirsiz çəkilib getdi" ("Azərbaycan" dərgisi. 1963-cü il. sayı 4-5-6. (136-137-138) səh. 22-23).

                                                                                                                   ****** 
  Professor Asif Rüstəmlinin "KQB" arxivlərinə istinadən qələmə aldığı "Azərbaycan mətbuatının "Nina"sı məqaləsinə və Ə.Yurdsevərin xatirələrinə əsaslanaraq demək olar ki,  1924-cü ildə 3 il müddətinə Yaroslavla sürgün edilən K.V.Mikayılzadənin həbsi müxtəlif bəhanələrlə uzadılıb.
  1956-cı ildə Mir Cəfər Bağırovun güllələnməsinə qərar verilən zaman Ə.Yurdsevər "Azərbaycan" dərgisində bu münasibətlə kiçik bir məqalə dərc edir. "Bağırovun edamı" adlanan məqalədə müəllif 1924-cü ilin qışında Bakıda "KQB" zindanında Kərbəlayi Vəli Mikayılzadənin Türkoğlu imzası ilə M.C.Bağırova yazdığı şeirini də məqaləyə əlavə edib. Zindanlarda, məhbsələrdə şüşə kimi sınmayacağını söyləyən K.V.Mikayılzadə yazır:

İllərlə ÇEKA-da qalsam ar deyil,
ÇEKA ərbabına yalvarmaya razı deyiləm!
Nə qədər cövrü-cəfa etsə də, minnəti mənə
Fikrim üstə əziləm, gər söyüləm, həm döyüləm
Zalımın zülmü nə qədər olsa da mən tab edərəm!

Etməsin zənn ki, bir zərrə yolumdan çəkiləm,
Deyiləm ki, zən əldə oyuncaq olam.
Bir qədər sıxmaq ilə sağa, sola mən əyiləm,
Çəkilməm mən, bunu inkar edəməz bir kimsə.
Deyiləm şüşə ki, bir zərbə ilə mən əziləm.
Aç gözünü, yaxşı tanı, ey Vətənin cəlladı
Deyiləm köhnə xarabə ki, əlində söküləm.
Tanı türk oğlunun, ey qatili-millət Bağırov,
Olmaram sən kibi tarixdə söyüləm.

Məqalənin redaksiya qeydindən bəlli olur ki, K.V.Mikayılzadənin bu və bir neçə şeiri İstanbulda mühacirlərin nəşr etdikləri "Şeirlər məcmuəsi"ndə çap olunub.
K.V.Mikayılzadə təzyiq, təhdidlərə məruz qalaraq 11 il həbs və sürgün həyatı yaşayıb. 1932-ci ildə Türkmənistana sürgün edilib, bir müddət sonra isə İrana keçib. Bu barədə Ə.Yurdsevər memuarında məlumat verərək yazır ki, iki dost 1934-cü ilin mayında İrana keçməyə müvəffəq olurlar. 6-7 il İranda çalışan K.V.Mikayılzadə 1941-ci ildə Sovet ordusu Azərbaycanın güneyinə daxil olandan sonra antisovet fəaliyyətinə görə oğurlanır və qətlə yetirilir. 
M.Ə.Rəsulzadə də K.V.Mikayılzadənin Güney Azərbaycanda, Zəncan şəhərində rus ordusu tərəfindən qaçırılaraq qətlə yetirildiyini yazır. 
Azərbaycan Cümhuriyyətinin gizlin istiqlal qəhrəmanı K.V.Mikayılzadənin fəaliyyəti daha geniş, hərtərəfli araşdırılmalı, gələcək nəsillərə çatdırılmalıdır.