5 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Milli Qurtuluş Gününün mahiyyətcə Azərbaycanın problemlərdən qurtuluşu kimi başa düşünülməli olduğunu vurğulayan millət vəkili Fazil Mustafa “Sherg.az”a bildirib ki, bu tarix Ulu Öndər Heydər Əliyevlə başlayan epoxanın Prezident İlham Əliyevlə davam etdirilməsi və yekunlaşdırılması idi:
“Bu epoxa ona görə önəmlidir ki, Azərbaycanın ərazi bütövlüyündən müqəddəs və həllini gözləyən ikinci problemimiz olmayıb. İlk növbədə də həmin problem həllini tapmalı idi. İlham Əliyevin Azərbaycan tarixində ən böyük xidməti və tarixin yenidən yazılmasına səbəb olacaq davranışı II Qarabağ Müharibəsini uğurla yekunlaşdırması olub. Eyni zamanda, İlham Əliyevin növbəti uğuru müharibəni böyük bir üstün diplomatiya ilə bitirməsidir. Çünki azad olunan ərazilərin xeyli hissəsi tamamilə dinc yolla əldə olundu. Ona görə də tariximizin 200 illik səhifəsində İlham Əliyevin əvəzsiz xidməti var. Gələcək nəsillər də görülən işin mahiyyətini dərindən anladıqca həmin xidməti daha yüksək qiymət verəcəklər. Biz hadisələrin içərisində olduğumuza görə nə baş verdiyini geniş şəkildə dərk edə bilmirik. Baş verən proseslər ölkənin gələcəyinin daha böyük perspektivə açılışıdır. Bunun müəllifi isə İlham Əliyev, komandanlıq etdiyi Azərbaycan ordusu və səfərbər aldığı Azərbaycan xalqıdır. Əgər dövlət başçısının bu qədər səfərbəyliyi olmasa idi, qələbəni əldə etmək çox çətin olardı. Müharibədən sonra Qazaxın 4 kəndinin də dinc yolla boşaldılması böyük uğurlarımızdandır. Azərbaycan digər əraziləri də bu yolla azad etməyə çalışır. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasını təmin etmək istəyir. Burada da İlham Əliyevin strateji düşüncəsi alternativ yolun İran üzərindən aparılması istiqamətində özünü göstərdi. İlham Əliyev Azərbaycanın strategiyası ilə bağlı yol xəritəsini o qədər mükəmməl hazırlayıb ki, orada düzəlişlər etməyə ehtiyac yoxdur. Bundan sonra da Azərbaycan öz hədəflərinə bir-bir çatacaq”.