Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri olan Fətəli Xan Xoyskinin anım günüdür.
Fətəli xan Xoyski 1875-ci ildə Nuxada anadan olub. Xoy xanı Cəfərqulu xanın nəslindən olan Xan Xoyski ilk olaraq Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Təhsilini tamamladıqdan sonra o bir müddət hüquqşünas kimi çalışıb. Xan Xoyski 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi - mərkəziyyət partiyası Müsavatın birinci qurultayında çıxış və iştirak edib. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olub. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. Hökumət paytaxt Bakıya köçürülənə qədər. Xoyski Gəncədə ölkənin iqtisadi həyatı, dəmiryolunun, poçtun bərpası kimi bir sıra digər mühüm tədbirlər də həyata keçirib.
Bakı Dövlət Universitetinin qurulması da Fətəli xan Xoyskinin adı ilə bağlıdır. Üzeyir bəy Hacıbəyli Fətəli Xan Xoyski haqqında yazırdı: "Taxta parçalarından yaranmış gəmini fırtınalı bir gündə elə idarə etmək lazım idi ki, dağa-daşa çarpmadan onu fırtına yatanadək salamat saxlaya biləsən... Bax, Fətəli xan Xoylu bu işi görə bildi".
1920-ci ilin aprelində ölkə istila təhlükəsi ilə üz-üzə idi. Bu mövzuda keçirilən iclaslarda Xan Xoyski ruslara qarşı sona qədər mübarizənin tərəfdarı idi. Azərbaycan işğal edildikdən sonra Fətəli xan Xoyski mübarizəsini davam etdirkək üçün Gürcüstana keçir. Lakin iyunun 19-da Xan Xoyski Tiflisdə erməni terrorçuları tərəfindən sui-qəsdə məruz qalır. Nəticədə Fətəli xan kürəyindən aldığı iki güllə yarasına görə dünyasını dəyişir. Onun nəşi indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında Mirzə Fətəli Axundovun yanında dəfn edilib.