Bu gün Azərbaycan Xalq Hərəkatının görkəmli simalarından biri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.
Əbülfəz Əliyev 1938-ci ildə Ordubad rayonunda anadan olub. İbtidai və orta təhsilini başa vurduqdan sonra o, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra bir müddət tərcüməçi kimi işləyən Elçibəy "Tulunilər dövləti" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. O, BDU-da işlədiyi müddət ərzində daim gənclər arasında antisovet təbliğatı aparır, azadlıq ideyalarını geniş şəkildə yayıb.
Dəfələrlə həbs edilməsinə baxmayaraq amalından dönməyən Elçibəy 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda onun görkəmli simalarından birinə çevrilib. Onun rəhbərliyi altında müstəqilliyə can atan Azərbaycan xalqı dövlət müstəqilliyi haqqında tarixi Aktın qəbul edilməsinə nail olub. Əbülfəz Elçibəy Azərbaycan Respublikasında ilk dəfə demokratik şəkildə seçilən prezident olub. Onun bir illik hakimiyyəti dövründə Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edilib. O, 22 avqust 2000-ci ildə – 62 yaşındaykən Türkiyənin Ankara şəhərində vəfat edib.
Elçibəyin köməkçisi Oqtay Qasımov "Sherg.az"a bildirib ki, Əbülfəz Elçibəy XX əsr Azərbaycan ictimai-siyasi mühitinin ən görkəmli nümayəndələrindən biridir:
"Azərbaycanın müstəqilliyinin qazanılmasında, onun dövlət quruculuğunda Elçibəyin böyük xidmətlərinin olması hamı tərəfindən bilinən həqiqətdir. Lakin xalqın ona olan rəğbətinin səbəbi yalnız bu deyil. Elçibəyin xidmətlərindən başqa şəxsi keyfiyyətləri, xalqına olan təmənnasız sevgisi, dürüstlüyü onu sevdirirdi. Elçibəy siyasətçi olmaqdan başqa fikir adamı idi. Bu səbəbdən onunla bağlı əlamətdar günlərdə gənclər xüsusilə seçilir. Bir zamanlar onun fikirləri insanlara xülya kimi səslənirdi. Artıq bu iddialar reallığa çevrilməyə başlayıb. Onun doğum gününün qeyd edilməsi sevindirici haldır. Əbülfəz bəy ad gününü qeyd etməzdi, onun belə şeylərə vaxtı yoxdu. Çünki o bütün vaxtını xalqının gələcəyi üçün çalışmaya həsr edirdi. Bu gün Elçibəyə qərəzi olmayan,, siyasi prosesləri anlayan, düşünən və millətini sevən hər bir şəxs Elçibəyi sevir ona hörmət bəsləyir".