Qonşularımıza virtual “məhkəmə” qurmaqla iş bitmir
Əyin-başımızın tozunu çırpıb, özümüzü toparlayıb tarixə damğasını vuran tarixi filmlər çəkmək lazımdır, bəylər!
"İran tarixi film çəkir, tariximizə iftira atır, biz dərhal deyinməyə başlayırıq. Rusiya tarixi film çəkir, tariximizi təhrif edir, biz bundan da gileylənirik. Ərəblər tarixi film çəkir, misal üçün, Babəklə bağlı yanlış fikirlər səsləndirir, biz onları da asıb-kəsirik".
Bu barədə "Sherg,az"a araşdırmaçı-jurnalist, siyasi şərhçi Bəybala Mirzəyev deyib.
O bildirib ki, indi də qardaş Türkiyənin TRT kanalında yayımlanan “Mehmed - Fəthlər Sultanı” serialında Nəiminin və Nəsiminin ardıcılları olan hürufilərin, guya, Vatikandan təlimat aldığı, onların türk və islam aləminə xəyanət edərək Roma Papasının Osmanlıya qarşı oyunlarına alət olduğu təsvir edilib:
"Və biz yenə də deyinməyə başlamışıq. Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlərin əlinə sanki növbəti dəfə "qızıl kimi" fürsət düşüb. Ancaq özümüz əyin-başımızın tozunu çırpıb, özümüzü toparlayıb tariximiz, qədim dövlətlərimiz, böyük tarixi şəxsiyyətlərimizin haqqında sanballı filmlər çəkməyə başlamaq, tariximizi təhrif edənlərə tarix dərsi keçməyimiz üçün heç nə etmirik. Bölgədə, bu coğrafiyada bizim qədər çoxlu dövlətləri və görkəmli tarixi liderləri olmuş ikinci belə zəngin xalq, qüdrətli toplum yoxdur. Ancaq nə sirdirsə, ortalığa çıxarılası bir dənə mükəmməl tarixi film çəkməmişik və çəkmirik. Sovet dövründə və müstəqillik illərində çəkilən tarixi filmlərimizin də heç biri dünya tamaşaçısına təqdim ediləcək səviyyədə deyil. Biz bunun səbəbləri barədə düşünməli ikən, öz filmlərində tariximizi saxtalaşdıran, yanlış təqdim edən qonşularımıza virtual “məhkəmə” qurmaqla, onları söyməklə enerjimizi tükədirik. Qonşuları asıb-kəsmək lazım deyil, tarixə damğasını vuran tarixi filmlər çəkmək lazımdır, bəylər!".