Məlumata görə, foto 1957-ci ildə Göyçə mahalı, Ağkilsə kəndində çəkilib.
Aşıq Ələsgərin övladları: Gülnisə (1871), Bəsti (1875), kiçik oğlu Aşıq Talıb (1877), Zümrüd (1881) yer alıb.
Aşıq Ələsgərin vəfatı
Qış hələ çıxmamışdısa da hava xoşuydu. Kilsənin günvuran tərəfində söhbət eləyirdik. Birdən qardaşım Bilal gəldi ki, dədəm Bəşiri çağırır. Soruşduq ki, nə iş var? Dedi, deyəsən, dədəm naxoşlayıb.
Hamımız Bəşirnən getdik. Gördük ki, dədəm ağac çarpayının üstündə əyləşib, mütəkkəyə dirsəklənib, qabağında da bir istəkan çay var. Amma bir az beykefdi.
Bəşir soruşdu:
-Ay dədə, məni nenirdin?
Dədəm dedi:
-Oğul, mən öləcəm.İndi köhnə qurtarıb, təzə də hələ çıxmayıb. Ehtiyyatınızı görün ki, qonağın yanında xəcalət olmuyasınız.
Hamımız bir-birimizin üzünə baxdıq. Dədəmin nəyi var ki, belə deyir?! Təəccübləndiyimizi biləndə dedi:
- Mənim vaxtım hələ Qanlı kənddə olanda tamam idi.Allahdan aman istədim ki, sən məni əziz yaradıbsan; dünyanın belə dar vaxtında bu qürbət eldə sən məni urvatsız eləmə.Allahımdan razıyam ki, mənim diləyimi tutdu, bu qədər mana möhlət verdi. İndi o vaxtdan 6-7il keçir. Heç kəs ölümdən yaxa qurtara bilməz.İndi öz elimin-günümün içindəyəm. Belə ölüm toy-bayramdı.
Hərə bir yandan yenə dilləndi:
- Ay dədə, Allaha şükür, sənin nəyin var ki, belə deyirsən?
Dədəm gülümsündü.Bəşir dilləndi:
- Niyə gülürsən?Düz deyirik da!
- Oğul, düz deməyinizə, səhv deməyinizə gülmürəm:ona gülürəm ki, mana ürək-dirək verirsiniz.Öləcəyimi bilməsəm bu sözü heç deməzdim.Siz ehtiyatınızı görün.Ölərəm, ölərəm; ölmərəm də ölmərəm.
Dədəmə heç kəs ölüm yovutmasa da, onun vəfat edəcəyinə inandıq.Çünki dədəm nə desə, elə də olurdu.
Soraqlaşıb öyrəndik ki, Zərzibil kəndinə(Zər -kənd)satmaq üçün yağ-bal gətiriblər. Növrəs İmannan mən getdim, 3-4 dəri yağ və bal alıb gətirdik.
Dədəm soruşdu ki, a bala, yağ-balı kimdən aldınız?Dedik ki, Kəlbəcərdən Hacı Şamməmmədgilin adamları gətirmişdi.Onlardan aldıq.
Dədəm dedi:
- A bala, Allah yetirib.Onların məhsulu çox təmiz olur.O günün sabahı dədəmin öləcəyi xəbəri kəndə yayıldı.Qohum-qardaş, tanış-biliş gəlib ona baş çəkirdi.Doğrudan da dədəmin əhvalı dəyişmişdi.Çörəyə-xörəyə iştahı yoxuydu.
Murad oğlu Cəmil də dədəmin yanınna gəlmişdi.O, Kəlbəcərin Dəmirçidam kəndindən idi.Köçüb Ağkilsəyə gəlmişdi.Biznən qonşu idi.
Cəmil cibindən bir nar çıxartdı, dədəmin yastığının yanına qoydu.Məşədi əmim(Məşədi Salah)narı qırıb nəlbəkiyə dənələdi, dədəmin qabağına qoydu.Dədəm xahiş elədi ki, narın dənədələrindən burdakılara paylayın.Heç kəs irazı olmadı.Dədəm dedi:
- Əgər bilsəm ki, o nar məni bu yoldan qaytaracaq, heç kəsə vermərəm, deyərəm, gedin yenə tapın gətirin.Allahdan çox razıyam ki, son nəfəsimdə ürəyim istəyəni mana yetirdi.Burdakıların hamısı o nardan dadmasa, məndə dilimə vurmayacam.
Dədəm belə deyəndə, burdakı adamların bəzisi iki, bəzisi isə bir dənə götürməyə məcbur oldu.Bundan sonra dədəmdə nardan yedi.Hamı məyus olmuşdu.Dədəm Bəşirə üzünü tutub dedi:
- Oğul, gəlsənə, bir Quran oxuyasan!
Bunun nə demək olduğu aydın idi.Hamının ürəyindən bir sızıltı keçdi. Dədəm bizim narahat olduğumuzu biləndə dedi:
- Diri üçün də Quran lazımdı.
Bəşir Quran oxumağa başdadı.Dədəm tez-tez salavat çevirirdi.Məşədi əmim, Məmməd əmim xəlvət-xəlvət ağlıyırdılar.Bəşir dədəmin ölümünü yəqin etmişdi.Bir azdan onu da yaş boğdu, qəhərləndi, oxuya bilmədi.Tez Molla Nağını çağrdılar.Molla Nağı yaxın qonşumuz idi.Molla Nağı gəldi.O bir əşrə Quran oxuyub tamam eləyəndə dədəmin də ömrü tamam oldu.Onun salavat çevirən əli üzündə qaldı.
Aşıq Ələsgərin qardaşı oğlu aşıq Nəcəfin xatirələrindən