Millət vəkili: Gəncəyə atılan hər bir raket Ermənistanın məğlubiyyətini, mənəvi iflasını simvolizə edirdi

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür. 2020-ci il oktyabrın 17-də erməni silahlı birləşmələri Gəncə şəhərini təxminən yerli vaxtla gecə saat 1 radələrində “Skat” ballistik raketləri ilə hədəf alması nəticəsində 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb.
Xatırladaq ki,  Vətən müharibəsi dövründə, 2020-ci ilin oktyabr ayında Gəncə Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda bombalanıb. Şəhərə ilk raket hücumu 4 oktyabrda baş verib. Bu raket hücumu müharibənin getdiyi bölgədən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu 5 oktyabrda, üçüncü 8 oktyabrda, dördüncü hücum 11 oktyabrda olub. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabra təsadüf edib. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib. Ümumilikdə hücumlar zamanı 27 nəfər şəhid olub, 175 nəfər xəsarət alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 Milət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan məğlubiyyətin acısını çıxarmaq üçün mülki əhalinin yaşadığı Gəncə şəhərinə raket hücumu edib:

 “17 oktyabr 2020-ci il tarixində Ermənistanın dinc sakinlərə qarşı törətdiyi amansız hücum, insanlıq adına ləkə olan bir hərbi cinayət idi. Bu hücum, Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüququ açıq şəkildə pozaraq, azərbaycanlıların iradəsini qırmaq cəhdinin sonuncu nümunəsi idi. Lakin düşmənin bu məkrli planı bir daha sübut etdi ki, Ermənistanın cinayətkar rəhbərliyi müharibə meydanında deyil, yalnız günahsız insanların qanını tökməklə var gücünü göstərir. 44 günlük Vətən müharibəsi günlərində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı müharibə ci­nayətləri törətdi. Bir neçə şəhərimiz müharibə qanunlarına zidd olaraq hücuma məruz qaldı. Hərbi obyektlərin yerləşmədiyi böyük şəhərlərimiz – Gəncə və digərləri gecə saatlarında, insanlar yuxuda olarkən, qırğınların sayı daha çox olsun deyə, atəşə tutuldu. Beləliklə, İkinci Dünya müharibəsindən sonra ilk dəfə ATƏT coğrafiyasında bu təşkilatın üzvü olan bir ölkə digərinin ərazisini, mülki insanlarını raket atəşinə tutdu.

Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Raket zərbələri nəticəsində 26 dinc sakin həlak oldu, 175 nəfər yaralandı, evlər və mülki obyektlər dağılıb. Lakin bu itkilər xalqımızın ruhunu sarsıda bilmədi. Azərbaycan xalqı bu çətin anlarda daha da birləşdi, yüksək vətənpərvərlik, qətiyyət və mübarizə əzmi nümayiş etdirərək, ordumuza dəstəyini əsirgəmədi. Biz heç vaxt düşmənin hərbi cinayətlərinə cavab olaraq eyni yolla getmədik – biz müharibəni ləyaqətlə, döyüş meydanında apardıq və ədalətli qələbəmizi təmin etdik. Gəncəyə atılan hər bir raket Ermənistanın məğlubiyyətini, mənəvi iflasını simvolizə edirdi”.