Sabah ölkəmizdə 28 May Respublika Günü kimi qeyd olunacaq. Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 103 il ötür. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.
1918-ci ilin mayın 28-də azərbaycanlılar ilk dəfə olaraq demokratik prinsiplərə söykənən milli-mədəni əsaslara dayanıqlı dövlət qurdular. Bu, bütün Şərq və Türk dünyasında ilk demokratik xalq cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdanbəy Topçubaşov, Fətəlixan Xoyski kimi dahi şəxsiyyətlərin böyük əməyi olub.
Şanlı tariximiz barədə təəssüratlarını “Sherg.az”la bölüşən araşdırmaçı-jurnalist Dilqəm Əhməd bildirib ki, 28 May İstiqlal günü Azərbaycanın dövlət və millət olma günüdür:
“Bu tarixdə ilk dəfə olaraq müasir parlamentar idarəçiliyimiz olan bir dövlətimiz quruldu. Müsəlman Şərqində demokratik əsaslarla idarə olunan dövləti yaratmaq bizə nəsib oldu. 23 ay bəzilərinə görə qısa gələ bilər, lakin bu müddət ərzində görülən işlərə diqqət yetirdiyimizdə dahi şəxsiyyətlərimizin necə böyük bir işlər gördüyünün şahidi oluruq.
Məsələn, ilk dəfə olaraq ordumuz quruldu, burada Osmanlı dövlətinin də böyük dəstəyi var idi. Eyni zamanda milli bayrağımız qəbul edildi, Azərbaycanda ilk dəfə olaraq təhsilimiz milliləşdirildi, dövlət dilimiz türk dili oldu.
1918-ci il dekabrın 7-də parlament açıldı. Parlamentimiz o qədər demokratik idarəçiliyə sahib idi ki, hətta o dövrdə olan bütün milli azlıqların da təmsilçilərinə yer verilirdi. Azərbaycan parlamentindəki müzakirələrə diqqət yetirdiyimiz zaman ən xırda məsələlərə qədər bütün nüansların necə mükəmməl şəkildə müzakirə edildiyini görürük”.
D.Əhməd vurğulayıb ki, 1918-ci ildə ən böyük uğurlarımızdan biri dövlətimizin Avropada tanınması idi:
“Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Azərbaycan Nümayəndə Heyəti Paris Sülh Konfransında qalib dövlətlərin yanında ölkəmizi tanıtdıra bildi. İngiltərə, Fransa, hətta Yaponiya Azərbaycanın müstəqilliyini tanıdı.
Cümhuriyyət dönəmində həmçinin təhsil sahəsində böyük uğurlar əldə edilib. O dövrdə Avropaya oxumaq üçün 100 nəfər tələbə göndərilmişdi. Həmin tələbələr təhsillərini bitirdikdən sonra dövlətin müxtəlif qurumlarında təmsil olunacaqdılar.
Təəssüf ki, AXC Rusiyanın işğalı nəticəsində süquta uğradı. Rusiya Azərbaycanı ələ keçirmək üçün həm daxildəki kommunistlərdən, həm də Qarabağdakı ermənilərdən istifadə etdi.
Beləliklə, ermənilərin növbəti üsyanı oldu və Azərbaycan Ordusunun böyük qismi bu üsyanı yatırtmaq üçün Qarabağa göndərildi. Ona görə də Bakının müdafiə edilməsində çətinlik yarandı. Amma xoşbəxtik ki, hazırda həmin Cümhuriyyətin hüquqi varisiyik. Ərazi bütövlüyümüzü təmin etmişik və bu il Cümhuriyyət gününü qalib dövlət olaraq qeyd edirik”.