Türkoloq-alim: Novruzun TDT çərçivəsində qeyd edilməsi bütün türk xalqlarının birləşməsi üçün mühümdir

Novruz bayramının TDT çərçivəsində qeyd edilməsi barədə Katibliyə tapşırıq verilib.
Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamədə qeyd olunub.
“Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir”, - qeyd edilib.

AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli Sherg.az-a deyib ki, Novruz bayramının TDT çərçivəsində qeyd edilməsi təqdirəlayiqdir:

"Bu, əslində qədim türk xalqlarının ortaq bayramıdır. Doğrudur, digər millətlər də Novruzu qeyd edir. Lakin tarixə nəzər salsaq, türk xalqlarının var oluşundan günümüzə qədər Novruz adlandırdığımız yaz bayramı hər zaman təntənə ilə keçirilir. Həmçinin Səlcuqlardan Məlikşah bu bayramı rəsmi şəkildə dövlətin rəsmi bayramı elan etmişdi. Novruz bayramını türklərin qurtuluşu, insanlıq, həmrəylik və ədalətin simvolu adlandıra bilərik. Bu baxımdan Novruz bayramının TDT çərçivəsində qeyd edilməsi bütün türk xalqlarının birləşməsi üçün mühüm addımdır. Eyni zamanda gələcəkdə də bu kimi ortaq addımlar atmaqla türk xalqlarının əbədi birliyi möhkəmlənəcək".