Məktəbli yarmarkalarına nəzarət edilməlidir: Ləvazimatların çoxu keyfiyyətsizdir - PROBLEM

Ekspert: "Ölkəyə gətirilən məktəbli ləvazimatlarının 85-90 faizi Asiya ölkələrinin, əsasən də Çinin istehsalıdır"



“Valideynlər məktəb yarmarkalarından bazarlıq edərkən ehtiyatlı olmalıdır. Ucuzdur deyə, üstünlük verib aldıqları keyfiyyətsiz məhsullar uşaqların səhhətində problemlər yarada bilər”. Bu sözləri “Şərq.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli dedi. N.Cəfərli qeyd etdi ki, bir neçə gündür şəhərin müxtəlif yerlərində, metrostansiyaların yaxınlığında “Məktəbli yarmarkaları” açılıb.
Bura əsasən topdansatış məntəqələrində məhsullar gətirilir, lakin keyfiyyət barədə müsbət söz deməyə əsas yoxdur. Çünki bu mal və məhsulların keyfiyyəti, standartlara nə dərəcə uyğun gəldikləri yoxlanmır. Məktəbli ləvazimatları uşağın birbaşa təmasda olduğu əşyalardır. Dəftərlər, qələmlər, xətkeş, pozan, su qabı, termoslar... əgər keyfiyyətsiz xammaldan istehsal olunubsa, uşaqların səhhətində problem yarada bilər. İqtisadçı qeyd etdi ki, əlaqədar təşkilatlar məktəb yarmarkalarında mütləq monitorunqlər aparmalı və satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etməlidirlər:
- Valideynləri anlamaq çətin deyil. Valideyn çalışır, cibinə, büdcəsinə uyğun bazarlıq etsin. Bəziləri şəhər kənarına – Binə, Sədərək ticarət mərkəzlərinə gedir. Oralara getmək imkanı olmayanlarsa, çalışır, yarmarkalardan münasib qiymətə bazarlıq etsin. Əlbəttə ki, yarmarkalara nisbətən topdansatış mərkəzlərində qiymətlər daha ucuzdur, amma yarmarkalardakı qiymətlər də ixtisaslaşmış mağazalara nisbətən ucuzdur. Çünki mağazalar vergi ödəyicisidir, işçi qüvvəsi, əmək haqqı və sair məsələlər var, qiymətləri ucuzlaşdıra bilmirlər. Yarmarkalar sərfəlidir, lakin keyfiyyətə nəzarət edilərsə. 
N.Cəfərli hazırda ölkəyə gətirilən məktəbli ləvazimatlarının 85-90 faizinin Asiya ölkələri, əsasən də Çin istehsalı olduğunu, yalnız 10-15 faiz məhsulun Türkiyədən gətirildiyini bildirdi
Sovet illərində mövcud olan keyfiyyətli dəftər-qələmlərin düzəldildiyi ağacların isə artıq uz8un illərdir ki, xammal olaraq Avropa ölkələrinə satıldığını və Rusiyada məktəb ləvazimatı istehsalının “0” olduğunu dedi: Təsəvvür edin ki, Rusiyanın ucsuz-bucaqsız meşə təsərrüfatı Finlandiyaya taxta ixrac edir. Finlandiya isə o taxta xammalından gözəl məktəbli dəftərləri istehsal edib Rusiyaya satır. Sankt-Peterburqda görmüşəm o dəftərlərdən".