Ali məktəblərə qəbul planı 91 faizdən çox dolub


Dövlət İmtahan Mərkəzi (DIM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə bağlı məlumatları açıqlayıb.
DİM-dən verilən məlumata görə, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. I mərhələdən sonra isə ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunmuşdu. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 idi.
Beləliklə hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480 (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.
Qeyd edək ki, tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100faizdən, 20 ali təhsil müəssisəsində 90 faizdən, 9 ali təhsil müəssisəsində 80 faizdən çox dolub.