Dövlət bütün imkanları yaradıb

5 yaşlıların kütləvi surətdə məktəbə cəlb olunmasına ekspert necə baxır?

Kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu il 120 minə yaxın 5 yaşlının məktəbə cəlb olunacağını bildirib. Verilən məlumatda qeyd olunur ki, 2020-ci ilədək nəinki paytaxtda, hətta ən ucqar kəndlərdə də 5 yaşlıların 90 faizinin məktəbə hazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən hər cür imkan yaradılıb. Ümumi hesablamalara görə, 5432 qrupda məktəbəhazırlıq təlimi keçiləcək. Bu hədəfə çatmaq üçün atılan addımlardan biri də onlayn qeydiyyatın aparılmasıdır ki, nəticədən göründüyü kimi dövlət istəyinə nail olur.

5 yaşlıların kütləvi surətdə məktəbə cəlb olunmasına ekspert necə baxır?



Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirdi ki, məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər:
 
- Məktəbə hazırlıq qruplarının nəticələrini təhlil edəndə görürük ki, bu pilləni bitirənlər arasında məktəbə hazırlıqlı gələnlərin sayı ildən-ilə artır. Orta məktəblərdə həyata keçirilən məktəbə hazırlıq qruplarında apardığımız araşdırmalar göstərdi ki, uşağın məktəbə hazırlanması özündə iki vəzifəni birləşdirir: uşağın hərtərəfli (fiziki, əqli, mənəvi, estetik) inkişafına hazırlıq və məktəbdə öyrənəcəyi fənlərin mənimsənilməsinə xüsusi hazırlıq. Uşağın məktəbə hazırlanması bu gün iki baxımdan xüsusi əhəmiyyət kəsb edir: 1) Təcrübə göstərir ki, I sinifdə uşaqların böyük bir qisminin müvəffəqiyyətlə təhsil ala bilməməsi, sonrakı siniflərdə geridə qalmaları onların məktəbəqədər dövrü baxımsız keçirmələri, təlimə hazırlıq üzrə ilkin vərdişlərə yiyələnmələri ilə bağlıdır. 2) Yaxın keçmişdən fərqli olaraq hazırkı dövrdə I sinfə qəbul 6 yaşdan başlandığından məktəbə hazırlıq yaşı bir il aşağı salınaraq, 5 yaş edilib.

Beşyaşlıların məktəbə hazırlanması artıq hazırlığın məzmunu, formaları, metod və priyomlarında böyük dəyişikliklərin aparılmasını tələb edir. Vacib bir məqamı qeyd edim ki, 5 il bundan əvvəl 170.000-dən artıq beşyaşlının yalnız 15-16 faizi uşaq bağçalarına çəlb edilib. Amma 2016-cı ildən etibarən Təhsil Nazirliyinin gördüyü məqsədyönlü iş sayəsində bu rəqəmdə ciddi şəkildə artım müşahidə olunur. Əvvəlki illərdə beşyaşlıların ən yaxşı halda 84-85 faizi içtimai tərbiyə müəssisələrindən kənarda qalırdısa, indi bu rəqəm müsbətə doğru 180 dərəcə dəyişib. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır.

Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. 

K.Əsədov qeyd etdi ki, artıq 2 ildir, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur.


Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşırdı. Bu gün ibtidai siniflər üzrə demək olar ki, Bakı şəhərinin bütün orta məktəblərində bir sinifdə şagirdlərin sayı 35 nəfərdən çoxdur. Bu əlbəttə ki, keyfiyyətə ciddi təsir göstərir.

Çünki 45 dəqiqə ərzində müəllim bütün şagirdləri öyrədə, onların bilik və bacarıqlarını yoxlaya bilmir. Cari tədris ilindən təkcə məktəbəqədər və ibtidai siniflərə yox, eyni zamanda V siniflər üçün liseylərə qəbulun da mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi şagird sıxlığının aradan qalxmasına və ərazi üzrə yerləşdirmənin tam şəkildə həyata keçirilməsinə müsbət təsir edəcək.

Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur.

Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir. Vacib bir məqamı qeyd edim ki, məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. 

Xatırladım ki, Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur.

Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilər.