Şahin Sərdarlının təklifi DƏSTƏKLƏNDİ: “...Tərəfdarıyam”


Şahin Şərdarlı:"Təhsil haqları ilə bağlı yaranan problemlər İcbari Təhsil Sığortası məsələsini gündəmə gətirir"

Vahid Əhmədov: “Təhsil haqlarının kifayət qədər yüksək olması ilə mən də razılaşıram. Tələbələr oxuya bilmirlər. Belə faktlar olduqca çoxdur”

Kamran Əsədov: “Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər çox böyük çətinliklər çəkirlər” 



Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, yazıçı-jurnalist Şahin Sərdarlı tələbələrin təhsil haqqı problemi ilə bağlı olduqca faydalı təklif irəli sürüb. Komitə sədri ölkəmizdə İcbari Təhsil Sığortasının gerçəkləşməsi təşəbbüsü ilə çıxış edib. 

Onun sözlərinə görə, son illər universitetlər də təhsil haqqı problemi ilə ciddi şəkildə üz-üzə dayanır:

“Təhsil haqqı ödənişi edə bilməyən tələbələr əksər vaxtlar imtahanlara buraxılmır.Çox vaxt da təhsillərini dondurmağa məcbur qalırlar. Bəs nə etməli?  Bu problemlər İcbari Təhsil Sığortası məsələsini gündəmə gətirir. Universitetə ödənişli qəbul olan hər bir tələbənin (imtiyazlı tələbələr istisna) təhsilini sığortalaması həm onların, həm də universitetin işini asanlaşdırmış olar. 
Sığorta fondunda toplanılmış məvaciblə də komissiya tərəfindən təhsil xərclərinin qarşılanması nəzərdə tutulan tələbələrin ödənişləri həyata keçirilər. Hazırda biz İcbari Təhsil Sığortası layihəsi üzərində işləyirik. İnanıram ki, bu layihə də təhsil haqqı problemlərinin həllinə öz töhvəsini verə bilər”.

Təklifi dəyərləndirən millət vəkili Vahid Əhmədov “Sherg.az”a bildirib ki, parlamentdə “Təhsil kreditləri haqqında” qanun layihəsi var:

“Mən və Əli Məsimli bir neçə il bundan öncə belə bir qanun layihəsini hazırlayıb Milli Məclisə vermişdik. Layihə Parlamentin müvafiq komitə iclasında müzakirə olunduqdan sonra bankla əlaqədar müəyyən məsələlər çıxdığı üçün saxlanıldı. Daha sonra isə Milli Məclisin gündəliyinə çıxarılmadı.

Təhsil haqlarının kifayət qədər yüksək olması ilə mən də razılaşıram. Tələbələr oxuya bilmirlər. Belə faktlar olduqca çoxdur. Ona görə də təhsil kreditləri və İcbari Təhsil Sığortasının verilməsinin tərəfdarıyam”.


Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır. 

Ekspert qeyd edib ki, onların 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına oxuyur:

“Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır.

Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır. 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə , yəni 1-2 faiz olur”.

K.Əsədov söyləyib ki, tələbə kreditləri konstitutsiyanın tələblərinə ziddir:

“Belə ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir. Satistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. 

Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər çox böyük çətinliklər çəkirlər”. 

Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə tələbələrə güzəştli kreditlərin verilməsi mövcud deyil:

“Olan da maarifçi kreditdir. O da özəldir və büdcəsi yoxdur. Hazırda dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Təssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir.

Hətta qardaş Türkiyədə tələbələrə verilən yaşıl kart vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibidir. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Bu şəbəkə biznesi adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə "Yaşıl kart” verilir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər.

Bu güzəştlər ictimai nəqliyyatda və s.yerlərdə endirimlər daxildir. Təəssüf ki, həyata keçirilən belə tədbirlər regionlarda yerləşən ali məktəb, peşə-ixtisas təhsili məktəblərinə şamil edilmir. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Amma Bakıda universitet tələbələrinə şamil edilməsi belə layihələrin çatışmazlığıdır. Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım olar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər”.