Qaranlıq və şübhəli məqamlar var: İndi də məktəbli formaları ilə "alver" etməyə başlayıblar


Məktəb direktorunun, yaxud tədris hissə müdirinin, müəllimin nə haqqı var valideyni hansısa mağazaya yönləndirməyə və yaxud ondan çek tələb etməyə?



Dərslərin başlanmasına sayılı günlər qalır, valideynlərin 1 nömrəli problemi yenə də məktəbli formalarıdır. Əslində, məktəbli formaları ilə bağlı gərək heç bir problem olmasın. Çünki vahid məktəbli forması təsdiq edilib, satış mərkəzləri də bəllidir. Nə olmasa da, bazar, yarmarka, alış-veriş mərkəzindən boluq. 
Bəs problem nədən yaranır? Məsələ burasındadır ki, bəzi məktəb direktorları özlərini “padşah” sayır və valideynlərə məktəbli formasını alacaqları ünvanı diktə edirlər; filan mağazadan gedin alın. Soruşan lazım niyə? Valideyn məgər övladına keyfiyyətli, uyğun məktəbli forması seçməkdə acizdir ki, direktorun, direktor müavininin göstərişi ilə hərəkət etsin? Hələ bəzi məlumatlara görə, məktəb direktorları alınmış məktəbli formalarının çekini də tələb edirlər, “əşyayi-dəlil” kimi.       

Məktəbli formalarının yalnız BTE-dən alınmasını iddia edənlərə isə Təhsil Nazirliyindən cavab verilib. Vəziyyəti araşdıran TN bildirib ki,   
son vaxtlar məktəbli formaları ilə bağlı bir çox şikayətlər daxil olur. Şikayətlərdə bildirilir ki, məktəb tərəfindən valideynlərin forma almaqları üçün xüsusi olaraq tapşırıqlar verilir.
Bununla bağlı olaraq Lent.az-ın sorğusuna Təhsil Nazirliyindən cavab gəlib: "Məktəbli formalarının haradan alınması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Valideynlər övladları üçün bazara çıxarılan məktəbli formasını seçməkdə sərbəstdirlər”. Qeyd edək ki, Bakı Tikiş Evinin tikdiyi 1-6-cı siniflər üçün məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir.
Bundan başqa bir çox ticarət obyektlərində müxtəlif qiymətə, fərqli keyfiyyətdə və   üzərində “BTE” nişanı olmayan məktəbli formaları da satılır. Bu məktəbli geyimlərinin qiymətləri qızlar üçün 33-45 manat, oğlanlar üçün isə 35 - 45 manat aralığında dəyişir.

Əməkdar müəllim Almaz Həsrət «Şərq»ə açıqlamasında belə bir yanaşmanı anormal adlandırdı:

- Maraqlı məsələdir. Nəyə görə valideyn məktəbə çek təqdim etməlidir?! Bu, anormallıqdır. Mən bunu qanunsuz bir yanaşma kimi qeyd edirəm. Məktəbin - məktəb direktorunun, yaxud tədris hissə müdirinin, müəllimin nə haqqı var valideyni hansısa mağazaya yönləndirməyə və yaxud ondan çek tələb etməyə? Belə bir yanaşma, şəxsən məndə bir sıra şübhələr yaradır. Bəlkə o məktəb satış mağazası ilə qarşılıqlı, gizli bir «memorandum» imzalayıb ki, valideynləri məhz o mağazaya yönləndirəcəklər? Yaxud, mağaza ilə məktəb arasında gizli bir əməkdaşlıq var, müqavilə şərtləri ilə işləyirlər. Bu, bəzi həkimlərin, müalicə mərkəzlərinin dərman firmaları ilə müqavilə bağlamasına oxşayır. Satılan dərmanların müqabilində həkimə, müalicə müəssisəsinə faiz verilir. Belə hallar, təəssüf ki, baş verir. İndi də məktəbli forması ilə «alver» etməyə başlayıblar?! Məktəbli forması elə bir vasitədir ki, onsuz da alınır. Kim övladını məktəbli formasız dərsə yola salır? Onsuz da alınacaq bir əşya üçün belə yersiz canfəşanlıq normal təhsil aurasına yaddır.

A.Həsrət qeyd etdi ki, məktəb rəhbərliyinin valideynləri hansısa konkret mağazaya yönləndirməsi yolverilməzdir:

- Valideyn məktəbli formasını istənilən satış mərkəzindən ala bilər. Heç bir məktəbin haqqı yoxdur ki, valideyni məcburən hansısa satış mərkəzinə göndərsin. Məktəbli formalarını istehsal edən Bakı Tikiş Evi satış mərkəzləri barədə məlumat verir. Hamı da bilir ki, məktəbli formaları harada satılır, qiyməti neçəyədir. Sadəcə, vətəndaşlarımız bir qədər ayıq-sayıq olmalı, möhtəkirlərə meydan buraxmamalıdırlar. Hər zaman da bildirilir ki, məktəb alış-verişinə bir az erkən başlamaq lazımdır. Çünki dərslərin başlamasına az müddət qaldıqca məktəb ləvazimatı almaq da çətinləşir. Məktəbli formaları da müəyyən sayda istehsal olunur. Hamı həmişə istədiyi, axtardığı ölçünü tapa bilmir. Məktəbə hazırlıq nə qədər erkən başlasa, bir o qədər xeyirlidir. Qaldı ki, alınan məktəbli formasına görə çeki tələb edən məktəbə, hesab edirəm ki, bu xəbəri yayan şəxs heç nədən çəkinmədən məktəbin nömrəsini bildirməlidir. Çünki burada artıq qaranlıq və şübhəli məqamlar var. Bununla Təhsil Nazirliyi də, hüquq-mühafizə orqanları da, vergi sistemi də ciddi məşğul olmalıdır.