“Beş mindən çox müəllim 1000 manatdan yüksək maaş alır” - Nazir


Müəllimlərin son əməkhaqqı artımından sonra ümumtəhsil sistemində çalışan 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb.

"Sherg.az" bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, indiyədək ölkə üzrə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əmək haqları 2 dəfə artırılıb.

C.Bayramov qeyd edib ki, təhsil sistemində əməkhaqqının artımı davamlı və sistemli xarakter daşıyır:

"Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5 mindən artıq müəllimin bu artımdan sonra əməkhaqqı 1000 manatdan çox təşkil edir".