Müəllimlərin öz şagirdlərinə dərsdən sonra repetitorluq etməsi ciddi məsələdir
“Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesabına imtahanlara müstəqil hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”.
Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında deyib.
Nazirin sözlərinə görə, qarşıda duran vacib məsələlərdən biri bütün məktəblərdə tam orta təhsil səviyyəsində keyfiyyətli təhsilin təmin edilməsidir: "Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Əfsuslar olsun ki, elə təhsil müəssisələrimiz var ki, onlar bu işi lazımi səviyyədə təmin və təşkil edə bilmirlər. Bu, bir çox məqamlarla özünü təsdiq edir".
C.Bayramov qeyd edib ki, təhsil qanunvericiliyində edilmiş son dəyişikliklər bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaradıb. Bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var:
"Eyni zamanda, şagirdlərin təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi, məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur. Bir çox yerlərdə çətinliklər nəzərə alınaraq, təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir".
Azad Müəllimlər Birliyinin sədri, təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü “Şərq”ə açıqlamasında problemdən çıxış yolunu göstərdi:
- Bu, problemli mövzudur. Peşəsinə qeyri-ciddi, səhlənkar yanaşan, dərsə ayırmalı olduğu zamanı boşuna sərf edən müəllimlərimiz təəssüf ki, var. Bunun da ağırlığını şagirdlər çəkir, tədris proqramını yetərincə mənimsəyə bilmirlər, valideyn məcburiyyət qarşısında qalıb övladına əlavə müəllim tutur. Və çox maraqlıdır ki, bir çox hallarda sinif müəllimləri öz şagirdlərinə dərsdən əlavə repetitorluq edir.
Bu yaxşı, bacarıqlı, peşəkar müəllimdirsə, dərs saatı ərzində proqramı niyə şagirdlərə öyrədə bilmir?! Problemi aradan qaldırmaq üçün nə etmək lazımdır, əsas məsələ budur. Hesab edirəm ki, bu, Təhsil Nazirliyinin təkbaşına öhdəsindən gələ biləcəyi iş deyil. Mən artıq təklif etmişəm ki, Təhsil Nazirliyinin strukturları, TN-də yaradılmış İctimai Şura üzvləri, valideyn və şagirdlərdən ibarət çoxtərəfli proqram hazırlanmalıdır.
Məktəblərdə monitorinqlərə başlansın, pilot layihə kimi ilkin mərhələdə 5-10 məktəb seçilə bilər. Monitorinqlər nəticəsində vəzifəsinə ciddi yanaşmayan, dərs saatında dərsdənkənar işlərlə məşğul olan səhlənkar müəllimlər aşkarlansın. Problemin kökünü bu yolla kəsmək olar. Belə fakt bilirəm ki, liseylərin birində şagirdlər, valideynlər müəllimdən imtina etmişdilər.
Məlum məsələdir ki, uşaqlar məktəbdə baş verənlər barədə evdə danışırlar. Valideyn məktəbdəki, sinifdəki vəziyyətdən, uşağın hansı müəllimdən razı, hansından narazı qaldığını bilir. Demirəm, uşaqların rəyi ilə kor-koranə razılaşmaq lazımdır. Uşaqlar müxtəlif səbəblərdən bu və ya digər müəllimi sevməyə bilər. Ona görə də dəqiq monitorinqlər aparılmalıdır.
Və valideynlərin, şagirdlərin rəyi də öyrənilməlidir. Bu məsələdə valideyn və şagirdlərin aktivliyi böyük əhəmiyyət daşıyır. Məktəblərdə “Məktəbin dostu” layihəsi icra olunur. Layihə iştirakçıları da müəllimlərlə bağlı monitorinqlərdə iştirak etməlidir.
Yoxsa, nazirlikdən, ya da Təhsil İdarəsindən, şöbədən müfəttiş gəldi, bir müəllimin bir dərsində əyləşdi, getdi, bununla biz istədiyimiz nəticəyə nail ola bilmərik. Məhz bu problemlə bağlı “inbox”uma nə qədər şikayətlər daxil olur. Ona görə də mən bu problemin həqiqətən ağır olduğunu bilirəm. Amma həlli mümkündür. Əgər birgə iş aparılarsa.