Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb. Təhsil Nazirliyinin təklifi əsasında “Təhsil haqqında qanun”na psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib.
Qaydalar layihəsi parlamentə təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir.
Təəssüf ki, bu gün orta məktəblərdə mövcud olan psixoloji xidmət ürəkaçan deyil. Bu iş formal xarakter daşıyır. Məktəblərin hazırlıqlı psixoloqlarla təmin edilməsi üçün yetərincə mütəxəssis yoxdur. Belə olan halda hazırlanacaq yeni qaydalar layihəsi nə dərəcədə effektiv ola bilər?
Layihənin gələcək perspektivi barədə “Sherg.az”a danışan psixoloq Azad İsazadə bildirib ki, məktəblərdəki psixoloqlar imkan daxilində hansısa işi yerinə yetirirlər.
Psixoloq qeyd edib ki, əsasən psixoloqların iş keyfiyyətindən söhbət getməlidir:
“Məktəb psixoloqunun statusu ən azı müəlliminin statusuna bərabər olmalıdır. Məktəblərdəki psixoloqların sayı çoxalmalı, maaşları gördükləri işə bərabər olmalıdır. Ən əsası isə Təhsil Nazirliyi psixoloji işi aparmaq üçün vahid tövsiyələr hazırlamalı və psixoloqlar eyni proqramla işləməlidir. Bu gün məktəb psixoloqu universitetdə nəyi öyrənibsə, ya haradasa kurs keçib hansısa metodikanı tapırsa, onu da istifadə edir. Nazirliyin tərkibində hansısa psixoloji laboratoriya ya psixoloji şöbə vahid proqram tərtib etməlidir ki, bütün psixoloqlar eyni proqramla işləsin. Bu zaman psixoloqun üzərinə böyük yük düşməz”.
A.İsazadənin qənaətincə, konkret olaraq bir psixoloqun neçə uşaqla məşğul olması müəyyənləşməlidir:
“300 nəfərlik məktəb olduğu kimi 1000 nəfərlik məktəb də var. Psixoloq da insandır. O, maksimum 50-100 nəfərlə məşğul ola bilər Çünki psixoloq yalnız uşaqla yox, müəllim və valideynlə də işləməlidir. Deməli, psixoloqun üzərinə düşən yük və şagirdlərin sayını hesablayanda onun işinin ağır olduğu məlum olur. Elə məktəb var ki, orada 10-15 psixoloq, eləsi də var ki, 45 psixoloq işləməlidir. Lakin bugünkü reallıq ondan ibarətdir ki, məktəblərimizdə 1-2 psixoloq tapılar ya yox”.