“Şagirdləri ayrı-ayrı peşələrə yönəltmək vacibdir” – EKSPERT 


“Azərbaycan orta məktəblərində X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır”.

Bu barədə təhsil naziri Ceyhun Bayramov bildirib. 

Nazir qeyd edib ki, ilkin olaraq müxtəlif  bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq:

“Növbəti tədris ilində ilk dəfə olaraq 6 mindən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək”.


Peşə təmayül siniflərinin fəaliyyətə başlamasının vacib olduğunu deyən təhsil üzrə ekspert Nadir İsrafilov “Sherg.az”a  söyləyib ki, bu addım şagirdlərin müəyyən peşəyə yönəlməsini xeyli sürətləndirəcək.

Ekspertin qənaətincə, ümumtəhsil məktəblərin vəzifəsi hərtərəfli, şəxsiyyət yönümlü vətəndaş yetişdirməkdir:

“Lakin mental dəyərləri önə çəkərək elə bir təsəvvür yaradıblar ki, orta məktəb ancaq müəyyən bilik verməlidir və bu bilik əsasında şagird gedib ali məktəblərə daxil olmalıdır. Ona görə də hazırda bilik uğrunda, sanki, yarış aparılır. Amma dünya təcrübəsi göstərir ki, bilik nə qədər vacib olsa da, təkcə biliklə kifayətlənmək olmaz.

Hazırda dünyanın ən aparıcı ölkələri peşələrə yiyələnmək sahəsində müəyyən uğurlara imza atıblar. Ona görə də peşə yönümlü məsələlər ən vacib amillərdən biridir. Bu prosesin əsası orta məktəbdən qoyulmalıdır.

Şagirdləri ayrı-ayrı peşələrə yönəltmək vacibdir. Artıq orta məktəbi bitirəndə şagird, sadəcə, bilik əldə etməklə kifayətlənməli deyil, eyni zamanda müəyyən peşə bacarıqları olmalıdır”.