Ailədə iki uşaq təhsil alırsa, vəziyyət çətindir - TƏHSİL HAQQI PROBLEMİ

Təhsil haqqı əhalinin yaşayış minimumuna uyğun olmalıdır




Təhsil naziri Ceyhun Bayramov  ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmlərinin müzakirə edildiyini deyib. Nazir bildirib ki, təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir, amma yeganə dəstək forması deyil: "Əlavə dəstək mexanizmləri üzərində hazırda iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək".
Qeyd edək ki, ödənişli ixtisaslar üzrə təhsil haqlarının yüksək olması səbəbindən, həqiqətən də bir çox abituriyentlər ali təhsil almaq arzularını reallaşdıra bilmir.    

Baxmayaraq ki, Azərbaycan dövləti bəzi kateqoriyadan olan vətəndaşlar üçün güzəştli şərtlər tətbiq edir, məcburi köçkün statuslu tələbələr, şəhid ailəsi statusu almış ailənin üzvü, müharibə əlillərinin övladları, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan vətəndaşlar və c. təhsil haqqından azaddır. Lakin bir sıra ali təhsil müəssisələrində təhsil haqlarının yüksək olması, bir çox gəncin arzusuna çatmasına mane olur. 
Gənclərin ali təhsil almasına kömək edəcək dəstək mexanizmləri nədən ibarət ola bilər. 



Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında bu suala birmənalı cavab verməyin mümkün olmadığını dedi: 

"Elə təhsilverənlər var ki, orada həqiqətən elm öyrədilir, tələbə biliklərə yiyələnir. Amma elə “təhsilverənlər” də var ki, bilikdən başqa nə desən “öyrədir”. Məsələn, hazırda bizdə ən bahalı fakültələr, ixtisaslar həkimlikdir, hüquq və beynəlxalq hüquq ixtisaslarıdır. Bu ixtisaslarda dövlət hesabına təhsil almaq çox çətindir. Çünki dövlət plan yerləri az qoyulur, keçid balı isə ən yüksək olur. Özəl ali məktəblərdə müəyyən qədər təhsil bazarı olmalıdır, amma aşağı və yuxarı hədd müəyyən edilməlidir. Bunu da dövlət təyin etməlidir. Yoxsa hər kəs kefi istədiyi qiyməti təyin etməməlidir. Bu gün ali məktəblərdə dövlət plan yerlərinin dolmamasının başlıca səbəbi təhsil haqqının yüksək olması ilə bağlıdır. Təhsil haqqı əhalinin yaşayış minimumuna uyğun deyil. Halbuki, təhsil haqqı yaşayış minimumu ilə mütənasib olmalıdır. Təhsil haqqı elə müəyyən edilməlidir ki, ailənin gündəlik tələbatına da çatsın, təhsil haqqının ödənməsinə də. Ailədə bir deyil, 2 uşaq ali məktəbdə ödənişli təhsil alırsa, orta aylıq qazancla bunu necə təmin etmək olar? Təhsil haqları yüksək olduğundan bir ailədə yalnız bir uşağın təhsil haqqı ödənə bilir. Ona görə də bir çox ailələr övladlarına ali təhsil verə bilmir".

N.Qulamoğlu tələbələrə dəstək mexanizmlərinin dəqiq işlənməli olduğunu dedi: 

"Bu məsələdə bir çox vasitələrdən istifadə etmək mümkündür. Təhsil haqları təhsilin keyfiyyətinə görə də təyin edilə bilər, amma söhbət həqiqi keyfiyyətdən gedir. Təhsil haqlarının tədris ili boyunca ödənməsi də mümkündü. Niyə abituriyent ali məktəbə qəbul sevincini yaşamamış, ali məktəblə tanış olmamış ödəniş haqqında düşünməlidir? Ali məktəblər dərslər başlamamış ödəniş edilməsi şərti qoymamalıdır. Bu, abituriyenti ali məktəbdən asılı vəziyyətə salır. Problem həm də bundan yaranır ki, bizim ali təhsil müəssisələri sırf tələbə ödənişləri hesabına “yaşayır”. Ali məktəblərin başqa heç bir gəlir mənbəyi yoxdur ki, özünü maliyyələşdirsin, üstəlik, tələbələrə də yardım göstərsin, onlara dəstək olsun".