Baş nazir Əli Əsədovun qərarı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi, Respublika Elmi-Pedaqoji Kitabxanası Təhsil İnstitutuna birləşdirildi. Qeyd edək ki, əslində bu Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 17-də imzaladığı fərmanla həyata keçirilib. Həmin fərmanla Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib.
Təhsil eksperti Kamran Əsədov baş nazirin qərarını Lent.az -a şərh edib: “Mənə görə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) yaradılanda qarşıya qoyulan heç bir hədəfə çatmadı, məqsədə nail olmadı. Bu institut ancaq Müəllimlərin İşə Qəbul (MİQ) və Diaqnostik Qiymətləndirmə (DQ) imtahanlarında və müəllimlərə mənasız təlimlər keçirib sertifkartlar paylayanda görürdük. Baş nazirin verdiyi qərar olduqca mütərəqqidir. Çünki Təhsil İnstitutu Təhsil Nazirliyinin hərəkətverici quvvəsinə çevrilməkdədir. Artıq təhsilə bağlı müxtəlif adlarla fəaliyyət göstərən bütün qurumlar ona birləşdirildi. Ümid edirəm ki, bundan sonra Təhsil Nazirliyinin aparatı təhsilin idarə edilməsi, Təhsil İnstitutu isə təhsilin məzmunu ilə məşğul olacaq. Çünki bu istiqamətdə ciddi boşluq və problemlər mövcuddur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu fəaliyyəti dövründə müəllimlərin peşəkarlıq imkanlarlnln genişləndirilməsi istiqamətində ciddi bir iş görmədi. Onların saytında təhsilə aid heç bir məzmunlu məqaləyə rast gəlmədim.
Məlumdur ki, təhsilin məzmunu ilə bağlı ortaya çıxan bütün məsələlər, hətta ehtimallar belə təhlil edilməli, yeniliklər tətbiq edilmədən öncə sınaqdan çıxarılmalıdır. 2016-cı ildə qədər Təhsil Problemləri İnstitutu həmin ildən Təhsil İnstitutu adlandırılıb. Adı çoxdan dəyişsə də, hələ də çoxları onu elə Təhsil Problemləri İnstitutu kimi tanıyır. Təhsil İnstitutunun da təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirakçı bir qurum olaraq fəaliyyəti adından daha əhəmiyyətlidir. Çünki Təhsil İnstitutu fasiləsiz fundamental və tətbiqi tədqiqatlar həyata keçirməyə, təhsilin bütün pillələri üçün məzmun hazırlamağa, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi sahəsini, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktiki məsələləri araşdırmağa məsul bir elmi-tədqiqat müəssisəsidir. Amma onların da 3 illik fəaliyyəti dövrndə ciddi bir işlərini gömədik”.
K.Əsədov bildirib ki, 3 ildən çoxdur adı dəyişdirilən institut Təhsil Nazirliyinin qoşması kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda bu institutun işi, tədqiqatı, araşdırması yoxdur: “Təşəbbüskarlıqlarını görmürəm. Son 5 ildə təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Böyük yenilik və rezonansla müşayiət olunan həmin islahatlara başlamadan öncə Təhsil İnstitutunda təhlil aparılmalı idi. Amma bunların heç biri baş vermir. Hazırda metodik vəsaitlər və təhsilin idarəçiliyinə lazım olan vəsaitlərin verilməsində ciddi problemlər var. İstər məktəbəqədər təhsil müəssisələrində, istər orta, istərsə də ali məktəblərdə ümumi mərkəzdən təhsil materiallarının idarə olunması, aparılan elmi-tədqiqat işləri ilə bağlı ciddi qüsurlar var. Ümid edirəm ki, uzun müddətdir rəhbərsiz, direktorsuz olan qurum bütün problemlərini həll edib təhsilin inkişafında rola, paya sahib olacaq”.